Tanrının nəqşi...

Tanrının nəqşi...
 

Səbrimizə mükafat olaraq!

Qisasın qiyamətə qalmadığı bir zamanda mənfi xislətli düşmənin  “saman çöpü”ndən yapışmasını, nəticəsiz çabalarını gördük. Düşmən zəbt etdiyi torpaqlarımızı əkib-becərə bilmədi, illər ərzində yalnız dağıtmaqla, talançılıqla məşğul oldu. Bacardığı da elə bu idi, zatən. Yağmaladığı yerlərdə nə vardısa, uçurub-dağıtmaq, yandırmaq, yerlə-yeksan eləmək, var olanları yoxa çevirmək. Qüvvəsi çatanı ölkəsinə daşımaq, gücü çatmayanı, apara bilmədiyini isə yarımcan eləmək, hər tərəfi minalamaq. Bir sözlə, erməni xislətinə sadiq qalmaq...

Yaxın keçmişimizlə bağlı olan, eləcə də XX əsrin əvvəllərinə gedib çıxan, soydaşlarımıza qarşı sərgilənən mənhus səhnələrin, müdhiş soyqırım faktının sayı-hesabı yoxdur. Əslində, erməni vandalizminin elə məqamları var ki, onları üzə çıxarmaq üçün neçə il gərəkdir. Erməni adlı düşmənin mahiyyəti budur  - amansız soyqırım faktından tutmuş, ağlagəlməyən, ən qəddar üsullardan istifadə etməklə, insanlıq adına yaraşmayan dəhşətlər, vəhşətlər törətmək...

İndiyədək baş verənlərə rəğmən, biz məhv olmadıq. Çünki erməni vandallarından fərqli, şərəfli Dünənimiz, Keçmişimiz var.

Düşmənin gözünə ox kimi batan...

Qarabağlı olmaq yay aylarında istirahət üçün özgə yer aramamaq demək...

Qarabağlı olmaq adı qızmar yay da olsa, soyuducuya sərinləmək üçün su qoymamaq, suaxarda bitən lilpar yarpağıyla bulağın gözündən su içmək demək...

Qarabağlı olmaq çoxillik meşələrin yaşıllığından müqəddəs bir rəng alaraq dostuna-dost, düşməninə də elə dost nəzəriylə baxmaq...

Qarabağlı olmaq yolda qalana öz evində yer vermək qədər ürəkli olmaq, onun xasiyyətnaməsini çözməmək, ona sadəcə, Allah qonağı kimi nəzər yetirmək...

Qarabağlı olmaq bir tikəsini yüz tikə bilərək dördevli qonşularla bölmək, ətrafındakı insanları öz evinin ailə üzvləri bilmək. Onlar ac olanda özünü də onlar kimi hiss etmək...

Qarabağlı olmaq bağçasının mey-meyvəsini bir həyətin deyil, bir kəndin məhsulu hesab etmək, əl-ayağı bel, kürək tutmayanlara da ondan sovqat ayırmaq, bu nemətlərin göylərdən təkcə bir evə göndərilmədiyinə əmin olmaq...

Qarabağlı olmaq soyuq aylarda, qar-boranda hər yerdən əl üzülərkən, dükan-bazara yetmək çətinləşərkən, yayda əziyyətini çəkdiyi qış hazırlıqlarının tək istehlakçısı olmamaq, onu bir kəndin ümumi malı bilmək, süfrəyə elliklə yığışmaq...

Qarabağlı olmaq sovqat etdiyi kəklikotunun, solmazçiçəyinin, qantəpərin, qırxbuğumun, əvəliyin ünvana çatmasına, qulançarı, yemliyi, quzuqulağını tək özünün deyil, hamının dadmasına sevinmək...

Qarabağlı olmaq hamıya cəmi bircə dəfə verilən ömür payında ürəklərdə insanlıqdan yoğrulmuş bir abidə yaratmaq...

Onları belə tanıdıq. Və ya, tanıdıqlarımız elə söylədiyim kimidir.

Onlar köçkünlük dönəmində kəndlərə, rayonlara, şəhərlərə paylansa da, doğma məkandan özləriylə “gətirdikləri” hal-xasiyyətlə yenə də paylaşdılar, bu ənənəni yaşatdlar...

Haqqında bəhs etdiyim qarabağlılardan, bütün azərbaycanlılardan humanizm dərsini öyrənməyənlər, torpaqlarımızı yağmalayanlar erməni xislətindən əl çəkə bilmədilər. Amma düşmən əbədiyaşar məkanlarımızı  yalnız “müvəqqəti icarə”yə götürə bildi.

İcarədar isə heç zaman sahibkar olmur. Bu artıq bir aksiomdur, mahiyyətinə varanda isə - qanunauyğunluq!

...Yenə də keçmişə qayıdıram. Bu dəfə Almalı, Zülfüqarlı, Gəlinqaya, Dəvəgözü, Xanımbulağı, Qarabirçək, İstisu və digər yerlərdə qalan saf uşaqlığımıza. Bəlkə də uşaqlığımız orda bizi gözlədiyindəndir ki, yaş keçsə də, böyüyə bilmirik...

Biz təbiətin yeddi rənginə, bulaq suyunun tərkibinə, axarda bitən quzuqulağının turşuluğuna qədər, hər şeyin təbii olduğuna  inanırdıq. Qantəpəri, lilparı, kəklikotunu və adını çəkmədiyim nadir bitkiləri öz əlimizlə toplayardıq. Bəzən sel sularının yuyub-apardığı, iki tərəfi birləşdirən taxta körpünün az keçmiş yenisiylə əvəzlənməsini sehrli çubuğun möcüzəsi sanardıq.

Meşələrdən armud, cənnətalması, cır çiyələk toplayardıq, kimin “məhsulu” az olsa, ona da yoldaşcasına yardım edərdik. Yardımlaşmağın ən sirlisini, gizlisini uşaq ağlımızla dərk edərdik. Evdəkilər də kimin fərasətli, qoçaq, kimin də əksinə olmasını heç zaman bilməzdi - hamının balaca vedrəsi dolu olurdu axı...

Pətəyindən qaçan  arıların budaqdan üzüm salxımı kimi asılması bizi qətiyyən qorxutmazdı. Bal arısının sancmasını böyüklər hətta xeyrə də yozardı. “Yel xəstəliyi”ndən əziyyət çəkənlərə bir neçə arının sancmasını hətta müalicə üsulu sanardılar...

Daşların altında gizlənən, bulaqların ətrafında sürünən ilanlar da bizi qorxutmazdı. Belə sürünənlər addımbaşı rastımıza çıxsa da, nədənsə, kimsə onların zavalına gəlməzdi. Keçmişin parlaq xatirələrində hətta bu zəhərli varlıqlar da ehtiramla yada salınmağa layiqdir...

Bəli, keçmişin hər mənada yada salınası, kövrək, eləcə də qürurverici, fəxarət dolu xatirələri, anları çoxdur. Onların hamısı öz müxtəlifliyi ilə bizim Öz Tariximizi yaradır.

Bu gün...

Bu gün də tarix yazılır. Baxmayaraq ki, onu yazanların əksəriyyəti tarixçi deyil, müxtəlif sahələri təmsil edir. Və onların adı keçmişdən bizə miras qalan mərdlik salnaməsinin qiymətli səhifələrinə həkk olunur. Özü də kimsənin poza bilməyəcəyi bir qüdrətlə...

İstənilən əsrin, dövrün qəhrəmanlarının adı mərdlikdən qaynaqlanan güc-qüvvətlə müasir dövrədək gəlib çatır. Azərbaycanın istənilən tarixi səhifəsində o möhtəşəm ada layiq isimlər var. Elə yaxın keçmişə nəzər salsaq, Birinci Qarabağ müharibəsinin qəhrəmanlıq salnaməsinə həkk olunanlar hər zaman bizimlədir. Bizi keçmişə bağlayan, gələcəyə yönləndirən qırılmaz bağlar da onların əbədiyaşar adlarından güc alır.

Bu adlar, soyadlar dünəndən bugünə yol alaraq, qəhrəmanlıq estafetini öz müasirlərinə, əmin əllərə təqdim edib. Təqdim edib ki, əsrlərin mərdlik tarixinin yaşadığını, bizi də yaşatdığını sübut etsin.

Bəli, Qarabağ müharibəsində adı keçənlərin hamısı qəhrəmandır. Onlar tarixin şərəfli səhifəsini yazan igidlər, mərd ərənlərdir. Və şanlı, canlı tarixdir.

Bu sözləri indi hər kəs deyir - evində əsgəri olan da, olmayan da. Ailəsində hərbi xidmətə əsgər yola salanı, qarşılayanı da, gözləyəni, konkret adda kimisə gözləməyəni də. Lakin hansı formada olursa-olsun, bütövlükdə əsgərlərə münasibət, müraciət birmənalıdır -  Bizim Əsgər!

Həmin əsgərdir geyindiyi formanın üzərində də Vətənin hər qarışını, dağını-daşını, meşəsini daşıyan. Gecələrin sakit, gündüzlərin təhlükəsiz olmasına vəsilədir bizim əsgər!

Hamımızın evində ən arzulanan -  hansısa xidmət, qulluq, nəvaziş, hörmət göstərmək istədiyi qonaq...

Ən böyük təşəkkür, minnətdarlıq hissinin ünvanlandığı şəxs...

Çoxdandır gözlənilən, fəqət qəfil başlanan bir imtahandan ən yüksək balla keçənlər!

Şərəfli adı, əzəməti əbədi olaraq zəfər tarixinə yazanlar...

Tarixin baş səhifələrindəki ən yüksək məqam - Şəhidlik zirvəsi!

Elə bir zirvə ki, döyüşə yollananların hamısı orda qərar tutmaq, məkanını əbədi olaraq orda qurmaq üçün mənəvi and içir...

Həmin şərəfli məqam kimlərəsə nəsib oldu...

Kimlərsə ucalıq zirvəsinə yüksələnlərin yolunu davam etdirmək üçün yenidən o izlə irəlilədi...

Heç kimsə də o şərəfli yoldan geri çəkilmədi, daim önə baxdı.

Və nəticə - möhtəşəm Qələbə!

Onu əldə edən Şəhidimin, Əsgərimin xüsusiləşən adı isə hər birimizin ürəyində, qəlbindədir, sözümüzün baş mövzusudur!

Düşmənin 27-30 illik sevincini həmişəlik, birdəfəlik məhv edən, bizə qürurdan yoğrulan qələbə hissini yaşadandır onlar!

...Gözləntilərin həqiqətə çevrildiyi gündə hamımız tarix yazırıq. Qələbəyə inam yaradan simaların bütövləşməsindən də birlik doğulur. Elə bir birlik ki, o harada, dirilik də oradadır!

Qarşıdansa 22 iyul - Milli Mətbuat Günü gəlir. Həmin gün daim görən-göstərən, yazan, maarifləndirən, xəbər verən, yenilikləri çatdıran, bir sözlə, özünü fəda edən missiya sahiblərinin günüdür!

Sıramızda olanlarla bahəm, olmayanların, fəqət adı birbaşa tarixə yazılan şəxslərin günüdür həmin gün!

Jurnalist itkisi təkcə bir cameənin deyil, ölkənin, dövlətin, millətin itkisidir. Çünki onun məramı, missiyası məhdud çevrəyə deyil, bütöv insan auditoriyasına hesablanıb.

Onların sırasında Salatın Əsgərovanın, Alı Mustafayevin, Osman Mirzəyevin, Çingiz Mustafayevin, Fəxrəddin Şahbazovun əbədiyaşar adı keçir...

O sırada Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olan həmkarlarımız Məhərrəm İbrahimovun və Sirac Abışovun əbədiliyə qovuşmuş uca məqamı dayanır…

Bəli, onlar gələcəyə yol alan illər boyunca bizimlə bərabər, lakin ən başda, birinci yerdə olacaq!

Ruhu göylərə ucalan şəhid həmkarlarım, sülh və təhlükəsiz dünya, bütün xoş niyyətlərin məcmusu sizin məqamınızdan doğaraq qələbə dolu ünvanlara çatacaq!

Qələbə alın yazımız!

O yazını da Tanrı ilahi ədalətlə nəqş edir - dözümümüzə, səbrimizə mükafat olaraq!

Nigar Orucova

0.021334886550903