Vicdan susanda

Vicdan susanda
 

 M.Mərdanov:»Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır»

 Azərbaycan televiziyalarının bərbad yayım siyasətindən hamı xəbərdardır, amma və ancaq… 

Bu səbəbdən də, Azərbaycan televiziyalarını seyr edən adam tapmaq müşkülə çevrilib, bu məmləkətdə. Bütün verilişlərin şou, reklam xarakteri daşıması da, insanlarda haqlı narazılıq yaradır.  Telekanallarda geniş təbliğ və reklam olunan həkimlərin böyük əksəriyyətinin pul tələsi olması da, heç kimə sirr deyil.  Bir kanalda gün ərzində nə qədər şou verilişi və həkim, dərman reklamı olar? Bunlar olmadıqda isə keçirlər biş-düşə. Guya min illərdir Azərbaycan xalqı yemək bişirə bilməyib, indi bunlardan öyrənməyə məcbur qalıb. 

Sözün qısası, ara-sarı bu barədə söz-söhbətlər olur, amma söz- söhbətdən o yana çıxmır. Çünki  telekanalların əsas məqsədi təbliğat-təşviqat və maarifləndirmə deyil, pul qazanmaqdır.  

Bugünlərdə bir toplantıda çıxış edən eks- təhsil naziri Misir Mərdanov telekanalları sərt tənqid edib: »Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır». Mən Misir müəllimlə tam razıyam, amma bir əmması var. Belə ki, Misir müəllim ancaq faktı dilə gətirib, səbəbləri barədə isə susub. Məsələn, ölkəmizdə baş alıb gedən rüşvətxorluq, korrupsiya, inhisarçılıq, məmur özbaşınalığı, ekranlarda gördüklərimizdən daha ağır tərbiyəsizlik, vicdansızlıq və şərəfsizlik deyilmi?

Bu gün telekanallarda veriliş aparanların, orada çıxış edənlərin böyük əksəriyyəti də Misir Mərdanovun Təhsil naziri olduğu zaman yaratdığı rüşvət bataqlığının yetirmələri deyillərmi? Ona görə də xalqımızın deyimlərinə qarşı həssas olmaq lazımdır. Atalarımız isə deyir: «Nə əkərsən, onu da biçərsən» yaxud, «Nə tökərsən aşına, o da çıxar qarşına».

Dünən püşvət hesabına diplom alanın, bu gün hansısa bir iş üçün müəllimindən rüşvət istəməsi, heç də təəccüblənəsi bir iş deyil.

Bizim dövrümüzdə müəllim, əsla şagirdin qarşısında siqaret çəkməzdi, bilirdi ki, müəllim nümünədir. Bu gün müəllim şagirdindən siqaret istəyib çəkirsə, şagirdin müəllim qarşısında siqaret çəkməsi də, adi hal alacaq. Rüşvət də, həmçinin, rüşvətlə təhsil alıb vəzifəyə gələn məmur, mütləq rüşvətxor olacaq, onun başqa yolu yoxdur. Necə deyərlər:» Qozbeli qəbir düzəldər».

Bu gün Azərbaycan təhsilində baş verənlər zamanı gələcək iki, üç qatına qarşımıza çıxacaq. On görə də, açıqca demək lazımdır ki, hazırda telekanallarda və mediada baş verənlərdə bir zamanlar təhsil naziri olmuş Misir Mərdanovun da suçu az, sadəcə onu etiraf etməyi bacarmaq lazımdır. Tənqid etməyə nə var ki.

S. Yusif 

"Paralel.az"

 

0.017886877059937