Rusiya yeni lider yetişdirir
Siracəddin Hacı:
I YAZI
- Rusiyalı Ruben Vardanyan bu ölkənin vətəndaşlığından imtina etdiyini, Qarabağa gələcəyini açıqladı;
- Ruben Vardanyan milyarderdir, çirkli pulların yuyulmasında iştirak edib, edir, Lavrova, Putinə yaxınlığı ilə tanınır, Qarabağ savaşı zamanı Azərbaycana qarşı kəskin bəyanatlar verir, ölkəsinə silah göndərir, rus xalqını erməniləri müdafiə etməyə çağırırdı,Ermənistanda hakimiyyət iddiası var idi, bu iddia davam edir, Güney Qafqazın Rusiyanın təsir məkanında olmasını istəyir, açıqca deyir ki, Ermənistanın gələcəyi Rusiya ilə bağlıdır, Paşinyana müxalifdir...;
- Ruben Vardanyan sərvətini qorumaq üçün bu addımı atır tezisi yanlışdır:
1) bu böyük sərvətin qazanılmasına Rusiya siyasi elitası izin verib, Rusiyada siyasi hakimiyyətin izin vermədiyi kimsə zəngin ola bilməz, haqq ödəyir, onun Rusiyaya xəyanət etmək imkanı yoxdur, istəsələr, sərvətini də, canını da alarlar – Ukraynanı işğal hərəkatı başlayandan Rusiyada oliqarxlar ölür/öldürülür, sonuncusu xəstəxananın pəncərəsindən düşərək öldü-öldürüldü;
2) sərvətini qorumaq istəyən təhlükəli məkana – Qarabağa gəlməz, məsələn, Fransaya gedər;
3) Ruben Vardanyan siyasi bəyanatlar verir, hakimiyyət iddiasını ortaya qoyur;
4) Rusiyanın izni, dəstəyi olmadan Vardanyanın bu addımı atması imkansızdır, o, Rusiyanın Güney Qafqaz siyasətinin tərkib hissəsidir;
- Rusiya yeni lider yetişdirmək üçün Qarabağ məsələsindən istifadə edir, ermənilər arasında belə bir təbliğat aparır ki, Paşinyan Qarabağı satıb, o, erməni xalqının ideallarına xəyanət edib. Rusiya Koçaryanı da, Sarkisyanı da Qarabağ məsələsindən istifadə edərək liderləşdirmişdi, onlar Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdilər, minlərlə azərbaycanlını öldürdülər, ermənilərin milli qəhrəmanına çevrildilər, Ermənistanda hakimiyyətə gəldilər, bu ölkəni Rusiyaya bağladılar, rus ordusunu Ermənistana yerləşdirdilər, siyasətlərinin ana tezisi bu idi: Rusiya Ermənistanın xilaskarıdır, Ermənistan Rusiyasız yaşaya bilməz. Yada salıram ki, son otuz ildə Rusiya Azərbaycanı, Ermənistanı qarışdırmaq, o sıradan ƏBÜLFƏZ ELÇİBƏYİ devirmək üçün Qarabağ məsələsindən istifadə etmişdir, Qarabağ məsələsi bu gün də siyasi işlərə təsir imkanını bütün gücü ilə, hətta gücünü artıraraq qorumaqdadır, elə buna görə də Rusiya nəyin bahasına olursa olsun, Qarabağa hakim olmağa çalışdı, çalışır, çalışacaq. Rusiya dünyanın ən qorxunc fitnə qazanlarından biridir, o, Azərbaycanı dəfələrlə bu fitnə qazanına atdı, yandırdı, şikəst etdi, deyirəm ki, ağıllı olaq, hadisələri doğru oxuyaq, Rusiyanın pisliklərindən qorunaq, onun Azərbaycanı bir daha fitnə qazanına atmasına izin verməyək;
- Ruben Vardanyan da Qarabağ məsələsini önə çıxarır:
a) altı dəqiqəlik video çıxışı ilə dünya ermənilərinə müraciət edir, bütün erməniləri birləşdirəcəyini söyləyir;
b) Arsaxı dünya ermənilərinin mərkəzi adlandırır, deyir ki, Arsax təhlükədədir, məqsədi erməni xalqının, özəlliklə, erməni diasporunun dəstəyini qazanmaqdır;
c) o, Qarabağı xristianlığın mərkəzi elan edir – xristian dünyasının dəstəyini qazanacığını düşünür;
d) Arsaxı müstəqil dövlət kimi tanıdır;
e) iqtisadi məsələləri önə çıxarır, Arsax çiçəklənəcək deyir;
- Rusiya bu tezislərlə Vardanyanı ermənilərin liderinə çevirəcəyini, sonra da Paşinyanın yerinə hakimiyyətə gətirəcəyini, ən azı Vardanyan vasitəsilə Paşinyanı nəzarətdə saxlayacağını düşünür;
- Rusiyanın yeni lider yetişdirmək siyasətində bu fərqlər də var:
a) Vardanyan qarabağlı deyil, irəvanlıdır, qarabağlılar ermənilərin gözündən düşdüyündən fərqli məkandan olan şəxs seçilib;
b) Rusiya Koçaryan, Sarkisyan kimi hərbi lider deyil, iqtisadi fiqur önə çıxarıb, xalqın ehtiyaclarını nəzərə alıb, belə ki, şərait dəyişib, erməni xalqı yoxsuldur, milyarder bir lider xalq üçün cəlbedici ola bilər;
Sual budur: Rusiya niyə yeni liderə ehtiyac duyur?
Ardı var...
Paralel.az