Qohumunu aldadıb külli miqdarda pulunu mənimsəyən qadın - Hakim qarşısında

Qohumunu aldadıb külli miqdarda pulunu mənimsəyən qadın - Hakim qarşısında
 

Dələduzluqda təqsirləndirilən Qızılgül Musayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Paralel.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, paytaxt sakini Fəridə Quliyeva ümumilikdə 92 min manatlıq dələduzluğa məruz qalıb. Belə ki, o, Nəriman Nərimanov metro stansiyası yaxınlığında yerləşən binadan kreditlə ev almaq üçün qohumu Qızılgül Musayevaya 2018-ci ildə ilkin olaraq 15 min manat verib. Daha sonra hər ay iki min manat həmin şəxsə pul ödəyib.

2020-ci ildə isə Qızılgül Musayeva Fəridə Quliyevaya həmin binadan ev əvəzinə iaşə obyekti almağı məsləhət görüb. Bu məqsədlə zərərçəkmişdən əlavə 15 min manat da pul alıb. Aldadıldığını görən Fəridə Quliyeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən Qızılgül Musayeva saxlanılıb.

İstintaq zamanı məlum olub ki, Qızılgül Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirib baha qiymətə satmaq olub.

0.020153999328613