Xalaoğlu ilə sevginin dəhşətli nəticəsi: Üç yaşlı oğlunun yanında bıçaqlandı – VİDEO
Həbib Məmmədov Balaxanı qəsəbəsində 2021-ci il iyulun 1-də həyat yoldaşı Lalə Məmmədovanı bıçaqlayıb.
İstintaqla məlum olub ki, Həbib Məmmədov ayrı yaşamalarına baxmayaraq, arvadı ilə barışmaq istəyib. Amma Lalə Məmmədova onunla birgə yaşamaqdan imtina edib. İyulun 1-i axşam saatlarında Həbib Məmmədov sərxoş vəziyyətdə Lalə Məmmədovanın yaşadığı evə gəlib. Baş vermiş növbəti mübahisədən sonra üç yaşlı oğlu Abdulla Məmmədovun yanında keçmiş həyat yoldaşına bıçaqla dörd dəfə zərbə vurub və hadisə yerini tərk edib.
Xəstəxanaya aparılan qadının həyatını həkimlər xilas ediblər.
Həbib Məmmədov bildirib ki, 2010-cu ildə Lalə Məmmədova ilə ailə həyatı qurub, nikahdan iki övladları var. Hadisədən altı-yeddi ay əvvəl arvadı ilə qeyri-rəsmi ayrılıb və anasının evinə köçüb. 2021-ci il iyunun 30-u axşam saatlarında Lalə Məmmədovanın evindən kişi səsi eşidib, qəzəblənib və pəncərəni döyüb. Amma Lalə pəncərəni açmayıb. Düşünüb ki, qadın evdə yad kişi olduğu üçün onu içəri buraxmır. Növbəti gün axşam işdən qayıdandan sonra evdən bıçaq götürüb arvadının qaldığı evin qapısını döyüb. Lalə qapını açıb. Ondan evdə ötən gün kişi olub-olmadığını soruşub, yoldaşı isə anasının gəldiyini deyib. Cibindən bıçağı çıxarıb qadının bədəninə zərbələr endirib.
Lalə Məmmədova ifadəsində bildirib ki, ailə həyatı qurandan bir müddət sonra Həbib spirtli içki içməyə başlayıb, sərxoş halda evdə münaqişə yaradıb. Bundan sonra Həbibdən ayrılmaq qərarına gəlib. 2021-ci ilin aprel ayında məhkəmə yolu ilə boşanıblar. Boşanmalarına baxmayaraq, Həbib onu narahat edib, içkili vəziyyətdə evə gələrək, onu söyüb. Övladlarına görə onu bağışlasa da, Həbiblə evlilik həyatını bərpa etmək istəməyib.
İyulun 1-i axşam evdə o, kiçik oğlu və qonşunun uşağı olub. Evin qapısını açanda Həbibi görüb, onu içəri buraxıb. Əri ondan barışmaq istəyib-istəmədiyini soruşub, o da Həbibə: “Sən bir özünə bax, sərxoş halda evimə gəlmisən”, – deyib. Sonra Həbib onun boğazından tutub, özünə tərəf çəkib. Bıçaqla qarın nahiyəsinə zərbələr vurub. Zərərçəkmiş əlavə edib ki, 2020-ci ilin yanvar ayında yoldaşı ilə ayrıldıqdan sonra xalası oğlu ilə yaxın münasibətdə olub və ondan hamilə qalıb. Məhkəmə iclasında Həbib Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həbib Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunub.
Hadisə barədə Baku TV-nin süjetini təqdim edirik: