Qurban dəyərlərinin mesajları - VI yazı

Qurban dəyərlərinin mesajları - VI yazı
 

Siracəddin Hacı:

(QURBAN HZ. İBRAHİM İLƏ HZ. İSMAYILI ÖRNƏK GÖSTƏRİR)

Allahın bütün ELÇİLƏRİ insanlığa örnək olmaq üçün göndərilmişlər. Bu o deməkdir ki, insanın ÖRNƏYƏ ehtiyacı var. Belə ki, ÖRNƏK insana yol göstərir, ümid, güvən verir, cəsarətləndirir, deyir ki, ÖRNƏK olan bacardı, sən də bacaracaqsan.
Xeyir olandan ÖRNƏK, şər olandan İBRƏT alınar. ÖRNƏK deyir ki, xeyri çoxaldan bu işləri sən də et, İBRƏT deyir ki, şəri çoxaldan bu işlərdən uzaq dur. İnsan bu dünyada bir dəfə yaşayır, yenidən dünyaya gəlib səhvlərini düzəltmək imkanı olmur. İmtahan yeri kimi seçilən bu dünyada qonaq olan insanın axirət yolçuluğunda səhvlərini ən aza endirmək üçün ÖRNƏYƏ ehtiyacı var. ÖRNƏK əmək vermədiyin, alın təri tökmədiyin, hazır xəzinədir, təcrübədir, nemətdir...
Allah bütün ELÇİLƏRİNİ İNSANLIĞA ÖRNƏK olmaq üçün göndərsə də, Qurani-Kərimdə özəl bir ifadəyə də yer verir: “ƏN GÖZƏL ÖRNƏK” – “ÜSVE-İ HƏSƏNƏ”. O, bu ifadəni yalnız iki ELÇİ-yə aid edir: tək qalsa da, bir ümmət olan hz. İbrahimə, oğlu hz.İsmayıl yolu ilə Onun soyuna bağlanan, son ELÇİ, aləmlərə rəhmət olaraq göndərilmiş hz. Məhəmmədə.
Qurban Allahın insanı tərbiyə proqramının ayrılmaz bir parçasıdır. Bu ağılı, qəlbi, vicdanı, iradəni inşa proqramının içində hz.İbrahimlə oğlu hz.İsmayılın Allaha SƏDAQƏT və TƏSLİMİYYƏTİ var. Bu örnəklər deyirlər ki, seçilmək, imtahanı şərəflə vermək, imam (lider) olmaq, qurban olmaq – Allaha yaxın olmaq istəyən Ona sədaqət və təslimiyyətdən ayrılmasın.
Allah Qurani-Kərimdə hz.İbrahimi KƏLMƏLƏRLƏ sınadığını buyurur. KƏLMƏLƏRLƏ sınanmağın nə anlama gəldiyi ilə bağlı çoxsaylı görüş var. Bir çox alimlər ayədəki “kəlmələrlə” sözünün Allahın əmr və yasaqları olduğunu söyləmişlər. Biz deyirik ki, uyğun fikir söyləmək üçün “KƏLMƏ” sözünün kök mənalarına baxmaq zəruridir. Bu söz “k-l-m” kökündəndir. Qurani-Kərimdə eyni kökdən olan sözlər 75 dəfə işlənmişdir. Bu mənaları var: “danışmaq”, “Allahın vəhyi”, “hz.İsa”, “Allahın elmi”, “Allahın əmrləri”...
Ərəb dilində “k-l-m” kökündən olan bütün sözlərin canında güc və şiddət anlayışı var. Yəni hz. İbrahimin sınandığı kəlmələr çətin, insanı sarsıdan, şiddətli, acı verən, iz qoyan, çox təsirli şeyləri ifadə edir. Hz.İbrahimin həyatında hansı imtahanlar var?
BİRİNCİSİ, o, atəşə atılsa da, yolundan – tövhid inancından dönməmiş, bu dar və zor günündə Allahın onu qoruyacağına inanmışdır.
İKİNCİSİ, hz.İbrahimin həyatınsa hicrət var. O, yurdundan zorla çıxarılmışdır, yurdunu tərk etsə də, tövhid inancını tərk etməmişdir.
ÜÇÜNCÜSÜ, hz.İbrahimin həyatında QURBAN var. O, çox yaşlı vaxtında bir övlada qovuşmuş, gözünün ağı-qarası İsmayılı gördüyü yuxudan anladığı mesajla Qurban kəsmək qərarına gəlmişdi. O, çox sevdiyi oğlunu Qurban kəsməyə razı oldu, ancaq tövhid inancını qurban verməyə razı olmadı. Burada önəmlə vurğulamaq istəyirəm ki, Qurani-Kərimdə Allahın, ey İbrahim, oğlunu qurban kəs deyə bir əmri yoxdur. Hz. İbrahim gördüyü yuxunu yozaraq hərəkət etmişdir.
DÖRDÜNCÜSÜ, hz. İbrahimin həyatında bütpərəst atası ilə mücadilə var. Ata ilə sınanmaq ağır işdir. O, atalıq bağını qoparmasa da, inanc bağını qoparmış, atasının şirkini rədd etmiş, atasının təhdidlərinə baxmayaraq, tövhiddən zərrə qədər uzaqlaşmamışdır.

BEŞİNCİSİ, hz. İbrahim xanımları ilə sınanmışdır. Saranın (Saray) qısqanclığı üzündən xanımı Həcəri, çox sevdiyi oğlu İsmayılı yaşamaq üçün heç bir şəraiti olmayan Məkkəyə yerləşdirsə, onlardan uzaq qalsa da, tövhid və ədalətdən ayrılmamışdır. İlahi rəhmət özünü göstərmiş, Həcərin və İsmayılın bərəkəti ilə susuz Məkkə Zəmzəm suyuna qovuşmuş, Həcərin su axtaran zaman gedib gəldiyi (səy etdiyi) yer Həcc ziyarətinin bir parçasına çevrilmişdir. Hz.İbrahimin bu ağır imtahanlardan şərəflə çıxmasının ilahi mükafatı nədir? Gəlin Allahı dinləyək: “BİZ ONU (HZ.İBRAHİMİ) DÜNYADA SEÇKİN QILMIŞDIQ, AXİRƏTDƏ İSƏ MÜTLƏQ ƏRDƏMLİLƏR ARASINDA YER ALACAQ”. Allaha bir sual da verək: hz.İbrahimi seçməyin və cənnət neməti ilə mükafatlandırmağın səbəbi nədir? Cavabı da Allahdan dinləyək: “RƏBBİ ONA TƏSLİM OL DEYƏNDƏ QARŞILIĞI BU OLDU: ALƏMLƏRİN RƏBBİNƏ TƏSLİM OLDUM”. Mesaj budur: ilahi mükafatın səbəbi Allahın iradəsinə təslimiyyətdir. Onun buyurduğu kimi inanmaq, Onun buyurduğu kimi yaşamaqdır, şəhidlikdir, yəni Allahın yolunda olmaqdır, varlığını imanına şahid tutmaqdır.
Allah buyurur ki, ey İbrahim, Səni insanlığa (bir qrupa, bir irqə, bir məzhəbə, bir təriqətə deyil) İMAM seçəcəyəm. Ayədə diqqəti çəkən məsələlərdən biri də budur ki, hz.İbrahim öncə imtahan olunur, sonra imam seçilir (öncə imtahan, sonra imamlıq). Burada 3 mesaj var: a) Allah elçilərini təsadüfən seçməz; b) seçilmək istəyən öncə imtahandan şərəflə keçməlidir. İMTAHANSIZ İMAMLIQ YOXDUR; c) hz.İbrahim ən gözəl örnəkdir, yəni Allahın yanında dəyər qazanmaq istəyən Allahın dostu olan hz.İbrahimin yolu ilə getsin.
Ardı var...

Paralel.az

0.054016828536987