Vətən müharibəsi iştirakçıları niyə intihar edirlər? - Kimdir günahkar

Vətən müharibəsi iştirakçıları niyə intihar edirlər? - Kimdir günahkar
 

 

Bu günə qədər 36 müharibə iştirakçısı intihar edib...

Qarabağ qazisi: “Dövlət tərəfindən həm şəhid ailələrinə, həm də qazilərə çox ciddi dəstək var. Amma bu sosial dəstəyin şəhid ailələrinə, qazilərə çatması üçün ciddi işlər görülməlidir”.

“Məmurlar vəziyyəti o səviyəyə gətirib çıxarırlar ki, qazilər canlarına qıyırlar. Bu da çox faciəvi bir durumdur”.

Bu sözləri Qarabağ qazisi Rey Kərimoğlu Vətən müharibəsi iştirakçılarının intihar etmələrinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Vətən müharibəsi iştirakçılarının intihar etməsi ilə bağlı xəbərlər artmaqdadır. Qeyd edək ki, artıq 36 müharibə iştirakçısı intihar edib. Əgər müharibədən bir neçə ay sonra baş verən intihar hadisələri psixoloji səbəblərdən baş verirdisə, indi bir çox müharibə iştirakçıları məhz sosial problemlər ucbatından intihar edirlər.

Dövlətin müharibə iştirakçılarına olan qayğısını yetərli hesab etmək olar və əgər bu qayğı yetərli deyilsə, buna görə günahkar olan ayrı-ayrı məmurlardır, yoxsa ümumiyyətlə dövlətin sosial proqramları müharibə iştirakçılarını lazımı qayğı ilə əhatə etmək üçün yetərli deyil?

Vətən müharibəsi iştirakçılarının intiharlarına səbəb olanları PİA.az-ın əməkdaşı Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri, I Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu ilə müzakirə edib.

Rey Kərimoğlu: “Müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin problemləri ilə məşğul bir dövlət komitəsi yaradılsın”.

Ölkə prezidenti və birinci vitse-prezidentin qazilərə bağlı nə lazımdır tapşırıq verdiklərini nəzərə çatdıran ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, son nəticədə bütün məsələ bu tapşırılara məmurların necə əməl etməsindən asılıdır:

“Qarabağ qaziləri, şəhid ailələri ilə bağlı dövlətin sosial dəstəyi kifayət qədər var. Dövlət tərəfindən həm şəhid ailələrinə, həm də qazilərə çox ciddi dəstək verilir. Amma bu sosial dəstəyin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına çatması üçün ciddi işlər görülməlidir. Çünki bu dəstəyin ehtiyacı olaan insanlara çatdırılmasında problemlər var və bu problemləri də yaradanlar məmurlar, bürokratik aparatlardır.

Ölkə prezidenti və birinci vitse-prezidenti qazilərə bağlı nə lazımdır tapşırıq veriblər. Amma bu işi yerinə yetirən məmurlarda ciddi problemlər var. Son nəticədə bütün məsələ bu tapşırılara məmurların necə əməl etməsindən asılıdır. Bir çox məmurlar nəinki bu tapşırıqlara əməl etmirlər, hətta bilərəkdən qaziləri incidirlər. Onları get-gələ salırlar. Bu da təbii ki, qazilərin haqlı narazılıqlarına səbəb olur. Narazılıq bir yana, hətta məmurlar vəziyyəti o səviyəyə gətirib çıxarırlar ki, qazilər canlarına qıyırlar. Bu da çox faciəvi bir durumdur.

Buna görə də biz təklif edirik ki, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin problemləri ilə məşğul bir dövlət komitəsi yaradılsın. Necə ki, qaçqın və məcburi köçkünlərin problemləri ilə Qaçqınkom məşğul olur, Qarabağ əlilləri, veteranlara, şəhid ailələri ilə bağlı olan bütün problemlər də həmin mərkəzdə həll olunmalıdır. Bu problemlərin həll edilməsi üçün ən yaxşı yoldur və hesab edirəm ki, bizim bu təklifimiz ölkə prezidenti tərəfindən müsbət qarılanacaq”.

Nərminə UMUDLU

0.015366077423096