Keçmiş kürəkənini öldürən qayınata hakim qarşısında
Salyanda keçmiş kürəkənini qətlə yetirməkdə təqsirli bilinən Məlikağa Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Paralel.az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənləran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası iyulun 14-nə təyin olunub.
Qeyd edək ki, aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən kənd sakini 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.