Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ - "RUS HƏRBÇİLƏR..."
Bu gün sülhməramlı kimi Qarabağda olan Rusiya hərbi kontingentinə heç kəs o adı verməyib. Onlar özləri özlərinə “sülhməramlı” deyir.
Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərinə daxil olmasının məqsədi elə gəldiyi gündən aydın olub.
"Paralel.az" xəbər verir ki, bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, rus hərbçilərinin məqsədi Azərbaycanın Qarabağ ərazisində 1991-ci ilin sentyabrında yaradılmış cinayətkar, separatçı, terrorçu “Artsax-Dağlıq Qarabağ” adlanan qurumu himayə edib saxlamaqdan ibarətdir:
"Onlar Azərbaycan ərazilərinə daxil olduqları ilk andan nə üçün gəldikləri bəllli olub.
Onlar Azərbaycan ərazisində qalan erməni separatçılarını, terrorçularını qorumağa gəliblər. “Artsax” adlanan o qondarma qurumu müdafiə edib, silahlı qüvvələrini təmin eləməyə çalışıblar.
Gəldikləri gündən bu günə kimi də öhdələrinə götürdükləri hər vəzifəni yüksək səviyyədə icra edirlər. Yəni “sülhməramlıların” Qarabağa gəlmə məqsədi 2020-ci il tarixində Rusiya, Azərbaycan, Ermənistan rəsmilərinin imzaladığı 10 noyabr sazişində tamamilə başqa cür göstərilib.
Amma gəldikləri gündən məlum oldu ki, onlar sənəddə göstərilən bəndlərin icrası ilə məşğul deyillər. Onlar Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə, Azərbaycan qanunlarını pozmağa, Azərbaycan ərazilərində uzun illər kök salmış separatçıları, qeyri-qanuni erməni hərbi birləşmələri qorumaq üçün gəliblər.
Baxmayaraq ki, Azərbaycan dövlətinin rəhbərliyi sühməramlıların özbaşına davranışlarına qəti etiraz edir, amma yenə də yanlış hərəkətlərini davam etdirirlər. Sülhməramlılar üçtərəfli sazişə əsasən həmin ərazilərə daxl olan kimi erməni silahlıları ərazidən çıxarılmalı idi. Amma nəinki, silahlılar ərazidən çıxarılır, əksinə onlara müxtəlif səpkili dəstəklərin verildiyini müşahidə edirik.
Bu gün də müşahidə edirik ki, sülhməramlılar həmin Araik Arutinyan kimi cinayətkarlarla əl bir olub onları himayə edir, təhlükəsizliyini təmin edir, onları silahlandırıb, bütün təminatları ilə məşğul olmaqla məşğuldur. Dəhraz, Qarakötük kəndləri Xocalı rayonunun kəndləridir. Mən o kəndlərin hamısını qarış-qarış tanıyıram.
Ermənilərin o vəsaiti yoxdur ki, orda nə isə iş görsünlər, kəndlər salsınlar, su ambarları tiksinlər. Bütün bu işləri rus sülhməramlıları onlar üçün görür.
Bu birbaşa Azərbaycan qanunlarına,ərazi bütövlüyünə qarşı hörmətsizlik, meydan sulamaqdır. Ona görə də Azərbaycan separatçı, cinayətkar qurumu məhv etmək, ərazisindən çıxarmaq, cinayətkarları cəzalandırmaq üçün gecikmədən tədbirlər görməlidir.
Təmizlənmə üçün antiterror əməliyyatlarına başlanmalıdır. Onları himayə edən, onlarla həmrəy olan, onlarla birikdə fəaliyyət göstərən Rusiya hərbi kontingentinin də Azərbaycan ərazisindən çıxarılması tələbi qoyulmalıdır".