"BU SİLAH KİYEVİN QƏLƏBƏSİNİ TƏMİN EDƏCƏK"
"Ukrayna savaşını yəqin ki, "HİMARS"dan öncə" və "HİMARS-dan sonra" deyə iki şərti mərhələyə ayırmaq lazım olacaq.
“AzPolitika.info" xəbər verir ki, bu barədə siyasi təhlilçi Şahin Cəfərli bildirib.
"Çox effektiv silahdır. Dəqiqliyi çox yüksəkdir. "Smerç"lə, "Uraqan"la, "Qrad"la filan müqayisə bu silaha hörmətsizlik olar, çünki yeganə bənzərlik şassilərinin boyasıdır", - ekspert vurğulayıb.
Ş.Cəfərli xatırladır ki, HİMARS gələndən bəri işğal altında olan ərazilərdə Rusiya ordusuna aid silah-sursat anbarlarının, yanacaq bazalarının, komanda məntəqələrinin və kazarmaların çox uğurla demilitarizasiyası həyata keçirilir. Onun sözlərinə görə, yüksək rütbəli zabitlər başda olmaqla, yüzlərlə ölü və yaralı var.
""Məntəqə təmizliyi" başa çatdıqdan sonra Ukrayna ordusunun böyük hücumları başlayacaq",- təhlilçi qeyd edib.
Ekspert bildirir ki, ABŞ hələlik Ukraynaya 8 ədəd HİMARS verib, daha 4-ü yoldadır: "Britaniya, Norveç və Almaniya tərəfindən 9 ədəd M-270 də veriləcək. M-270 HİMARS-ın analoqudur, sadəcə, tırtıllı şassi üzərindədır. Beləliklə, yaxın həftələrdə 21 ədəd yüksək dəqiqliyə malik raket sistemi Ukrayna ordusunun sərəncamında olacaq. 8 ədəd HİMARS-la 2 həftədir qarşı tərəfdə ciddi çaxnaşma yaradan Ukrayna ordusu 21 sistemlə bunun üç qatını edəcək".
Ş.Cəfərli bildirir ki, ABŞ ehtiyac görsə, bu sistemlərdən 21 yox, 51, hətta 91 ədəd də göndərə bilər. Onun sözlərinə görə, HİMARS və M-270-lərdən atılan, 300 km məsafəyə dəqiq zərbə endirən ATACMS operativ-taktiki raketləri hələ Ukraynaya verilməyib.
Təhlilçinin sözlərinə görə, Ukraynanın canlı qüvvə ehtiyatı və ən əsası da xalqın əzmkarlığı bu savaşı illərlə aparmağa imkan verir: "Yeganə şərt Qərbin dəstəyinin azı hazırkı səviyyədə davam etməsidir. İndi Ukraynanın da, Rusiyanın da taleyi ABŞ-ın əlindədir. Hələ ki Ukraynaya NATO ölkələrinin istehsalı olan aviasiya, qısa mənzilli ballistik raketlər, strateji PUA-lar və digər modern sistemlər verilmir. Müharibə uzansa və bunlar da Ukraynaya verilməyə başlansa, "F-15"lər, "F-16"lar, "Thunderbolt"lar Ukrayna səmalarına tamamilə hakim olsa, Rusiya nə edəcək? ABŞ ordusunda qarşıdakı illərdə istismardan çıxarılacaq yüzlərlə bu tip döyüş təyyarələri, minlərlə tank, on minlərlə zirehli texnika var. Bunları Ukraynaya versə, nə olacaq?"
Şahin Cəfərli deyir ki, Rusiyanı idarə edənlər arasında ağıllı adamlar qalıbsa, oturub düşünməlidirlər.
"Yəqin ki, qalıb. Şimal cəbhəsindən bir anda çəkilib, bunu "əslində bizim məqsədimiz Donbası azad etmək idi" əsaslandırması ilə rus xalqına "yedirənlər", eləcə də Zmeinıy adasından çəkilib, bunu "xoşməramlı addım" kimi təqdim edənlər hər kimdirsə, başları işləyir. Onlar eynilə Ukraynanın cənubundan - Xerson və Zaporojye ordunu "xoşməramlı addım" kimi geri çəkə bilərlər. Belə olsa, Ukrayna masaya oturacaq və Makronun dediyi kimi, Rusiyanın sifətini qoruyan sülh əldə etmək mümkün olacaq. Əks halda, hər iki tərəf üçün tükəndirici və qanlı olan bu savaş davam edəcək. Rusiyanın bu savaşda qələbəsinə imkan verilməyəcək", - təhlilçi vurğulayıb.