Qarabağ Komitəsi növbəti yığıncaq keçirib
Bugünkü yığıncağında Qarabağ Komitəsinin İdarə Heyəti hökümətdən aşağıdakı tədbirləri görməyi tələb edir:
- Azad olunmuş torpaqlara qayıdışla əlaqədar ictimai təşkilatların tələblərinə Azərbaycan hökuməti ətraflı cavab verməlidir, xalqa məxsus olan torpaqların iri şirkətlər arasında bölüşdürülməsi yolverilməzdir, əhalinin pay torpağını özünə qaytarmağın gecikməsi dözülməz haldır;
- Rusiyanın Qarabağda destruktiv fəaliyyətinə birdəfəlik son qoymaq üçün təcili rus ordusu Qarabağdan çıxmalıdır, sərhədlərin Rusiya ordusu tərəfindən qoruması barədə təklif Rusiya və Azərbaycan arasında 22 fevral 2022-ci il tarixdə imzalanmış strateji müttəfiqlik barədə sənədə ziddir və qəbuledilməzdir;
- İşğaldan azad olunmuş torpaqlarda əhalinin məskunlaşmasını hökumət təcili təmin edilməlidir, məskunlaşmanın gecikməsi Ermənistanın revanşist qüvvələrini işğala təşviq edir.
- Ölkə sərhədləri tam bağlanmalıdır, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılaşmadığına görə, Azərbaycan ilk növbədə Laçın dəhlizini bağlanmalı, Zəngəzurun əzəli Azərbaycan torpağı olduğunu, bolşevik Rusiyasının Zəngəzuru 1923-cü ildə qanunsuz, zorla Azərbaycandan alınıb, Ermənistana verilməsini, beynəlxalq hüquq çərçivəsində, hökumət geri tələb etməli, beynəlxalq erməni terrorçu qruplarını Qarabağdan çıxarmaq üçün Azərbaycan ordusu ləngimədən antiterror əməliyyatı keçirməlidir. Zəngəzur dəhlizinin açılmasına razı olmayan Ermənistanın mövqeyini müdafiə etməsi İranın düşmənçilik hərəkəti kimi hökumətin nəzərindən qaçmamalıdır.
******
Bu gün Qarabağ Komitəsi İdarə heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda son həftədə Cənubi Qafqazda və ölkəmizin Qarabağ bölgəsində yaranmış gərgin vəziyyəti hərtərəfli müzakirə edərək, bir sıra vacib tələblər irəli sürüblər.
Qarabağ Komitəsi İdarə Heyətinin üzvləri Ermənistan rəhbərliyinin regionda münasibətlərin nizamlanmasına müxtəlif əngəllər yaratdığını və bu məsələlərin, məhz Rusiyanın himayəsilə baş verdiyini xüsusi olaraq qeyd edir. Ermənistan sərhədlərin demarkasiya və demilitasiyası prosesini qəsdən uzadır, məlum razılaşmalardan boyun qaçırmağa uğursuz cəhd edir.
Qarabağ Komitəsi İdarə Heyətinin üzvləri Laçın dəhlizinin bağlanmasını, həmin yolun əvvəlində sərhəd-keçid və gömrük məntəqəsinin yaradılmasını, Qarabağda antiterror əməliyyatının keçirilməsini Azərbaycan hökumətindən tələb edir.
Rusiya sülhməramlıları tezliklə Qarabağdan çıxarılmalı və bütün sərhədlər bağlanmalıdır.
Qarabağ Komitəsi İdarə Heyətinin üzvləri məcburi köçkünlərimizin doğma yurdlarına qayıtmasına lazımi şərait yaradılmamasına görə, Azərbaycan hökumətini kəskin tənqid edir və hakimiyyət orqanlarını bu istiqamətdə göstərdiyi fəaliyyətsizliyə son qoymağa çağırır.
Komitə azad olunan torpaqlara qayıdışla əlaqədar ictimai təşkilatların tələblərinə hökumət tərəfindən ətraflı şəkildə cavab verilməsini tələb edir və işğaldan azad olmuş torpaqların ayrı-ayrı məmurlara məxsus olduğu şübhə doğurmayan iri şirkətlər arasında bölünməsini yolverilməz hal hesab edir.
Azad olunan torpaqlarda bərpa işlərinin həyata keçirilməsi şəffaf olmalı və mediada əks olunan bütün korrupsiya hallarının qarşısı hökumət tərəfindən vaxtında alınmalıdır.
Komitə üzvləri hesab edirlər ki, məskunlaşma prosesinin gecikdirilməsi birbaşa Rusiyanın təzyiqilədir və bu problem qısa zamanda aradan qaldırılmalıdır.
Komitə üzvləri sərhədlərin Rusiya ordusu tərəfindən qorunması təklifini rədd edirlər və Zəngəzurun əzəli Azərbaycan torpağı olmasını təsdiq edən tarixi sənədlər əsasında həmin torpaqların geri, sahibinə qaytarılması istiqamətində beynəlxalq mübahisələndirmə aparılmasını hökumətdən tələb edir.
Mətbuat xidməti