Vətənsevərlik dərsi günü

Vətənsevərlik dərsi günü
 

VƏTƏNSEVƏRLİK DƏRSİ GÜNÜ

Fazil Mustafa:

15 sentyabr. Bu gün məktəblərimizdə dərslər başlayır. Bu, attestat, diplom almaq üçün başlayan dərslərdir. Bilik almaq üçün başlayacaq dərslərə hələ çox var.

30 illik müstəqillik dövrümüzün bir qanayan yarasını, yəni Qarabağı əsasən sağalda bildik. Ancaq digər qanayan yaramız olan təhsili müqəddəs inanc yerinə çevirə bilmədik.

Vətən təhsili də Vətən torpağı kimidir, qorumadınsa, itirdinsə, bütün məmləkət əhli bunun suçlusudur. Kəsəsi deyək, təhsilimiz hələ də içimizi rahatladacaq səviyyəyə yetişmədi. Test kimi, Boloniya prosesi kimi mütərəqqi layihələri də səmərəli işlətməyə ağlımız yetərli olmadı və daha da gerilədik. Ona görə də "Bilik günü"ndən deyil, sadəcə Dərs günündən bəhs edəcəyəm. Hamımızın Dərs Günündən "dərs çıxarıb" təhsilimizin də Qarabağ kimi yenidən dirilişində rol almasını diləyirəm.

Bu gün həm də başqa bir dərs günüdür. 104 il öncə Bakı işğaldan azad olunub. O vaxt pərişan durumda olan Azərbaycanı və başkəndimiz Bakını böyük komutan Nuri Paşanın öndərliyində Qafqaz İslam Ordusu azad edib. Bu gün bizim üçün gerçək "Vətənsevərlik Dərsi Günü"dür.

1300-dən çox Anadolu kökənli türk əsgəri uzaq yolları adlayıb bizim məmləkətin azadlığa qovuşması üçün savaşaraq şəhid olub. O zaman da düşmənlərimiz indikinin eynisi idi. Bu 1300-dən çox şəhidin üstündə anaları-ataları ağlaya bilməyib, onları dəfn edən, o vaxt ağır-əziz edən, qayğılarına qalan dövlətimiz də olmayıb.

Onları varlı-kasıba da bölən nadanlar olmayıb, hamısına "Mehmetcik" deyiblər! Bir geri dönüb onların ruhunu salamlayaq. Dövlətin, müstəqilliyin, ordunun dəyərlərinin nə olduğunu bir daha xatırlayaq. Bu şəhidlərə görə acı, Vətən torpağı üçün savaşda isə qürurlu günlərimizdə yuyulub kəfənlənmək belə nəsibləri olmayan o şəhidlərimizə də, müstəqillik yolunda canını fəda etmiş bütün şəhidlərimizə də vəfa borcumuzu bir daha yaddaşımızda təzələyək. Qəzanız mübarək olsun Azərbaycanı bizə bəxş edən şəhid Mehmetcik və böyük komutan Nuri Paşa! Qəzanız mübarək onların bizə əmanəti olan Azərbaycanı ləyaqətlə qoruyan, canını fəda edən bu günün Azərbaycan Əsgəri!

Bu gün, əsl "Vətənsevərlik Dərsi günü"dür. 104 il öncə Bakını azad etmə qayğısını yaşayan xalq bu gün Vətənin sərhədlərində üç rəngli bayrağımızı dalğalandırır!

Paralel.az

0.013393878936768