Ərazilərimizi yenidən necə qurmalıyıq?
Bu gün bütün Azərbaycan xalqının ən ümdə arzusu işğaldan azad edilən ərazilərin yenidən qurulması, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam şəhərlərinin, o cümlədən eyni adlı rayonların yaşayış məntəqələrini yenidən qurmaq, bu ərazilərin keçmiş gözəlliyini yenidən özünə qaytarmaqdır. Hökumət də bu istiqamətdə mühüm layihələr üzərində işləyir, ölkə prezidentinin işğaldan azad edilən ərazilərə mütəmadi səfərləri də, məhz bu məqsədlə təşkil edildiyi dönə-dönə vurğulanır. Bununla yanaşı dövlət büdcəsindən işğaldan azad edilən ərazilərin bərpa və yenidən qurulmasına mümkün qədər çox vəsait ayrılmasına çalışılır.
Məsələn, ötən il dövlət büdcəsindən 2,2 milyard manat (Füzuli Beynəlxalq Hava Limanının tikintisinə) vəsait ayrılib və bu vəsaitin hamısı xərclənib. Bu il də dövlət büdcəsindən həmin məqsəd üçün eyni miqdarda vəsait ayrılıb, dövlət büdcəsinə dəyişikliklər zamanı bu vəsaitin həcmi daha bir milyard manat artırılıb. Xərclənən vəsaitlərin əsas hissəsi "ağilli kənd" və "ağıllı şəhər" layihələrinin icrasına, müxtəlif ərazilərdə ictimai və yasayış binalarının tikintisinə sərf edilir. Xərclənən vəsaitlərin məzmunu barədə dəqiq hesabat olmadığından təxmini hesablamalara görə, vəsaitlərin əsas hissəsi, məhz yasayış binalarının və dövlət mülkiyyətində olan müəssisə və obyektlərin tikintisinə xərclənib. Vəsaitlərin yalnız 20 faizindən bir qədər çoxu isə kommunikasiyaların qurulmasına sərf olunub. 2022-ci ilin sonuna bu istiqamətdə dövlət büdcəsindən 5,4 milyard manat vəsaitin xərclənəcəyi gözlənilir. Bunun müqavilində isə cəmi 4 kəndin tam bərpa ediləcəyi, hər rayon mərkəzində, yəni şəhərlərdə (Laçın istisna olmaqla) bir neçə bina və obyektin tikintisi başa çatdırılacaq. Bu isə 2 il ərzində görülməsi mümkün olan işlərin çox az bir hissəsidir. Bəs hökumən nə etməlidir ki, tikinti-bərpa işləri daha sürətlə aparılsın?
Fikrimizcə, hökumət dövlət büdcəsindən ayrılan bütün vəsaitləri əsasən iki istiqamətə - ərazilərin minadan təmizlənməsi və kommunikasiyanın (yol, işıq, qaz, su və internet) qurulmasına yönəltməlidir. Hazırda bu istiqamətlərin bir neçəsinə xeyli vəsait ayrılıb. Məsələn, yol tikintisi və bərpa edilən enerji mənbələrinin yaradılması istiqamətində xeyli işlər görülüb. Lakin ərazilərin minalardan təmizlənməsi və kommunikasiyaların qurulmasının digər istiqamətlərində işlər çox ləng gedir. Hesab edirik ki, hökumət ilk növbədə ərazilərin minadan təmizlənməsini sürətləndirməlidir. Qeyri-rəsmi məlumatlara görə, ötən dövr ərzində işğaldan azad edilən ərazilərin cəmi 4-5 faizi minada təmizlənib. Əgər iki ilə biz işğaldan azad edilən ərazilərin 5 faizini minalardan təmizləyə bilmiriksə, deməli, bu templə davam etsək, bütün ərazinin minadan təmizləmək üçün 20 il vaxt lazım olacaq. Bu isə kifayət qədər uzun zamandır. Biz "böyük köçü" təkcə ərazilərin minadan təmizlənməməsi səbəbi ilə bu qədər uzatsaq, elə bir dövrə çatacağıq ki, o ərazilərlə bağlı olan çox az vətəndaşımız həyatda olacaq. 18 yaşında qaçqın düşən vətəndasımızın indi artıq 45 yaşı var, 20 ildən sonra isə onlar 65 yaşli ahıl qocalar olacaq. Yəni o vaxtkı yeniyetmələr pensiyaçı, orta yaslılar isə o biri dünyada olacaq. Beləliklə də, biz "böyük koçü" elan edəndə həmin ərazilərə köçmək istəyən çox az adam tapa biləcəyik.
Digər tərəfdən, işğaldan azad edilən əraziləri tam şəkildə bərpa etmək üçün ən azı 200-300 milyard manata ehtiyac duyulur. Hər il dövlət büdcəsindən 2-3 milyard manat ayırmaqla əraziləri bərpa edəcək olsaq bizə bir əsr vaxt gərəkir.
Ona görə də hesab edirik ki, hökumət ərazilərin tam şəkildə tikib-bərpa etməyi öz üzərinə götürməməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə ərazilərin minadan təmizlənməsi və kommunikasiyaların qurulması işi sürətləndirilməlidir. Ardınca isə ərazidə azad iqtisadi zöna yaradılmali, yerli və xarici investorlar üçün əlverişli biznes muhiti formalaşdırılmalıdır. İşğaldan azad edilən ərazilərdə biznes və fərdi təşəbbuslərə qucaq açılmalıdır - kimsə gedib həmin ərazilərdə mülk və ya obyekt tikmək istəyirsə, onlara nəinki maneə olmamalı, əksinə, ciddi güzəştlər edilməli, dövlət dəstəyi verilməlidir.
O ki qaldı köç-künlərə, hansı köç-künə ölkənin digər ərazisində mənzil verilibsə, həmin köç-künə yaşadıği mənzilə dair mülkiyyət sənədi verilməli və ona işğaldan azad edilən ərazilərdə dövlət hesabına mənzil verilməməlidir. Həmin şəxs öz köhnə yasayış məntəqəsində yaşamaq istəyirsə, həmin mənzili satıb, əldə etdiyi vəsaitlə gedib orada ev tikə bilər. Köçkünə öz rayonunda və ya kəndində əvvəllər sahib olduğu həyətyanı sahə qədər torpaq, eyni zamanda, ölkənin digər kəndliləri kimi, torpaq islahatına uyğun olaraq, ona düşən pay torpağı verilməlidir. Yalnız bu günə qədər dövlətdən yasayış sahəsi almayan köçkünlər mənzil və ya evlə təmin edilməlidir.
Yoxsa, hökumət 30 il qaçqın və məcburi köçkünlərə ölkənin digər ərazilərində mənzil tikməklə məşğul olduğu kimi, 30 il də işğaldan azad edilən ərazilərdə yasayış sahəsi tikməklə məsğul olacaqsa, biz hökumət olaraq digər vətəndaslarımızın haqqına girmiş olarıq.
Sonda bir məsələni də qeyd edim ki, dövlət məmurları qaçqın və məcburi köçkünlərə ölkənin hər yerində mənzil tikmək həvəsi heç də onlara məhəbbətdən doğan hiss deyil. Hamıya gün kimi aydındır ki, harada dövlət tikinti aparırsa, orada mütləq korrupsiya - məmur qazancı var. Məmurları həvəsləndirən də, məhz budur.
Akif Nəsirli