Polşadakı diasporumuz “Qarabağ”a uğurlar arzulayır
İyulun 12-də Ağdamın “Qarabağ” klubu Bakıda Polşanın “Lex” komandasına qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Azarkeşlərin böyük maraqla gözlədikləri oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, bu komandaların iyulun 5-də Polşanın Poznan şəhərində baş tutan ilk görüşü ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Həmin matç zamanı Azərbaycan diasporunun üzvləri Ağdamın “Qarabağ” futbol klubuna fəal şəkildə azarkeşlik ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Polşa Azərbaycanlıları Şurasının və Varşavadakı Azərbaycan Evinin rəhbəri Fərid Cəfərovun təşkilatçılığı ilə gənc soydaşlarımız UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən oyunu stadionda izləyiblər.
Üçrəngli bayraqlarımızı dalğalandıran, “Azərbaycan”, “Qarabağ” və digər şüarlar səsləndirən gənclərimiz futbolçılarımıza mənəvi dayaq olmağa çalışıblar.
Diasporla İş üzrə Dövlət Komitəsi, Polşa Azərbaycanlıları Şurası və Varşavadakı Azərbaycan Evi cavab oyununda “Qarabağ”a uğurlar arzulayır.