Məhəmməd Əmin Rəsulzadənin rəssam nəvəsi...
Məhəmməd Əmin Rəsulzadənin rəssam nəvəsi...
Soyuqqanlı görünsə də içində bir vulkan qaynayır. Hər kəs onu duya bilməz, ancaq hissləri açıq kəslər bu sakit görünüşün arxasında gizlənən qeyri-adi enerjili şəxsiyyəti anlaya bilər. Güclü xarakterə malikdir, itaət etməyi xoşlamır. Romantik, duyğusal, mənalı adamdır. Qürurlu, məğrur və nəzakətlidir.
Nüfuzedici nəzərləri var, sığal kimidir, baxışları oxşaya bilir. Dözümlüdür, müdhiş bir iradə gücünə sahibdir. Son dərəcə həssas və diqqətlidir. Bir xoş sözdən kövrələ, bir acı kəlmədən inciyə bilər...
Deyir ki,- “Mən sürügündə anadan olmuşam və bunun necə bir həyat olduğunu yaxşı bilirəm. Uşaqlıqda, yeniyetmə yaşlarımda bu cür şeylərə fikir vermirdim. Oxuduğum məktəbdə çeçenlər, almanlar, koreyalılar, belaruslar, bir sözlə müxtəlif xalqların nümayəndələri var idi. Həmin vaxtlar onların, elə öz valideynlərimin də sürgün olunduğunu dərk etmirdim. O illər valideynlərimiz çox əziyyət çəkiblər. Onlar olduqca ağır həyat yaşayıblar...
Məktəbli idim və öz qayğılarım var idi. Məktəbi bitirdikdən sonra başqalarına açıq olan yerlər, bizim üçün bağlı olduğunu görəndə, yalnız bundan sonra sürgündə olduğumuzun fərqinə vara bildim...”
Haqqında söhbət açdığım Rais Rəsulzadə 1946-cı ildə Qazaxstanda dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin banısı Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərdən olan nəvəsidir. Üç yaşında olarkən anası vəfat edib. Orta təhsilini Qazaxstanda bitirdikdən sonra, Azərbaycana üz tutub. 1969-cu ilədək Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsilini davam etdirib. Elə o vaxtdan da Bakıda yaşayır. 1972-1977-ci illərdə ali təhsil alıb. Bir il orta məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin "Rəsm, heykəltaraşlıq və boyakarlıq" kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülüb.
800-dən çox rəsm əsərinin müəllifidir. Əsərləri Azərbaycan və digər ölkələrin rəsm qalereyalarında saxlanılır.
2009-cu ildən “Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyası”na rəhbərlik edir...
Xeyli gözəl xüsusiyyətləri var. Dostluqda vəfalıdır- hər adama bel bağlamasa da, kiminləsə dost oldusa, son nəfəsinədək ona sadiq qalacaq. Çox danışmağı sevmir. Çünki demək istədiklərini gözləri ilə ifadə edə bilir. Onun bir baxışından sevgisini və ya nifrətini anlamaq olur. Fiziki olduğu qədər, mənəvi baxımdan da güclüdür. Heç bir zaman özünü aldatmır. Həqiqət acı da olsa, üz-üzə gəlməkdən çəkinmir. Tənqidi qəbul etmək qabiliyyəti və analiz tutumu sayəsində mükəmməlləşə bilib. Gələcəyi öncədən görə bilən insandır. Təxminləri adətən sonradan gerçəkləşir. Müşahidə qabiliyyəti yüksək səviyyədədir, gözlərindən heçnə yayınmır. Bir sözlə, məntiqi zəkasını təxəyyül və hissilə tarazlaşdıra bildiyi üçün şanslı adamdır.
Babası ilə fəxr edir, Onun xidmətlərindən qürur duyur...
Paralel.az