Baş Prokurorluqdan "Tərtər işi" ilə bağlı alqışa layiq addım
Ərastun Oruclu yazır:
Tərtər qətliamı ilə bağlı son günlər atılan addımlar arasında yeganə alqışlanmalı olanı Baş Prokurorluğun "Tərtər işi" çərçivəsində şərlənərək mühakimə olunmuş 19 nəfərlə bağlı Ali Məhkəməyə müraciətidir. Xatırladınm ki, 3 nəfəri saxta dövlətə xəyanət ittihamı ilə cəza çəkən həmin hərbçilər arasında ömürlük həbs cəzası alanlar da var. Qalanları təfərrüatdır və orda da çoxlu suallar var.
Öncə mühakimə olunanlar barədə, özü də təkcə "Tərtər işi" çərçivəsində yox. Azərbaycan Ordusunda kütləvi şərləmələr Xanlar Vəliyevin hərbi prokuror postuna gəlməsi ilə başlayıb və bu gün müxtəlif mənbələrdən aldığımız məlumatlara görə mütləq əksəriyyəti saxta ittihamlarla mühakimə olunmuş 200-dək hərbçimiz həbsxanalarda qalmaqdadır.
Xatırladım ki, 1993-cü ildə Baş Prokurorun müavini vəzifəsinədək böyüdülmüş Vəliyev 2000-ci ildə Heydər Əliyev tərəfindən Baş Prokurorluqdakı daxili şəkişmələrdə iştirakına görə o zamankı Baş Prokuror Eldar Həsənovla və onun müavini İsa Nəcəfovla birlikdə işdən azad olunmuşdur və bu, onun karyarasının sonu olmuşdur.
Heydər Əliyev dünyasını dəyişdikdən sonra isə (2005-ci ilin əvvəllərində) Vəliyev Hərbi Prokurorluğa rəhbər gətirilmişdir və bununla da onun Azərbaycan Ordusuna qarşı törətdiyi cinayətlər silsiləsinə start verilmişdir. Orduda casusluq ittihamı ilə ilk kütləvi şərləmələr 2008-ci ildən başlayıb. Bundan əvvəl də ayrı-ayrı hallar (o cümlədən də casusluq) olub, amma kütləvi xarakter daşımayıb.
Xanlar Vəliyevin digər bir "icadı" Azərbaycan Ordusunun hərbçilərinin guya ermənilər tərəfindən cinsi istismara məruz qoyulmasıdır. Tərtər qətliamına qədər belə ittihamlar əsasən şaiyə xarakteri daşısa və ictimailəşdirilməsə də Tərtərdəki vəhşiliklərə start verən 2017-ci il 3 may tarixli cinayət işi açılmasın haqda bədnam qərarda bu rəsmi olaraq öz əksini tapıb.
Xanlar Vəliyev burda da öz çirkin niyyətini məharətlə həyata keçirə bilib. Əvvəla, həmin ittihamın qərarda öz əksini tapması orduya qarşı zorakılıqların kütləvi olacağının anonsu olub, ikincisi, məkrli xəyanətkar bunun nə zamansa açıla biləcəyini anlayaraq həmin qərarı öz müavini, daha bir Tərtər qatili Şəfahət İmranova imzalatdırıb.
Xanlar Vəliyevin məkrli yaradıcılığı bununla bitməyib. Tərtər qətliamı zamanı yüzlərlə şərə və işgəncələrə məruz qalan hərbçi və mülki şəxsdən on milyonlarla manat məbləğində rüşvət alınıb. Bunun ardınca Vəliyev işgəncə verənlərdən və işgəncələrin təşkilində iştirak edən hərbi birliklərin komandirlərindən də böyük məbləğlərdə rüşvətlər alıb.
Belə bir iyrənc sxemi düşünə bilmək üçün ancaq Xanlar Vəliyev olmağı bacarmaq lazımdır. Onun qurduğu sxem bu günədək işləyir. Yaxın zamanlaradək Vəliyev Tərtər qətliamının ictimai müzakirəsindən istifadə edərək vəziyyətdən çıxmaq adi ilə işgəncələrdə iştirak etmiş ordu generallarından rüşvət almaqda davam edirdi.
Həmin generallara bildiridi ki, toplanan vəsaitlər Heydər Əliyev Fonduna köçürüləcək, çünki Tərtər qətliamı ilə bağlı gedən müzakirələr nəticəsində baş verə biləcək həbslərdən qorunmağın yeganə yolu həmin fonda böyük məbləğdə vəsaitlərin köçürülməsidir.
Amma həbslər artıq başladı və onlar davam edəcək. Bu barədə hər zaman optimist olmuşam, çünki bilirdim ki, siyasi hakimiyyət üçün Tərtər qətliamını törətmiş qatillərin müdafiəsi onların xalqa və dövlətə qarşı törətdikləri minlərlə ağır cinayətə görə məsuliyyəti ən yaxşı halda bölüşmək, ən pis halda isə üzərinə götürməkdir.
Bunu isə heç bir siyasi hakimiyyət edə bilməz və etməz, çünki Tərtər qətliamı kimi ağır cinayətdə söhbət təkcə mənəvi, hüquqi deyil, həm də tarixi məsuliyyətdən gedir. Həmin qatillərin gec ya tez mütləq mühakimə olunacağına daimi inamım da elə həmin məntiqdən qaynaqlanıb.
Tərtər qətliamının araşdırılmasının tam istədiyimiz qədər olmasa da, bugünkü mərhələyə çatmasının başlıca səbəbi onun davamlı və geniş ictimai müzakirələr predmeti olmasıdır. Burdan da belə nəticəyə gəlmək olar ki, cəmiyyət olaraq bizi narahat edən məsələlərin həllinə davamlı ictimai müzakirələr yolu ilə də nail olmaq mümkündür.
Şübhəsiz ki, bu, yollardan biridir və Tərtər qətliamı ilə bağlı bugünkü durum ona əyani nümunədir. Baxmayaraq ki, elə həmin cinayətin müzakirəsinə qarşı çıxanlar da az deyildi və bu gün də yetərincədir. Kimisi maddi maraqlardan, kimisi qatillərlə qohumluq və ya yerliçilik əlaqələri səbəbindən, kimisi də cinayəti təşkil etmiş xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə. Bəli, belələri də var.
Amma bütün bunların heç bir nəticəsi ola bilməz. Azərbaycan Ordusunun hərbçilərinə qarşı Tərtərdə və digər bölgələrdə törədilmiş çoxsaylı cinayətlər artıq tam ifşa olunub və onlara hüquqi qiymət verilməsindən yayınmaq heç zaman mümkün olmayacaq.
Paralel.az