İcra başçısı özünü yandırıb, ölən qazidən danışdı: "Orada namus məsələsi var"
Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.
Paralel.az xəbər verir ki, qazinin yas mərasimində Sabirabadaın icra başçısı Siraqəddin Cabbarov da iştirak edib. O, E.Cəfərovu qəbul etməməsi ilə bağlı suala cavab verib:
“Bu, səhv düşüncədir. Rəsmi qaydada hər həftənin 4-cü günün mənim qəbulumdur, 5-7 saat çəkə bilir. Əvvəlki dövrlərdə Elvinlə də dəfələrlə görüşüm olub. Qəbul olmayanda da nə vaxt gəlib qəbul etmişəm. Bu son hallardan mənim ümumiyyətlə xəbərim olmayıb. Bununla bağlı da istər icra nümayəndəsi, istər bələdiyyə tərəfindən, istərsə də rayon icra hakimiyyəti tərəfindən nə tələbi olubsa, hamısı imkan daxilində həyata keçirilib. Elə bir hal olmayıb ki, Elvinin qaldırdığı məsələ həll olunmamış qalsın”, - deyə o bildirib.
İcra başçısı qazinin özünü nə üçün icra hakimiyyətinin qarşısında yandırması ilə bağlı suala belə cavab verib:
“Birincisi, icra hakimiyyətinin qarşısında yox, mədəniyyət sarayının qarşısında yandırıb. İkincisi, gəlin, hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan məsələni burada araşdırmayaq. Yəqin ki, başqa nə məsələ varsa, hamısı üzə çıxacaq”.
S. Cabbarov qazinin evinin qarşısında asılmış bayrağın yenilənməməsi ilə bağlı jurnalistlərin iradına cavab olaraq bayrağın yenilənəcəyini deyib. Başçı jurnalistlərin “sizcə, icra hakimiyyətinin münasibəti bayraqla ölçülmürmü” sualına cavab olaraq onlara provakasiyalı suallar verməməyi tövsiyə edib:
“Belə məsələləri siyasiləşdirmək düzgün deyil. Bu, siyasi məsələ deyil. Hüquq-mühafizə orqanları araşdırır. Onun psixoloji durumunda müəyyən problemlər olub”, - S. Cabbaorv əlavə edib.
İcra başçısı Sabirabadda daha əvvəl də bir qazinin özünü asması məsələsinə də toxunub:
“Onun səbəbini rayon prokurorluğu araşdırır. Bununla bağlı burada açıqlama vermək istəmirəm ki, o biri qazilər gözdən düşsün. Orada namus məsələsi var. Bugünkü istiqamət ona gedir",- deyə o söyləyib.