Çap mediası can verir

Çap mediası can verir
 
Buna səbəb KİVDF və MŞ oldu
 
Açığını etiraf etmək lazımdır ki, Azərbaycanda çap mediası, ümumiyyətlə dövlət inhisarına keçib. Dövlətdən yardım almayan media qurumları isə demək olar ki, öz fəaliyyətlərini tam dayandırıblar. Bununla da ölkəmizdə azad, müstəqil media anlayışları da, tarixin arxivinə gömüldü. Hazırda Azərbaycan çap mediası « kim pul verir, o da musiqi sifariş edir» prinsipi ilə fəaliyyət göstərir. Əslində isə əsas meyar oxucunun çap mediasına münasibəti olmalıdır. Bir çoxları isə nədənsə çap mediasının tənəzzülündə əsas etibarı ilə oxucuları  və sosial medianı ittiham edir. Amma heç düşünmək belə istəmir ki, əgər oxucu sənin nəşrində onun oxumaq istədiyini tapmırsa, nə üçün onu pul verib almalıdır? O ki qaldı sosial mediaya, dünyanın hər yerində sosial media var və bizdən çox-çox əvvəl olub. Amma həmin ölkələrdə aparıcı söz sahibləri yenə də çap mediasıdır.  Dövlətdən, sahibkarlardan dəstək ümmaq isə zəiflik və onlardan asılı vəziyyətə düşmək deməkdir. Qəzet oxucusuna güvənməlidir. Kimlərisə ittiham etməzdən əvvəl bir diqqət edək, görək Azərbaycanda buna imkan və şərait varmı? 
Bax, ən əsas məsələ də, məhz budur. Hazırda ölkəmizin çap mediası tam olaraq dövlətin və məmurların təhdidi altındadır.  Buna görə də hər kəs, o cümlədən müstəqil çap mediasına dəstək olmaq istəyən sahibkarlar belə, bu addımı atmaqdan çəkinirlər. Sahibkar tam əmin olmaq istəyir ki, dəstək verdiyi media sabah onu haqsız yerə təhdid edən dövlət məmurlarının hücumlarından (eks- MTN işini xatırlayın) qoruya biləcək. Hazırki Azərbaycan mediasında bu güc yoxdur. Ümumiyyətlə, cəmiyyətə təsir etmək imkanlarından belə, məhrumdur. Dövlətdən dəstək alan media isə tənqidi tam olaraq öz səhifələrindən çıxarıb. Amma cəmiyyətdə o qədər tənqid olunmalı məsələlər var ki, dövlət həmin məsələləri həll etmək əvəzinə, dəstək vermək adı ilə medianı susdurmağa üstünlük verir.
Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu və Mətbuat Şurası da, məhz bunun üçün yaradılmışdı və öz funksiyalarını (qəbahətləri də oldu şəksiz) yerinə yetirdikdən sonra atdılar bir kənara. Yeni yaradılan qurum isə sadəcə jurnalistləri maarifləndirməklə məşğuldur. Elə bil Azərbaycanda normal jurnalist qıtlığıdır, hamının maariflənməyə ehtiyacı var. Sonra hər şey qaydasına düşəcək.
Mənə belə gəlir ki, bizə yardım, dəstək və maariflənmək yox, azadlıq və müstəqillik lazımdır. Belə olduğu təqdirdə, dövlət də bizdən daha çox xeyir görə bilər. Azad media məmur özbaşınalığı, rüşvətxorluq, korrupsiya və inhisarçılığa qarşı daha effektiv mübarizə aparmaqla döləti bu pisliklərdən qurtarmağa yardımçı ola bilər. Bugün isə həmin rüşvətxorlar, korrupsionerlər, inhisarçılar və qudurğan məmurlar tam əmindirlər ki, media onlara heç nə edə bilməz. Dövlət ölkəni bu pisliklərdən qurtarmaq üçün çap mediasına azadlıq verməlidir.
Yusif Seyid
0.020020008087158