Rusiya yeni müharibə başladır? - QARABAĞDA NƏ BAŞ VERİR?

Rusiya yeni müharibə başladır? - QARABAĞDA NƏ BAŞ VERİR?
 

Ermənistandakı revanşist qüvvələr sonuncu silahdan istifadə etmək fikrinə düşərək erməni xalqına Qarabağı yenidən işğal etməyə söz veriblər.

Bu sözləri məşhur erməni siyasətçi Tevos Arşakyan deyib.

O bildirib ki, bu sözü verməklə onların ardınca gedəcək insanların sayının artacağını düşünür:

“Bu, həqiqətən də Köçəryanın sonuncu silahıdır. Onlar hətta bəyan edirlər ki, guya Qarabağda gizlənən erməni qanunsuz hərbi biləşmələrin üzvləri artıq hücum planının üzərində işləyir”.

Maraqlıdır, bu absurd plan Köçəryana məxsusdur, yoxsa diqtə Rusiyadan gəlir? "Paralel.az"-ın xəbər verir ki, açıqlamasında politoloq Şəbnəm Həsənova “Cümhuriyət”ə bildirib ki, Azərbaycanın əldə etdiyi qələbə müasir dünyanın təhlükəsizlik arxitekturasının yenidən formalaşması prosesində beynəlxalq münasibətlər sisteminin ən böyük aktorlarını öz addımlarında ciddi korrektələrə vadar etdi:

“İndiki məqamda isə hələ qarşıda müəyyənləşəcək böyük mənzərənin elementlərini görürük. Bu baxımdan da Ermənistandakı revanşistlər nəinki dünyada, heç Cənubi Qafqazda baş verən və verəcək hadisələri dəyişməyə zərrə qədər belə təsir edə bilməzlər.

Buna görə də revanşistlərin saxta vətən sevdalarından da, boş vədlərindən də ermənilərin qarnı doyub. Gözləri doymayan revanşistlərin özləri isə böyük mənzərənin əhəmiyyətsiz fiqurlarıdır ki, onlar da müəyyən xırda məsələlərdə alət kimi istifadə olunurlar. İndi daha qlobal məsələlər üzərində dayanılır.

Azərbaycanın və Türkiyənin təklif etdiyi altılıq platforması bütün baş verən hadisələr fonunda daha aktuallıq kəsb etməyə başlayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyədən sonra Tehrana, İrəvana və Bakıya səfəri həm də, məhz bu istiqamətdə atılan addım idi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyə Respublikasına səfəri zamanı bölgə ölkələrindəki prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu regional münasibətləri, həmçinin Türkiyə-İran əlaqələrinin inkişaf imkanlarını müzakirə etmələri bu arqumentləri daha da gücləndirir. Eyni zamanda bu il ərzində Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti iclasının İranda keçiriləcəyi gözlənilir”.

Politoloq vurğulayıb ki, regionda Ermənistanın müttəfiqi olan dövlətin belə vəziyyətlə barışması, Lavrovun son İrəvan səfəri zamanı soyuq qarşılanması Azərbaycanın yaratdığı reallığın dəyişdirilə bilməyəcəyi faktından irəli gəlir:

"Prezident İlham Əliyev bir neçə dəfə çıxışında bildirib ki, Ermənistanda vəziyyəti düzgün təhlil edə bilən rasional düşüncəli siyasətçilər var. Bu baxımdan da erməni siyasətçisi Tevos Arşakyan erməni xalqının Koçəryanın yalanlarını unutmadığını bildirir, yeni müharibə üçün Ermənistanın siyasi, iqtisadi, hərbi cəhətdən gücünün olmadığını deyir. Realist yanaşmaq lazımdır ki, indiki məqamda Rusiya üçün öz maraqları hər zamankından və heç olmadığı qədər daha prioritetdir. Bu baxımdan da Rusiyanın Türkiyə ilə münasibətlərini uzlaşdırmağa birinci onun maraqlı olduğu reallığı fonunda bu gün rəsmi Moskvaya Bakı və Ankara ilə eyni düşərgədə dayanmaq daha çox dividentlər verir. Qarabağda gizlənən erməni qanunsuz hərbi biləşmələri sadəcə özfəaliyyətlə məşğul ola bilərlər. Bütün cəhdlərin qarşısı Azərbaycan tərəfindən alınır, hər bir təxribatın sonu ən yaxşı halda müharibənin nəticəsi qədər acınacaqlı olmağa məhkumdur”.

0.023343801498413