Vətəndaş Məhsəti ana Baş Prokurora müraciət etdi
Azərbaycan Respublikasının Baş Prokuroru general Kamran Əliyevə
ƏRİZƏ
Mən Hüseynova Məhsəti Zakir qızı Sizə yazıb bildirirəm ki, oğlum Hüseynov İsmayil İntiqam oğlunu 17.05.2017-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları gecə saat 3 radələrində gəlib, "prezidentlə görüşə aparırıq" adıyla aldadıb aparıblar. Gələn şəxslər məni inandırıblar ki, oğlumun qəhramanlığına görə guya onu prezidentin görüşünə aparırlar.
Və beləliklə, oğlum geyinib hazırlandıqdan sonra ona məxsus bütün şəxsi əşyaları - fotolar və disklərini, kompyüter keysləri, notebook və fotoaparatını, kitab və qeyd dəftərlərini də götürüb oğlumu səhər saat 5.00 da evdən aparıblar.
Gələn şəxslər mənə dedilər ki, guya oğlumun başına ermənilər küllü miqdarda pul qoyublar deyə, onu düşməndən qorumaq məqsədilə gizli, heç kim bilmədən prezidentin görüşünə aparacaqlar. Onlar hətta dedilər ki, guya oğluma orada kabinet də veriləcək və işlə təmin ediləcək.
Evimə gələn şəxslər tez-tez belə bir ifadə səsləndirirdilər ki; "Belə oğullar Azərbaycana lazımdır...".
Bəli, sonra bizə məlum oldu ki, prezidentlə görüşə aparırıq adi ilə onlar oğlum Hüseynov İsmayilı birbaşa işgəncə məkanına aparıblar və insanlığa sığmayan işgəncələrə məruz qoyublar. Sonda şərləyərək 15 il azadlıqdan məhrum ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 17.12.2021-ci ildə yeni istintaq qrupu yaradıldı. Lakin, hələ də bu günə qədər oğlum Hüseynov İsmayil İntiqam oğlunun işinə qanunun tələb etdiyi kimi, ədalətli şəkildə baxan yoxdur. Heç kim bu məsələ ilə maraqlanmır. Onu əsas gətirirlər ki, sizin oğlunuz Şəmkir qarnizonunun hərbçisi olub və "Tərtər işi" ilə əlaqəsi yoxdur.
Yaxşı, əgər onlar dediyi kimidirsə o zaman sual yaranır. Oğlumun "Tərtər işi" ilə əlaqəsi yoxuydusa "Tərtər qətliamı" zamanı prezidentin adından sui-istifadə edərək, Ülvi Əhmədov və Fuad Ağayev adlı şəxslərin gecənin o vaxtında mənim evimdə, oğlumun yanında nə işi var idi? Oğluma nəyi əsas gətirib işgəncə veriblər? Əgər sübut yoxdursa niyə 15 il azadlıqdan məhrum ediblər?
Nəyə görə hərbi prokurorluq oğlumun video görüntüsünü "Tərtər işi" adı ilə yayıb? Nəyə görə oğlumla bir otaqda işgəncəyə məruz qalanı "Tərtər işi" olaraq istintaqa cəlb edib, zərərçəkmiş kimi qəbul edirlər, mənin övladımı isə bu işdən uzaq tutursuz? Bütün bu suallara cavab istəyirəm!
Sizcə erməniyə məxsus 1460 patronu, avtomatı, optik nişangahı, 2 darağı gətirib öz qulluq etdiyi hərbi hissəyə təhvil verən oğulu vətənə xəyanətlə suçlayarlar?
Hansı səbəbdən 2016-cı ilin tibbi ekspertiza rəyi yox, məhz 2018-ci ilin tibbi ekspertiza rəyi qəbul olunur?
Ədalət budur cənab Kamran Əliyev?
Hüseynova M.Z.
07.09.2022.
Paralel.az