Xalq şairindən ağır sözlər: “Ay qanmaz, “şafdalı” yox, şaftalı...”

Xalq şairindən ağır sözlər: “Ay qanmaz, “şafdalı” yox, şaftalı...”
 

 

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiyası keçirilib. Nəticələrdən məlum olub ki, müəllimlərin bir çoxu şaftalı, anbar, pambıq sözlərinin düzgün yazılışını bilmir. Bunu nazir Emin Əmrullayev də etiraf edib.

Mövzu sosial şəbəkələrdə gündəm olub. Belə ki, sosial şəbəkə istifadəçiləri fizika və riyaziyyat müəllimləri üçün sözün düzgün yazılış qaydasının vacib olmadığını bildiriblər. Hətta bu məsələni ictimailəşdirdiyi üçün naziri qınayanlar da var.

Mövzuya münasibət bildirən Xalq şairi Vahid Əziz Yenisabah.az-a açıqlamasında “ixtisasdan asılı olmayaraq hər kəs - istər riyaziyyat, istərsə də fizika müəllimi olsun - Azərbaycan dilində düzgün yazmağı və danışmağı bacarmalıdır” deyib:

“Cəmiyyətimizi korlayan əsas mənbə televiziyalardır. Prezidentimiz Azərbaycan dilinin qorunması haqda dəfələrlə çıxış etsə də, televiziyalar tərəfindən tam əksi icra olunur. “Eksklüziv”, “personal” və digər alınma sözlər dilimizdə qəsdən artırılır.

Azərbaycan dilini düzgün bilməyənlər üçün AzTV yeni proqram layihəsi hazırlamalıdır. Başa salmalıdır ki, ay heyvan, ay qanmaz, "şafdalı" yox şaftalı, "ambar" yox anbar, panbıq yox pambıq yazılmalıdır. Məsələni müzakirə etməyin mənası yoxdur. Konkret vaxt təyin edilməli, televiziya vasitəsilə maarifləndirmə işi aparılmalıdır. Bunu isə yalnız vətənpərvər bir aparıcı təşkil edə bilər.

Hər kəs prezidentin göstərişini gözləyir. Ağac əkin desə, ağac əkiləcək. Sonra isə su verin deməsini gözləyirlər. Ay ...(söyür), ağacı əkmisən, suyunu da ver!”

Xalq şairi müəllifi olduğu “Qoyun” şeirini sözügedən məsələyə uyğun gəldiyini bildirib:

Motal papaq qoyanda kaş,

Başımıza düşəydi daş,

Oxşamışıq yavaş-yavaş,

Sənə oxşamağa qoyun,

Alışdıq çomağa qoyun.

Yalnız yuxarıdan göstəriş gözləyirlər. Ə, elə də bunu. Axı sənin ağlına inanıblar vəzifə veriblər, maaş veriblər. Niyə camaatı maarifləndirmirsən?

Küçədə qalanları, “yubka”sını dizdən iki qarış yuxarı geyinənləri efirə çıxarıb sonra da əxlaqımız pozulur deyirlər. Ay ..., əxlaqı sən pozursan da! SSRİ dövrü artistlərin, müğənnilərin, aktyorların, aparıcıların geyimi və davranışı haqqında proqram verilirdi. İndi efirlərimizdə yaxasını açıb sinəsinə buz tökənlər var.

Bir müddət əvvəl maraqlı proqram var idi. Cibgirlərin necə oğurluq etdiyini öyrədirdilər. Qısa bir fraqmentini danışım: “Cibgir birdən-birə əlini cibinizə salmır, cibin astarını yavaş-yavaş yuxarı çəkərək istədiyiniz əşyanı götürə bilərsiniz”. Belə məmləkət olar? Bunun bir yiyəsi olmalıdır. Bu gün Azərbaycanda ideologiya adlanan şey yoxdur. Ona görə bu gündəyik.

Deyirdilər bunun səbəbi Əli Həsənovdur, Ramiz Mehdiyevdir. Hər ikisi vəzifədən getdi. Bəs, o birilərə niyə bir tədbir görülmür? Belə də etmək olmaz axı. Hər şeyin bir ölçüsü olmalıdır”.

Nəsimi Ələsgərli

Paralel.az

0.024412155151367