Ərdoğan, Rəisi, Putin niyə görüşdülər? - I yazı

Ərdoğan, Rəisi, Putin niyə görüşdülər? - I yazı
 

Siracəddin Hacı:

- Ərdoğanın İrana səfəri öncədən planlaşdırılmışdı, Putinin də İrana gedəcəyi gözlənilirdi, İran üç liderin Tehranda eyni zamanda görüşünü təklif etdi, tərəflər razılaşdılar, görüş baş tutdu;

- Üç liderin görüşünün xarakterini müəyyən edən ölçülər bunlardır: 1) Rusiya Ukraynanı işğal hərəkatını davam etdirir; 2) blokadadadır, təklənib, əlaqəyə ehtiyacı var; 3) ağır siyasi, iqtisadi, hərbi itkilərlə üzləşib; 4) Rusiya yasaqlardan çıxış yolu axtarır; 5) işğal və yasaqlar bölgə ölkələrinə ciddi təsir göstərir; 6) Türkiyə ABŞ, Avropa, Suriya ilə bağlı məsələləri, koç və terror problemini həll etməyə çalışır; 7) İran Rusiyanın çökməsini istəmir, Rusiya və İrana tətbiq edilən yasaqların, iç gərginliyinin təsirini azaltmağa çalışır; 8) İran Suriyada həlledici söz sahibi olmağa can atır, Türkiyənin bu bölgəyə girməsini mənafeyinə uyğun saymır; 9) İran və Rusiya Avropa Birliyinin Güney Qafqaza gəlməsinə qarşıdırlar; 10) İran Zəngəzur yolunun açılmasını istəmir – bu yol açılsa, İranla Ermənistanın quru yol əlaqəsi kəsiləcəyini düşünür; 11) İran və Rusiya Türkiyənin İsraillə yaxınlaşmasından narahatdırlar – İsrail qazının Türkiyə üzərindən Avropaya daşınması planı var;

- Siyasi çıxarları, hədəfləri arasında ciddi fərqlər olan (əməkdaşlıq üçün çıxarların yüzdə yüz üst-üstdə düşməsinə ehtiyac yoxdur) Türkiyə, İran, Rusiyanı bu mərhələdə bir araya gətirən nədir? Əsas məsələ inkişaf deyil, məcburiyyət və ehtiyacdır. Bu ehtiyacın adı nədir? Sıxılmaqdan qurtulmaqdır, sıxıntının, ehtiyacın birləşdirmə gücü var. Sıxılma dərəcələri fərqli olsa da, üçünü də sıxırlar. Üçü də sıxılmadan və sıxanlardan qurtulmaq istəyir. Üçünü də sıxan nədir, kimdir? Birincisi, üçünün də iqtisadi gərginliyi var, xalq sıxır. İkincisi, üçünü də ABŞ və Avropa sıxır. Üçlük ölçüsü sıxıntılardan qurtararmı? Xeyr, ancaq acıları bir az azaldar, vaxt qazandırar – üçü də zamanla yarışır;

Özəlliklə Putinlə birgə görünməyin siyasi etirazlara səbəb olacağını bildiyi halda Ərdoğanın bu görüşə razılaşmasının səbəbləri var.

Ardı var...

Paralel.az

0.081220865249634