Rusiya Azərbaycandan nə istəyir? - II yazı

Rusiya Azərbaycandan nə istəyir? - II yazı
 

Siracəddin Hacı yazır...

Rusiya Ermənistanı və Azərbaycanı Avropa Birliyi ilə onun mənafeyinə uyğun olmayan əməkdaşlıqdan çəkindirmək üçün bu addımları atdı:

Son iki ayda Rusiyadan Ermənistana siyasi, hərbi, iqtisadi, mədəni, diplomatik tərkibli ən azı on nümayəndə heyəti getdi, Putin iki dəfə Paşinyana zəng etdi, Lavrov İrəvanda səfərdə oldu, KTMT-nın iclası İrəvanda keçirildi, Ermənistanın Xarici İşlər naziri Moskvaya çağırıldı, gizli təzyiq vasitələrinin incəliklərindən xəbərimiz olmasa da, varlığını bilirik. Bu nümayəndə heyətlərinin Ermənistana verdikləri ortaq mesaj var: Ermənistan Rusiyanın tarixi müttəfiqidir – ağalıq məkanıdır, bu status dəyişdirilməyəcək, kim dəyişdirməyə çalışsa, cəzalandırılacaq; 
- Rusiya Ermənistandakı ona bağlı müxalifəti Paşinyan hökumətinə qarşı hərəkətə keçirtdi;
- Rusiya Qarabağ ermənilərini Paşinyan hökuməti ilə üzbəüz qoydu - bu gün Rusiyanın Güney Qafqazdakı ən önəmli müttəfiqlərindən biri Qarabağ erməniləridir – onlara Rusiya vətəndaşlığı vəd etdi, informasiya dəstəyi verdi, bölgəni dövlətləşdirdi, deyir ki, bölgədəki rus ordusu sizin təhlükəsizliyinizin təminatıdır, Qarabağ erməniləri küçələrə çıxdılar, Paşinyan satqındır dedilər;
- Rusiya Azərbaycanı Avropa Birliyi ilə əməkdaşlıqdan çəkindirmək üçün öncə Ermənistandan, Qarabağ ermənilərindən təzyiq vasitəsi kimi istifadə etdi, ancaq bu siyasəti açıq və uzun müddət davam etdirmədi, üç səbəbi var: a) Ukraynanı işğal hərəkatı davam edir, Azərbaycanla düşmən olmaq Rusiyanın mənafeyinə uyğun deyil; b) Rusiyanın Azərbaycana ehtiyacı artıb, o, tam blokadaya düşmək istəmir, Azərbaycan çıxış yollarından biridir; c) Azərbaycanı sıxışdırmaq Türkiyənin, Avropa Birliyinin mövqeyini gücləndirir;
- Elə buna görə də Rusiya Azərbaycana münasibətini yumşaltdı, gizli təhdid, açıq dostluq siyasətinə uyğun addımlar atdı:  

1) Putin Lavrovu Bakıya göndərdi; 2) ilk dəfə Rusiyanın Xarici İşlər naziri Şəhidlər Xiyabanına getdi, işğalçı rus ordusunun qətlə yetirdiyi insanların məzarını ziyarət etdi, məsələyə fərqli yanaşmalar olsa da, bilməkdə fayda var ki, bu, Rusiya üçün çətin addımdır, Azərbaycana ehtiyacını göstərir, quyruğu qapı arasındadır, Lavrovun addımı siyasi üzrdür, Rusiya riyakardır, min üzü var, Azərbaycan xalqını aldatmağa çalışır; 3) Lavrov Azərbaycan hakimiyyətinin israr etdiyi tezisə açıq dəstək verdi, dedi ki, ATƏT-in Minsk qrupu yoxdur, Güney Qafqazın tək hakimi olmağa çalışan Rusiyanın ATƏT-in Minsk qrupuna nə ehtiyacı var ki? Yəni Rusiya ona lazım olmayan bir şeyi Azərbaycana güzəşt kimi təqdim etdi; 4) Lavrov Azərbaycanın Ukraynaya yardımına açıq etiraz etmədi, əksinə, Azərbaycanın mövqeyindən məmnun olduğunu bildirdi; 5) ABŞ-ın ATƏT-in Minsk qrupundakı təmsilçisi bu qurumun iclasının keçirilməsi üçün Rusiyanın nümayəndəsini dəvət etsə də, Rusiya bu dəvətə müsbət yanaşmadı;

6) Putin Aşqabadda Prezident İlham Əliyevlə ayrıca görüşdü, onun təkliflərinə önəm verdi, bunu hamının eşidəcəyi biçimdə söylədi (bu təkliflərdən xəbərimiz yoxdur), Azərbaycanın Rusiyanın blokadasında iştirak etmədiyini vurğuladı; 6) Rusiya bir ilkə də imza atdı: Bakıdakı səfirini Şuşaya göndərdi. Rusiyanın haradan haraya gəldiyini göstərmək üçün bu faktları xatırladıram: Putin Şuşanın işğaldan azad olunmasına qəti etiraz etmiş, Şuşaya İskəndər raketi atmışdı, savaşdan sonra ABŞ, Fransa, Rusiya səfirləri Şuşaya getməkdən imtina etmişdilər. Onu da deyim ki, Rusiya səfirinin Şuşaya getməsi bu tarixi şəhəri Azərbaycan torpağı kimi qəbul etməyən erməni mətbuatında üsyanla qarşılanmışdır;

Bunu dəqiq bilirik ki, dünyanın önəmli ölkələrinin Rusiyaya tətbiq etdiyi yasaqların təsiri artır, təsir artdıqca Azərbaycanın dəyəri də artır, Rusiya Azərbaycana çıxış yollarından biri kimi baxır, onun imkanlarından yararlanmaq üçün siyasət müəyyən edib, onu gerçəkləşdirməyə çalışır, Rusiyanın siyasətinin əsası budur: Azərbaycanın torpaq, su, hava yolları Rusiyanın istifadəsinə açıq olsun;  
Rusiya Azərbaycandan istədiyini almaq üçün həlledici məsələlərdə güzəşt etməz, məsələn, işğalçı ordusunu Qarabağdan çıxarmaz, Laşın koridorunu Azərbaycana verməz, erməni quldur dəstələri Qarabağdan getməlidir, Qarabağın statusu olmayacaq deməz, ancaq sərhədlər müəyyən olunacaq, Zəngəzur yolu açılacaq deyər – bu, Azərbaycandan çox Rusiyaya lazımdır, ya da Qarabağda bir-iki kəndi Azərbaycana qaytara bilər; Azərbaycan Rusiyanın düşdüyü, düşəcəyi vəziyyətdən yararlanmaq istəyirsə, Avropa Birliyi ilə əlaqələrini kəsməməli, azaltmamalıdır, bu, yanlış siyasətdir, əksinə, gücləndirməlidir, Rusiyaya yox deməlidir, ondan qaçmalıdır, Rusiyaya Azərbaycan əldən gedir havası yaşatmalıdır, belə etsə, Azərbaycanın dəyəri artar, sıxıntılarının həll olunması üçün yeni imkanlar qazanar;-

BU FÜRSƏTLƏR DÖNƏMİNDƏ

Azərbaycanın vəziyyətdən mənafeyinə uyğun biçimdə və daha çox istifadə edə bilməməsinin ən önəmli səbəbi hakimiyyətin göbəyinin Rusiyaya bağlı olmasıdır;
- Rusiya Güney Qafqazın Avropa Birliyi ilə əməkdaşlığını dayandıra bilərmi? Xeyr, işi ləngidər, çətinləşdirər, ancaq dayandırmağa gücü çatmaz, Rusiya zəifləyən, Avropa Birliyi güclənən tərəfdir. Dəlil istəyirsinizsə, sıralayım: a) Avropa Birliyi yenidən öz təmsilçisini – Klaapı öncə İrəvana, sonra Bakıya göndərdi, yola davam dedi; b) Şarl Mişel İlham Əliyevə, Paşinyana zəng etdi; c) Azərbaycan Prezidenti Rusiyanı tənqid etdi, erməni quldur dəstələrinin Qarabağdan çıxarılmamasının məsuliyyətini Rusiyanın üzərinə qoydu; d) Ceyhun Bayramov Ararat Mirzoyanla görüşdü. Bu görüşün bir neçə önəmli yönü var: 

1) görüş Moskvada deyil, Avropa Birliyinin çox önəm verdiyi Tiflisdə oldu; 2) ilk dəfə oldu; 3) heç bir vasitəçi olmadan birbaşa gerçəkləşdirildi;
- Rusiyadan qopuş, Avropa Birliyinə yönəliş çətin, ağrılı olacaq, bir az uzun çəkəcək, ancaq mütləq baş verəcək, Rusiyanın Güney Qafqazı əldə tutmaq gücü qalmayacaq, yetər ki, xalq istədiyi nemət uğrunda mücadilə etsin, hakimiyyət xalqın istədiyini, Azərbaycanın mənafeyinə uyğun olanı istəsin, doğru siyasət müəyyən olunsun, bu işə ciddi əmək, zaman, qaynaq ayrılsın;

- Ümidimin boş olmadığını göstərmək üçün dəyişimi ifadə edən bu ölçünü tanıdıram: Rusiya əvvəllər Azərbaycandan və Ermənistandan istədiyini alır, əvəzində bir şey vermirdi, bu gün isə bir şey almaq üçün mütləq bir şey vermək məcburiyyətindədir;
Ardı var... 

Paralel.az

0.016341924667358