Məşədi İbad Zeynalabdin Tağıyevin obrazıdır?! (“Qısa qeydlər” silsiləsindən)

Məşədi İbad Zeynalabdin Tağıyevin obrazıdır?! (“Qısa qeydlər” silsiləsindən)
 

Deyirlər ki, Üzeyir Hacıbəyovun “O, olmasın, bu, olsun” komediyasındakı tacir Məşədi İbad məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin obrazıdır.

Mən bu fikri dəstəkləmirəm, amma üst-üstə düşən məqamları diqqətə çatdırmaq istəyirəm... Məsələn, Hacı sonuncu arvadı Son xanımla nikaha girəndə 73, Sona isə, 17 yaşında olub. Məşədi İbad Gülnaz xanıma elçi düşəndə 50, Gülnazın isə 15 yaşı vardı. Məşədi İbadın da əvvəlki arvadlarından birinin adı Sona idi...

Məlum olduğu kimi, yazıçı-bəstəkar, ziyalı Üzeyir Hacıbəyovla milyonçu Zeynalabdin Tağıyevin münasibətləri həmişə soyuq olub. Əsas obyektiv səbəb həmin klassik səbəbdir: ziyalı xalq – hakimiyyət qarşıdurmasında xalqın tərəfində duran işıqlı adamlara deyilir. Hacı isə, milyonçu-oliqarx olaraq, hakimiyyətin tərəfində idi və Rusiya çarından neçə orden-medal almışdı.

Subyektiv səbəblər isə çoxdur, məsələn, Hacının “Molla Nəsrəddin”ə münasibəti pis idi, hətta jurnalı satın almaq və ya qapatmaq istəyirdi. Üzeyir bəy isə, “Molla Nəsrəddin”çiləri dəstəkləyirdi, onlara böyük sayğı göstərirdi. Yeri gəlmişkən, “O, olmasın, bu, olsun” filmində də bu məsələyə xüsusi diqqət verilir...

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Zeynalabdin Tağıyev əvvəldən neft milyonçusu olmayıb, Məşədi İbad kimi adi tacir olub. Həmin dövrdə Hacının Bakıda və Abşeronda “gündəlik tələbat malları” satan 40-dan çox dükanı olub. Sadəcə olaraq, 50 yaşından sonra bir neçə tanışı ilə Bakı ətrafında hardasa 1 hektar torpaq alıb və bu torpaqlar neft və “qızıl” fontanı vurub.

Deyildiyi kimi, Hacının arvadlarından birinin adı Sona olub və Sona xanımın gənc mühəndis Lütvəli Behbudovla münasibəti hətta milyonçunun özünə də məlum olub. Hacı qoçulara göstəriş verib və Behbudovu möhkəm döydürüb. “O, olmasın, bu, olsun” filmində bu məsələ mühəndis Sərvər – qoçu Əsgər qalmaqalı kimi göstərilir. Təbii ki, Üzeyir bəy Sərvərin tərəfindədir.

Amma Üzeyir bəy şəxsi münasibətlərə böyük önəm vermir, həmişə ədalətin tərəfindədir. “O, olmasın, bu, olsun” komediyasında heç kimə kələk qurmayan, sözünün üstündə duran bir kişi – Məşədi İbad obrazı var...

Qalib ARİF

0.018630027770996