Ərdoğan, Rəisi, Putin niyə görüşdülər? - II yazı

Ərdoğan, Rəisi, Putin niyə görüşdülər? - II yazı
 

Siracəddin Hacı:

Türkiyənin ehtiyacı - Ərdoğan istədiyini əldə edə bildimi?

Ərdoğanın üçlü görüşdə iştirakının səbəbləri bunlardır:
- Türkiyə Rusiya və İrandan yararlanaraq Avropa və ABŞ-la tarazlıq siyasəti qurur. Atatürk də, sonrakı siyasətçilər də bu imkandan istifadə etdilər. Bu, Türkiyəni qoruyan, ona müstəqil siyasət aparmağa imkan verən, mövqeyini gücləndirən anlayışdır. Coğrafiyası çox önəmli olduğuna görə tərəflər Türkiyənin bu imkanından yararlanmağa çalışırlar, bu da Türkiyənin dəyərini artırır;
- Türkiyənin Rusiya və İranla ciddi iqtisadi əlaqələri var, enerji baxımından çox önəmli ölçüdə bu iki dövlətdən asılıdır. Türkiyənin Ruysiyaya qarşı tətbiq edilən yasaqlara qoşulmamasının ən önəmli səbəbi də budur;
- Türkiyə İsveş və Finlandiyanın NATO-ya üzv qəbul olunmasının yolunu açsa da (şərtli), iş davam edir, Türkiyə istədiklərini əldə edə bilməyib;
- ABŞ deyir ki, F-16-ları Yunanıstan hava sahəsinə girməməsi şərti ilə Türkiyəyə verə bilərik;
- ABŞ Yunanıstanı silahlandırır, bu ölkədə yeni hərbi bazalar qurur, birgə hərbi təlimlər keçirirlər, ABŞ Yunanıstandan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir, Kıbrısda, Ağ dənizdə Türkiyənin haqlarını tanımır;
- ABŞ Suriyada PKK, PYD terror təşkilatlarını dəstəkləyir, silahlandırır, onlardan Türkiyəyə qarşı istifadə edir, FETO terror təşkilatının rəhbərlərini Türkiyəyə vermir;
- Rusiyanın Ukraynanı işğal hərəkatı Türkiyəyə ciddi zərərlər verir, o, savaşın bitməsini istəyir, Ərdoğan Putini inandırmağa çalışır ki, bu savaşın kimsəyə faydası olmayacaq – deməliyik ki, Türkiyənin bu savaşı dayandırmaq imkanı yoxdur;
- Türkiyənin Suriya ilə bağlı ciddi narahatlıqları var: 1) Suriyadakı terror təşkilatları Türkiyənin güvənliyini təhdid edirlər; 2) Rusiya və İran PKK və PYD-ni terror təşkilatı kimi tanımayıblar, ABŞ kimi onlar da bu təşkilatlardan Türkiyəyə qarşı istifadə edirlər, Türkiyə bu dəstəyin kəsilməsini istəyir; 3) dörd milyon Suriya vətəndaşı Türkiyədə yaşayır, yeni köç dalğasının olması da mümkündür. Türkiyə Rusiya və İrana deyir ki, Suriyada güvənli bölgə yaradılsın, yurdunu tərk etmiş insanlar bu bölgəyə yerləşdirilsinlər; 4) Türkiyə Rusiya və İranla imzaladığı Astana müqaviləsinin, Soçi razılaşmasının şərtlərinin yerinə yetirilməsini istəyir: Suriyanın ərazi bütövlüyü qorunsun, Suriyanın yeni Ana Yasası qəbul olunsun, seçkilər keçirilsin, köçkünlər vətənlərinə qayıtsınlar; 5) Türkiyə Suriyanın Təlrıfat və Münbiç bölgələrini terrordan təmizləmək, araya 30 kilometrlik məsafə qoymaq istəyir, Rusiya və İran buna etiraz edirlər, Suriyanın hava sahəsinin bir hissəsi Rusiyanın nəzarətində olduğundan onunla razılaşmaq ehtiyacı var – döyüş təyyarələri savaşda iştirak etməsə, Türkiyənin itkiləri artacaq;
- Türkiyə Rusiya və İranla iqtisadi əlaqələri gücləndirmək, bu ölkələrdən Türkiyəyə gələn turistlərin sayını artırmağa çalışır;
- Üç ölkənin də Güney Qafqazda ciddi maraqları var, Türkiyə deyir ki, Güney Qafqaz barış coğrafiyası olsun, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanısın, böyük sülh sazişi imzalansın, Zəngəzur yolu açılsın. İran iki səbəbə görə Zəngəzur yolunun açılmasını istəmir: a) bu yol açılsa, Türkiyənin Türkistanla əlaqə qurmaq imkanı artacaq; b) İranla Ermənistanın ənənəvi yolu kəsiləcək;
Ərdoğan istədiklərini əldə etdimi? Türkiyənin iki həlledici tələbi var idi: 1) terrora qarşı mübarizədə Rusiya və İrandan dəstək alsın; 2) Rusiya və İran Türkiyənin Suriyanın bəlli bölgəsinə nəzərdə tutduğu hərbi əməliyyata dəstək versinlər; Ərdoğan bu məsələlərin heç birində dəstək ala bilmədi, İranın dini lideri açıqca dedi ki, biz Türkiyənin Suriya ilə bağlı planına qarşıyıq, Zəngəzur yolunun açılmasına imkan verməyəcəyik. Rusiya lideri də bu məsələlərdə Türkiyəyə açıq dəstək verməkdən imtina etdi. Təbii ki, müəyyən nəticələr var, bunlar da yaxın günlərdə bilinəcək, bu görüşün Türkiyənin ABŞ-la münasibətlərinə necə təsir edəcəyini çox gözləməyə ehtiyac qalmayacaq.
Ardı var...

Paralel.az

0.041512012481689