GünAYDIN, Mirzə Fətəli, salam, Şirməmməd müəllim...

 

GünAYDIN, Mirzə Fətəli, salam, Şirməmməd müəllim... 
 

 

Aydın Can:

GünAYDIN, Mirzə Fətəli,

salam, Şirməmməd müəllim,

sağ olun, Fazil Mustafa!

Yaşa, Azərbaycan!

 

Dünən sayın millət vəkili Fazil Mustafa Şəkidə Mirzə Fətəli Axundovun ev-mizeyini ziyarət etməsini paylaşmışdı şəkillərlə və... iki gün qabaq elə mən də Şəkidə olduğumdan, Mirzə Fətəli və ev-muzeyi ilə bağlı söhbətlər etdiyimdən, bir yarpaq da öz payıma təqdim etmək istədim.

Deməli:

Şirməmməd Hüseynov (əlbəttə ki tanıdınız hansı nəhəng kişi, böyük pedaqoqu deyirəm) Şəkidə olanda Mirzə Fətəlinin ev-muzeyinə gedir, görür ki, ortalıqda ləyənlər düzülüb, səbəbini soruşur, deyirlər damı damır.

Şirməmməd müəllim əvvəl "damkom"un (indiki MİS-in sahə, ya da ərazi müdiri) evinə gedir, "damkom"un arvadı çıxır səsə, "xoşgəldin" edir, evə dəvət edəndə Şirməmməd müəllim deyir ki:

- Yox, gedirəm, de görüm eviniz damır?

Arvad da təəccüblə deyir ki, yox, niyə belə fikirləşirsiniz ki? Onda müəllim də cavab verir:

- Hə də, "Mengistu Hayle Mariam"  "damkom"dur, evi niyə damsın ki? Gələndə ərinə deyərsən ki, Mirzə Fətəlinin evi damır!

 

... Eyni formada "rayispolkom"un evinə gedir. Orda da "rayispolkom"un arvadı qarşılayır.

Eyni sual, eyni cavab:

- Hə də, "Joze Eduardu duş Santuş" "rayispolkom"dur, evi niyə damsın ki? Ərin gələndə deyərsən Mirzə Fətəlinin evi damır!.

... Ardınca raykomun birinci katibinin evinə gedir, yenə də arvad qarşılayır, yenə də eyni sual, eyni cavab:

- Hə də, "Əhməd Benbəlla" raykomdur, evi niyə damsın ki? Evə gələndə ərinə deyərsən Mirzə Fətəlinin evi damır! 

Səhər "raykom", "rayispolkom", "damkom" iclas çağırırlar, bir həftəyə ev-muzeyinin damı sökülür, təzədən örtük çəkilir. (adları elə deməyib müəllim, mən elə yazdım)

 

... Şirməmməd Hüseynovu bir daha sevərək yad etdim. Eləcə də, Şəkinin ovaxtkı raykomunu, "rayispolkom"unu və "damkom"unu da!

İndi nə Şirməmməd müəllim var, nə ovaxtkı katiblər kimi katiblər, "rayispolkom" kimi "rayispolkom"lar, nə də hətta "damkom"lar kimi "damkom"lar.

İndi... Zeynal Nağdəliyevlər var, Taleh Qaraşovlar var... baxmayaraq ki, Şəkidə Marxal ola-ola, oranı qoyub, o istidə Mirzənin evini ziyarət edən deputat Fazil Mustafa da var!

Belə...

Sabahınız xeyir olsun: ətrafda nakişiləri gördükcə pis olub onlara oxşamayaın, çünki onlardan əvvəl yaxşı kişilər vardı, siz də onları tanıyırdınız, onlara oxşayın. Kişi olmaq çətin deyil, çətini nakişi olmaqdır! Ki... sonra kişi olmağa qayıtmaq olmur. Kişi kimi yaşamaq lazımdır ki, hər zaman nakişi olmaq şansınız qalsın - əgər ürəyinizdə elə "təşnəlik" varsa!

Deyilmi?

Paralel.az

0.033343076705933