“Müharibə olsa, nə Rusiya, nə də Qərb bizə kömək edəcək...” - Ermənistanda təşviş
Ermənistanda Rusiyaya bağlı radikal-revanşistlərin "bəxti" heç cür gətirmir. Özü şeytandan fərqlənməyən müxalifətdən az qala, şeytan da üz döndərib. "Soros"çu Paşinyan iqtidarını devirmək cəhdləri ard-arda iflas olmaqdadır.
Bununla belə revanşist kəsim sanki möcüzəyə inanırmış kimi, uğursuz səylərini davam etdirir. Bir neçə gündür ənənəvi, əslində isə hamını bezdirmiş şüarları və ənənəvi azsaylı elektoratı ilə təzədən İrəvan küçələrinə çıxıblar.
Hakimiyyət isə elə də narahat görünmür. Çünki aksiyaların kütləviliyini təmin eləmək siyasi opponentlər üçün bu dəfə daha müşkül olacaq. Səbəb əlbəttə ki, ən əvvəl yeni-köhnə müxalif qüvvələrin özləri və onların irəli sürdüyü köhnə ultra-millətçi, irqçi şüarları və hakimiyyətlə müqayisədə daha inandırıcı "yol xəritəsi" hazırlaya bilməmələri ilə bilavasitə bağlıdır.
"İrəvanda son vaxtlaradək ciddi daxili siyasi qarşıdurma vəd edən mitinq dönəmi deyəsən, boşa çıxır. Bunun bir neçə səbəbi var. Əvvəla, xalq müxalifətin hay-küyündən yorulub və qəti olaraq anlayıb ki, anti-Paşinyan hərəkatının sükanı arxasında duran sabiqlər yalnız Günəşin altındakı köhnə yerlərinə qayıtmaq arzusundadırlar, yerdə qalanlar isə boş-boş söhbətdir. İkincisi, artıq yay başlayıb. Bu isə ənənəvi tətil dövrüdür. Bir çox İrəvan sakinləri dincəlmək üçün harasa - Sevana (Göyçəyə - red.), Gürcüstana və ya maliyyə imkanı yaxşı olanlar daha uzaqlara dincəlməyə gedirlər".
"Paralel.az" musavat.com-a istinadən xəbər verir ki, bu barədə Tevos Arşakyanın Armenianreport.com-dakı məqaləsində deyilir.
Radikal-revanşısitərin guya hakimiyyətə gələcəkləri təqdirdə "artsax"ı qaytaracaqlarını xülya hesab edən müəllif ardınca yazır: "Birincisi, bizim sadəcə olaraq yeni müharibə üçün güc-resursumuz yoxdur. İkincisi, elə müxalifətin güvəndiyi Rusiya bizə buna getməyə imkan verməyəcək. Kreml "artsax"dakı hazırkı vəziyyətdən məmnundur və azəri və türklərlə faktiki "bal ayı"ndadır. Moskva yüz faiz hətta Köçəryana görə Bakı və Ankara ilə mübahisəyə girməyəcək. Rusiya onsuz da təcrid vəziyyətindədir və hələ üstəlik, Ərdoğan və Əliyevə qarşı hərəkətləri özünə rəva bilməz".
Məqalədə Qərbin də müharibə variantında revanşistlər tərəfdə mövqe tutmayacağına əminlik ifadə edilir: "Rusiya-Ukrayna müharibəsinə başı qarışan, Rusiyadan enerji asılılığından xilas olmağa çalışan Qərb də çətin ki, neft və qazla zəngin Azərbaycanı özünə qarşı çevirmək istəsin. Bəli, xoşumuza gəlməyə bilər, amma bunlar sərt reallıqlardır. Odur ki, Köçəryanın tərəfdarlarının "artsax" məsələsi ilə bağlı spekulyasiya etdiklərinini hamımız mükəmməl bilməliyik".
Keçmiş xunta rejimi təmsilçilərinin erməni xalqına yaxşı rifah vəd eləməsini də müəllif gülünc və demaqogiya adlandırır. "Və nəhayət, Köçəryanın tərəfdarlarından ikirəqəmli iqtisadi artım, sosial ədalət, yoxsulluğun azaldılması və insanların güzəranının yaxşılaşdırılması ilə bağlı vədlər eşitmək sadəcə, gülüncdür. Biz artıq 10 ildir ki, Robert Sedrakoviçin rəhbərliyi altında yaşamışıq və o həyatın bütün "gözəlliklərini" yaxşı xatırlayırıq. Əmin olun, Ermənistan sakinlərinin çox az hissəsi o günlərə qayıtmaq istəyir. Necə deyərlər, üzüb çatmışıq, bilirik. Odur ki, uşaqlar, sağlığınıza kiçik mitinqlərdə boğaz yırtmağa davam edin - Ermənistanda çay yerinə demokratiya sizin hakimiyyətiniz dövrünün nümunəsi olmasa da...", - deyə müəllif fikrini ironik şəkildə tamamlayıb.