Bəşər sivilizasiyasının dünyaya bəxş etdiyi nadir abidələrin bir qismi Lerikdədir

Bəşər sivilizasiyasının dünyaya bəxş etdiyi nadir abidələrin bir qismi Lerikdədir
 

                    IV YAZI

Sosial şəbəkə istifadəçilərinə təqdim etdiyimiz IV reportajda Lerik rayonunun ərazisində qeydə alınmış abidələrə qısa ekskurs edəcəyik. Öncə onu diqqətə çatdırmaq istəyirəm ki, ötən əsrlərdə ərazinin elmi tədqiqi sistemsiz şəkildə olsa da, daha sonralar R.B.Avdusin, M.O.Butman, A.F.Mixaylov, V.R.Kutsevin arxeoloji qazıntıları və elmi-nəzəri əsərləri ilə yenidən başlanır.

Azərbaycanın görkəmli arxeoloq-alimlərindən Məmmədəli Hüseynov, Fazil Mahmudov, İsa Əzimbəyov, Abuzər Ələkbərov, Qoşqar Qoşqarlı, Əsədulla Cəfərov və başqaları maddi-mədəniyyət abidələrinin üzə çıxarılması, tədqiqi üçün çox iş görmüşlər.

Biz bu reportajda Azərbaycan paleolit məktəbinin davamçısı, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun paleolit elminin uğurlarından sayılan Azıx tipli mağaralardan, eyni zamanda 2011-ci ildə Lerik rayonu ərazisində kəşf etdiyi Zuvandçay mağara-düşərgəsindən – Büzeyir mağarasından söhbət açırıq.

Professor Əsədulla Cəfərovun 2019-cu ildə çap olunmuş “Qarabağ: ulu vətənimiz” adlı kitabı qarşımdadır. Bu kitabdan bəlli olur ki, son 50 ildə Azərbaycan ərazisində aparılmış kompleks arxeoloji elmi-tədqiqatlar zamanı qədim insanların meydana gəlməsi, formalaşması və inkişaf etməsinə dair zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılmışdır.

Azərbaycanın Azıx, Tağlar, Qazma, Büzeyir, Daşsalahlı, Damcılı və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı ən qədim dövrlərə aid ibtidai insanların hazırladıqları əmək alətləri, ovladıqları heyvan sümükləri və digər elmi materialların aşkar edilməsi barədə kitabda geniş söhbət açılıb.

Professor Əsədulla Cəfərov fransalı professor Anri De-Lümley tərəfindən Fransaya dəvət olunmuşdur. Ə.Cəfərov Paris, Nis, Könson, Perpinyon, Totavel şəhərlərində elmi-tədqiqat işləri aparmış və Beynəlxalq Konqresdə Azərbaycanın paleolit düşərgələri barədə məruzə ilə çıxış etmişdir.

Arxeoloq-alim Əsədulla Cəfərovun rəhbərliyi ilə Zuvandçay qədim insan düşərgəsində aparılmış arxeoloji kəşfiyyat işləri ən mühüm yenilikdən xəbər verirdi. Alim 2011-ci ildə ilk dəfə olaraq, Zuvandçay mağarasında kəşfiyyat xarakterli arxeoloji qazıntı işlərini həyata keçirmişdir.

Aparılan tədqiqatlar zamanı Zuvandçay mağarasında paleolit dövrünə dair maddi-mədəniyyət qalıqlarının tapılması ən mühüm yenilik hesab olunur. Tədqiqatçı-jurnalist İdris Şükürlünün bu kitabda dərc olunmuş iki məqaləsindəbu barədə söhbət açılıb.

“Ən mühüm yenilik” adlı məqaləsində qeyd olunub: “Alim Əsədulla Cəfərovun fikrincə, qeydə alınmış Zuvandçay mağarasını Azərbaycanın Qarabağ ərazisində qeydə alınmış Azıx-paleolit düşərgəsindən sonra ikinci paleolit düşərgəsi hesab etmək olar. Aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət qalıqları əsasında Zuvandçay mağara-düşərgəsində ibtidai insanların 100-120 min il bundan əvvəl məskunlaşdığını söyləmək olar.

Mən Lerikdə olarkən, Rayon Tarix-Diyarşünaslıq muzeyində oldum, bəzi tarixi abidələr haqqında kitablarla tanış oldum. Diyarşünasları, tarixçiləri dinlədim, elmi kitablara və qəzetlərə baxdım.

Məlum oldu ki, Fransanın məşhur arxeoloq-alimi Jak De-Borqanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya hələ 1898-1902-ci illərdə Lerik rayonunun ərazisindəkiabidələrlə zəngin ərazilərdə, kəndlərdə olmuş,kurqanlarda, digər tarixi abidələrdə arxeoloji kəşfiyyat işləri aparmışdır. O, burada qazıntılar zamanı tunc və dəmir dövrlərinə aid maddi-mədəniyyət nümunələri tapmış və onları Fransaya aparmışdır. Həmin eksponatlar hazırda Parisin məşhur Sen-Jermen muzeyində nümayiş etdirilir.

Bu eksponatlar qızıldan və tuncdan ibarətdir, son dərəcə nəfis şəkildə hazırlanmışdır. Bunu, həmin eksponatların şəkillərinə baxmaqla da aydın görürük. Onu da qeyd etmək yerinə düşər ki, Lerik rayonu ərazisində Oğlan qalası, Qız qalası, çox sayda qədim kurqan, sərdabə və türbələr, başdaşları və sənduqələr, qoç heykəlləri və sair mövcuddur. Hələ aşkar edilməmiş bir neçə belə abidə tədqiqatçıların yolunu gözləyir.

“Lerikin unikal təbiəti hamını heyran edir” adlı reportajıma 34000 sayda baxan sosial şəbəkə istifadəçilərinə xüsusi təşəkkürlərimi bildirirəm. Növbəti reportajlarda görüşənədək.

Səadət Sultan, redaktor müavini, Lerik şəhəri

Paralel.az

0.01560115814209