Azərbaycanın Respublikasının xarici siyasətində böyük dönüş yarandı.

Azərbaycanın Respublikasının xarici siyasətində böyük dönüş yarandı.
 

Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtararaq, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil oldu.

Ümummilli liderin rəhbərliyi ilə hakimiyyət böhranı aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyimizə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin gerçəkləşdirilməsi istiqamətində ciddi əməli addımlar atıldı, ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin dövlətin beynəlxalq əlaqələrinin inkişafında dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesinin əsası qoyuldu.

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanıldı, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı, eyni zamanda, cəbhədə atəşkəsə nail olmaq üçün bütün mümkün siyasi və diplomatik vasitələr işə salındı.

Nəticədə 1994- cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1993-cü il oktyabrın 3-də xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qarşıda duran vəzifələri ümumiləşdirərək qeyd edirdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.

Verdiyi vədə hər zaman sadiq qalan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqilliyin möhkəmləndirilməsi, dövlət quruculuğunun təmin edilməsi, bunun üçün hüquqi əsasların yaradılması, ölkənin demokratiya yolu ilə inkişafının reallaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərdi. Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının formalaşdırılmasıdır. Bu, müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Müasir siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu mənada xüsusilə vurğulanmalıdır.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərin qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin timsalında Azərbaycan xalqı əsrlərın və minilliklərin qovuşub-ayrıldığı nadir bir tarixi məqamda real istəklərindən əlavə, romantik ideallarını da gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə XXI əsrin ilk illərində ölkə daxilində və beynəlxalq aləmdə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı.

Azərbaycan xalqının ¬tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən bu illərdə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu. Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, yaxşı təhsil almış, bir neçə aparıcı xarici dildə sərbəst danışmağı bacarırdı, beynəlxalq mədəniyyət tipologiyaları ilə təmasa girməyi dərindən mənimsəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi.

Mükəmməl idarəetmə məktəbi keçmiş, dünya siyasətində bir sıra addımlarını uğurla sınaqdan çıxarmış İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranmış bir siyasi marafonun başlanğıcı idi. Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi.

Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.

Beləliklə, Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm bir özüldür. O, milli- mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır.

Ulu öndərin şəriksiz varisi kimi İlham Əliyevi müasir insanların, ziyalıların, gənc nəslin fəal surətdə dəstəkləməsi, ona böyük ümidlər bəsləməsi nəticə etibarilə göz qabağındakı praktik işlərin inikası və perspektivə güclü inamdan irəli gəlirdi. Prezident İlham Əliyev türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir.

Azərbaycan rəhbərinin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir xarici aləmin iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

Azərbaycan dövlətinin başçısı kimi İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Lider, həmçinin, mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır.

Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir.

O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional varislik modeli sayəsində mümkün olub.

Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu sübut edib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabr ayının 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdı, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoydu. Bu, Azərbaycan tarixində təkrarolunmaz bir qələbədir!...

Sabit Mehdiyev.

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.

0.019328832626343