Ərəstun Oruclu: "Natəmiz ağzınızı açdığınıza peşiman olacaqsınız!"

Ərəstun Oruclu:
 

Öz aralarında intriqalar və mövqelər uğrunda döyüş aparan ordudakı müxtəlif dəstələrin üzə çıxan danışmanları indi də Tərtərdə törədilmiş qətliamı alətə çevirib bir-birinə özlərində olmayan zabit şərəfi, insanlıq, kişilik haqqında dərslər keçməyə çalışırlar. Belələrinə sözüm var:

Tərtər qətliamı haqda xidməti boyu susub, ancaq 2022-ci ildə quyruğu tapdananda xatırlayanlar nə zabit deyil, nə kişi, nə də onların şərəf anlayışı yoxdur. Sizin hamınız Tərtər qətliamını ifşa etdiklərinə görə təqiblərə məruz qalanların heç atılan dırnağı da ola bilməzsiniz!

Siz bu cinayətin ifşasına görə həyatını qurban vermiş Oqtay Gülalıyevin, azadlığını itirmiş İlham Aslanoğlunun, Abid Qafarovun və ilk növbədə də Tərtərdə vəhşiliklərə məruz qalmış minlərlə Vətən övladının ayağının tozu da olmağa layiq deyilsiniz!

Çünki onların heç biri sizin keçdiyiniz yolları keçməyib, çünki buna onların mənəviyyatı, ailə tərbiyəsi, şərəfi yol verməyib. Ona görə də bu ölkədə zabit şərəfindən danışdıqda insanların gözləri önünə ilk növbədə şəhid olmuş və bir də dəhşətli işgəncələr altında sınmamış zabitlərimiz gələcək. Amma heç bir halda sizlər yox!

Çünki onlar Vətən üçün döyüşüblər, canlarını qorumaq naminə şərə imza atmayıblar və ya sizin bəziləriniz kimi başqa zabitin arvadını ziyarət etmək məqsədilə saxta "həyəcan" komandası verməyiblər. Kişi adlanmağa haqqı olan onlardır, sizlər yox!

Yazdıqlarımı bir də oxuyun və dönün keçmişinizi yaxşı-yaxşı xatırlayın. Özünüz xatırlayın ki, onu sizə xatırlatmağa ehtiyac qalmasın. Kişi adını dilinə gətirən ilk növbədə kişiliyini əməldə göstərməlidir. İllər boyu cinayətə susub, bu gün isə onunla spekulyasiya edənlər bilməlidirlər ki, bunun cavabı olacaq.

Özü də çox sərt olacaq! Elə sərt olacaq ki, natəmiz ağzınızı açdığınıza peşiman olacaqsınız! Orduda yüksək rütbəli və vəzifəli zabit olub, cinayət törədiləndə etiraz əlaməti olaraq adicə raport yazıb gedə bilməyənlərin nə zabitlikdən, nə kişilikdən, nə də şərəfdən danışmağa heç bir haqqı yoxdur.

Çünki xidmət etdiyin orduya qarşı törədilən misilsiz cinayətə illərlə susmaq həmin cinayətə şərik olmaqdır. Sizin etdiyiniz də bu, olub! Odur ki, susun, çünki sizin vəziyyətdə olanlar üçün susmaq həqiqətən qızıldır.
Eşitdiniz?

Paralel.az

0.023367881774902