SEPAH” AZƏRBAYCANI TƏHDİD EDİR – “Lazım gəldikdə “Fateh”i də işə salırıq...” (FOTO)

“SEPAH” AZƏRBAYCANI TƏHDİD EDİR – “Lazım gəldikdə “Fateh”i də işə salırıq...” (FOTO)
 

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edib.

C.Bayramov İran rəsmiləri ilə regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparıb. Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional və digər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Görüş zamanı XİN rəsmiləri iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yönündə müsbət bəyanatlar səsləndiriblər.

Ancaq görüşdə səsləndirilən müsbət bəyanatlara baxmayaraq, son günlər İran tərəfinin Azərbaycanla münasibətdə yenidən “ikibaşlı” siyasət apardığını görürük. Belə ki, bir neçə gün öncə İranın ali dini rəhbəri Əli Xameneinin ofisinin mətbuat orqanı olan “Keyhan” qəzeti vasitəsilə ölkəmizin dünyəvi dövlət quruluşunu hədəf alan İran, bu dəfə də “SEPAH” vasitəsilə Azərbaycana sətiraltı mesajlar göndərib.

“AzPolitika.info” xəbər veri ki, “SEPAH”ın rəsmi “Teleqram” kanalı Azərbaycan və İran bayraqlarının yer aldığı fotonu paylaşaraq, bu sözləri yazıb: “Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən isitifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq...”
Paylaşımdan da göründüyü kimi, ölkəmizi “sionist rejimin müttəfiqi” adlandıran İran, Azərbaycana “Fateh” raketiylə hədə-qorxu gəlib. Bu paylaşımın XİN rəsmilərinin görüşü sırasında ediməsi isə onu göstərir ki, İran rejimi Azərbaycanla münasibətlərin normallaşmasında o qədər də maraqlı deyil.

Bu mövzuyla bağlı “Orta doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “AzPolitika.info”-ya şərhində bildirib ki, Qarabağdakı torpaqlarımızı işğaldan azad edikdən sonra İranın Azərbaycana olan mövqeyi daha da kəskinləşib: “Azərbaycanın qələbəsindən sonra İran rejimi daha çox ölkəmizi hədəf alan bəyanatlar səsləndirməyə başladı. Onlar mütəmadi olaraq Qarabağda sionistlərin varlığını iddia edərək, “Sionistlərə ölüm”, “İsrailə ölüm” kimi şüarlar səsləndirirlər”.

Ekspert qeyd edir ki, Azərbaycan İranla münasibətdə qonşuluq prinsiplərinə böyük önəm verir: “Son vaxtlar Azərbaycanda və İranda ölkəmiz əleyhinə aksiyaların keçirilməsinə, “SEPAH”-ın təxribatçı çıxışlarına baxmayaraq, Azərbaycan qonşuluq münasibətlərinə hörmət edərək, bu cür təxribatlara getmir. Bildiyiniz kimi, ABŞ “SEPAH”ı terror təşkilatı elan edib.

Azərbaycanın da haqqı çatır ki, “SEPAH”ı terror təşkilatı kimi tanısın. Ancaq biz İrandan fərqli olaraq, qonşuluq münasibətlərinə hörmət edir və bu münasibətləri qorumağa çaılşırıq”.

““SEPAH”-ın bu təxribatçı paylaşımına gəlincə, bu fotonun montaj olma ehtimalı da var. Əgər montaj deyilsə, bu İran Xarici İşlər Nazirliyinin tərbiyəsizliyidir”, - ekspert bildirib.

 

 

Sosial Tədqiatlar Məkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə “AzPolitika.info”-ya şərhində bildirib ki, İranın Azərbaycanla bağlı siyasəti kifayət qədər qeyri-səmimidir: “İran atdığı bu addımlarla Azərbaycan cəmiyyətində böyük bir qıcıq yaratdığının fərqində deyil. Azərbaycan İrandan fərqli olaraq bu ölkəylə hər zaman dürüst, səmimi əlaqələrə önəm verib. Eyni zamanda beynəlxalq təşkilatlarda İran əleyhinə alınan qərarlarda heç vaxt bu ölkənin əleyhinə səs verməyib”.

Ekspert qeyd edir ki, Azərbaycandan fərqli olaraq İranda vaxtaşırı dini, siyasi elitada təmsil olunan mollalar, siyasətçilər, hərbçilər tərəfindən Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirilir: “Eyni zamanda “SEPAH” qüvvələrinin sətiraltı mesajları özündə ifadə edən materiallarla Azərbaycanı təhdid etməsi, İran XİN rəsmilərinin Azərbaycanla münasibətdə yeni mərhələnin başlanması yönündə verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Həmçinin bu gün İran ərazisindən Azərbaycanın dövlət quruluşu əleyhinə çağırışlar edən Tohid İbrahimbəyli, Orxan Məmmədov və digər terror çağırışı edən şəxslərin Azərbaycana təhvil verilməməsi İranın əsl simasını ortaya qoyur. Hesab edirəm ki, İranın bu mövqeyi davam etdikcə, cəmiyyətimizdə İrana qarşı olan güvənsizlik daha da artacaq”.

E. Bəyməmmədli

“AzPolitika.info”

0.14389801025391