Cüdo üzrə Amerika çempionu
2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən "Qış milli cüdo çempionatı"nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib…
Evinin harasına baxsan orada Azərbaycanla bağlı, Azərbaycanı xatırladan nəsə görəcəksən. 16 ildir ki, ABŞ-da yaşayır, zərrəcə dəyişilməyib. Nə görkəmində, nə də dilində yad heç nə hiss olunmur…
"Səmimi sözümdür, Azərbaycanda idmana verilən dəyər dünyanın heç bir yerində verilmir. Yaxşı idmançının necə deyərlər, hamının gözü üstə yeri var."- söyləyir...
Haqqında söhbət açdığım Zaur Cəlilin atası Telman Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunda "Səhnə hərəkəti kafedrası"nda müəllim işləyib, eyni zamanda Sumqayıt Dövlət Teatrının baş baletmestri olub. 1998-ci ildən ABŞ-da yaşayır. Hazırda "Nyu York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidentidir.
Zaurun həyat yoldaşı Leyla Rəhimova(Cəlil) muğam ifaçısıdır. 1998-ci ildə Türkiyədə keçirilən "Dədə Qorqud festivalı"nın, 1999-cu ildə "Pöhrə- 99" muğam müsabiqəsinin laureatı olub. 2000-ci ildə muğam müsabiqəsində 3-cü yerə çıxıb. 2002-ci ildə isə müsabiqənin "Qram Pri" mükafatına layiq görülüb. "O səs Türkiyə" telemüsabiqəsində iştirak edib. Cənnət adlı bir qızları var. Onu da qeyd edim ki, Zaur da həyat yoldaşı ilə birlikdə mahnılar ifa edir və artıq bu cütlük duet ifası ilə tanınır...
Zaur Cəlil 1985-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2003-cü ildə şəhərin 5 saylı məktəbində orta təhsilini başa vurub. Bir il sonra hərbi xidmətə çağrılıb. Ordudan təxris olunandan sonra, 2006-cı ildə ABŞ-a gəlib. Hazırda Minnesota ştatının Minneapolis şəhərində yaşayır…
O, 1991-ci ildən, 6 yaşından idmanın cüdo növü ilə məşğul olur. İlk vaxtlar Əhəd Rəcəblinin, 1995-1997-ci illərdə Zaur Rəcəblinin, 1999-cu ildə isə Tofiq Məmmədovun yanında məşqlərə qatılıb. Arada məşğul olduğu idman növünü roma-yunan güləşiylə dəyişib. Burada onun məşqçiləri Qərib və Tahir Əliyevlər olub. 2000-ci ildən yenidən Rəcəbli qardaşlarının yanında cüdo ilə məşğul olub…
2006-cı ildə ABŞ-a gəldikdən sonra, Nyu York şəhərində cüdo yarışlarına qatılaraq 60 kq çəki üzrə ştat çempionu olub və Roçester şəhərində keçiriləcək olimpiadaya vəsiqə qazanıb. Həmin yarışda da yüksək nəticə göstərərək, olimpiadanın qızıl medalına layiq görülüb. Ümumiyyətlə, 2006-cı ildən bugünədək 100-ə yaxın medalla təltif olunub və xeyli kubok alıb. Yaşadığı Minnesota ştatının ardıcıl olaraq 11 dəfə çempionu olub.
2015-ci ildə Texasda keçirilən Amerika çempionatının bürünc, 2016-cı ildə isə gümüş medalını qazanıb. 2017-2018-ci illərdə iki dəfə dalbadal qızıl medala layiq görülüb. Beləliklə, yeganə azərbaycanlı olaraq bir neçə ildir ki, cüdo üzrə Amerika çempionudur. Amerika Cüdo Federasiyası tərəfindən M-1 dərəcəsi və sertifikatla təltif olunub. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir…
Deyir ki,- "Master Cüdo uzrə dunya çempionatının iştirakçısı olmuşam. İnşəallah bu il yenidən yarışlara qatılıb bir azərbaycanlı olaraq yüksək pilləyə yiyələnməyə çalışacam. Amerikada MMA- qaydasız döyüş üzrə bir çox yarışlarda vuruşub qalib gəlmişəm. Hətta dünya şöhrətli Mayk Taysonla görüşümüz də olub. 2018-ci ildə öz vəsaitim hesabına "CHAMPIONS Gym" idman zalını açmışam. Və çalışacam ki, davamlı məşq edib daha da yüksək nəticələr əldə edim, tələbələr yetişdirib dünyada imzamı tanıdım..."
Doğtusu, dilindən Allahın adı düşməyən, hər kəlməsindən təvazökarlığı hiss olunan, milli kimliyini unutmayan, içində Azərbaycan sevdası gəzdirən bu gənclə tanışlığımdan qürur duyuram…
Azərbaycan! Doğma məmləkətim, nə qədər ki, belə oğulların var, başın həmişə uca olacaq…
Elman Eldaroğlu
Paralel.az