Ərastun Oruclu:"Qılıcovların Tərtər qatili Xanlar Vəliyevlə qohumluq əlaqələri olduğu deyilir"
Tərtər qətliamı qurbanlarının bir hissəsi də heç bir cinayət törətmədən şər-böhtan, işgəncələr yolu ilə alınmış saxta şahid ifadələri və etiraflar əsasında uzun müddət (12 ildən ömürlüyədək) həbs cəzası alanlardır. Onların əksəriyyəti Tərtər Hərbi Məhkəməsi tərəfindən məhkum olunub.
Onların hamısının barəsində ilkin məhkəmə instansiyası tərəfindən çıxarılmış bütün saxta hökmlər dəyişdirilmədən sonda Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən qüvvədə saxlanılıb. Məsələn, mühakimə olunmuş 5 nəfərin qanunsuz cəzası həmin kollegiyada 11 aprel 2019-cu il tarixdə qüvvədə saxlanılıb.
Həmin məhkəmə heyətinin sədri və məruzəçisi hakim İlqar Qılıcov, məhkəmə heyətinin digər hakimləri isə İnqilab Nəsirov və Fərhad Əliyev olub. Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri Tərtər qətliamı zamanı işgəncələrə rəhbərlik etmiş SAT komandiri Cəfər Seyidovun atası Əziz Seyidovdur.
Tərtər hərbi məhkəməsinin sədri isə Əziz Seyidovun bacanağı, 1991-ci ildə SSRİ müdafiə nazirliyinin Moskva Hüquq İnstitutunu bitirmiş İlqar Quliyevdir. Maraqlıdır ki, İlqar Quliyev Tərtər hərbi məhkəməsinin sədri vəzifəsinə Tərtər qətliamı ərəfəsində, Əziz Seyidov isə Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri vəzifəsinə qətliamdan həmən sonra (avqust 2017) təyin olunublar.
Yuxarıda qeyd etdiyim Ali Məhkəmə heyətinə sədrlik etmiş və zəngin təcrübəyə malik olan İlqar Qılıcov da 1987-ci ildə Moskva şəhəri SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirmiş, SSRİ dövründə Alma-Ata və Gəncə qarnizonlarında hərbi prokurorluğun müstəntiqi vəzifəsində çalışmışdır.
Bunu da xatırladım ki, İlqar Qılıcov körpə Nərminlə bağlı məlum cinayət işində adı hallanan, vəzifə mövqeyinə (Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi) görə işin istintaqına heç bir aidiyyatı və səlahiyyəti olmadan İlkin Süleymanovu cinayətkar kimi təqdim etməkdə canfəşanlıq göstərən Kamal Qılıcıovun qardaşıdır.
Qılıcovların Tərtər qatili Xanlar Vəliyevlə sıx (o cümlədən də qohumluq) əlaqələri olduğu deyilir. Kamal Qılıcovun körpə Nərminin işindəki canfəşanlığının səbəblərinə gəlincə...
Bu barədə bir qədər sonra və daha ətraflı.
Paralel.az