Baş redaktor Baş Prokurora müraciət etdi

Baş redaktor Baş Prokurora müraciət etdi
 

Jurnalist, RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu növbəti dəfə Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. 

Jurnalist müraciətində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin və ətrafında şəbəkələşdirdiyi talançı şirkətlərin rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilməsi təyinatı üzrə ayrılan pulların, həmçinin, hər il Beyləqan şəhərinin daxili küçələrinin asfaltlaşdırılması məqsədilə ayrılmış milyonlarla maliyyə vəsaitlərinin mənimsənilməsi faktından bəhs edir.

Və hələ də bu faktların və korrupsiya cinayətlərinə hüquqi qiymət verilməməsindən yazır. RealMedia.az olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

“Çox hörmətli cənab Baş Prokuror!

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 21.04.2022-ci il tarixdə Füzuli rayonunda keçirdiyiniz görüşdə qəbul etdiyiniz vətəndaşlar arasında mən də olmuşam.

Həmin görüşdə Sizə Beyləqan rayonunda baş verən iqtisadi cinayətlərdən, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin və ətrafında şəbəkələşdirdiyi talançı şirkətlərin rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilməsi təyinatı üzrə ayrılan pulların, həmçinin, hər il Beyləqan şəhərinin daxili küçələrinin asfaltlaşdırılması məqsədilə ayrılmış 0,5 (yarım) milyon manata yaxın maliyyə vəsaitlərinin mənimsənilməsi faktları ilə bağlı məlumat vermişdim, həm də həmin faktların araşdırılması üçün rəsmi ərizə vermişdim.

Sizi bir daha əmin edirəm ki, Beyləqan rayonunda korrupsiya cinayətləri davam etməkdədir. Təqdim etdiyim ərizəmdə o cinayətlərə dair qeyd etdiyim rəqəmlərə şübhəniz olmasın.

Düzü, Sizə etdiyim həmin müraciətdən sonra məni Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət edib ərizəmi aldılar. Bildirildi ki, qeyd olunanlarla bağlı ciddi araşdırmalara başlanılıb, Baş Prokurora təqdim etdiyim ərizə xüsusi nəzarətə götürülüb. Qeyd edim ki, həmin ərizəylə əlaqədar üç dəfə İdarəyə dəvət olunmuşam. Mən Bakı şəhərində deyil, Beyləqan rayonunda yaşadığım üçün İdarənin hər çağırışında paytaxta gedib-qayıtmaq xərc tələb edir.

Açıq deyim ki, ilk əvvəl İdarəyə çağırılıb izahatım alınanda qəlbimdə böyük bir inam, ümid yaranmışdı ki, nəhayət, Asif Ağayevin və komandasının rəvac verdikləri korrupsiya hüquqpozmaları ölkənin baş prokurorluğunun xüsusi nəzarəti ilə araşdırılır.

Lakin sonuncu dəfə mən KQMİ-nə gedib – gəldikdən sonra yanıldığımın, etdiyim şikayətin əhəmiyyətsiz olduğunun fərqinə vardım. Artıq İdarədə əvvəlki atmosfer mövcud deyildi. Barəsində şikayət etdiyim şəxslərə münasibətdə bir yumşalma hiss olunurdu.

Əmin oldum ki, Asif Ağayev özünün də dediyi kimi, doğrudan da “hər yoldan keçən jurnalistin onun barəsində Baş Prokurorluğa etdiyi şikayətə görə həbs olunacaq və yaxud, korruptiv fəaliyyətinə və törətdiyi büdcə talanına görə hansısa formada cəzalandırılacaq qədər zəif və gücsüz biri deyil”. Yəni, anladım ki, necə deyərlər, “pislik elə özümə qaldı”. Və yaxud da, mənim ərizəmdən kimlərsə yararlandı və s. və i.a.

Müstəntiq mənə bildirir ki, bütün qeyd olunanlar üzrə sənədlər yoxlanılıb, ayrılan və xərclənən vəsaitlər sənəd üzrə yerindədir. Əslində bu çox yalnış bir yanaşmadır. Əlbəttə, mən də bilirəm və təsdiqləyirəm ki, ayrılan və xərclənən vəsaitlər yalnız sənəd üzərində formal qaydada göstərilib. Gerçəkdə görülən işlər yerində deyil.

Asif Ağayev ayrılan vəsaitləri “yerbəyer” etmək üçün gördüyü işlərin həcmini çox göstərib ki, ondan hesab sorulanda ortaya vəsaitlərin “tam təyinatı üzrə xərcləndiyini” əks etdirən sənəd qoysun. Asif Ağayev bir o qədər də sadəlövh deyil ki, pulları mənimsədiyini boynuna götürə. Əlbəttə, ilk öncə onu fakt qarşısında qoymaq lazım idi ki, hər şeyi etiraf etsin. Mən hesab edirəm ki, bu etirafa nail olmaq üçün prokurorluğun əlində vasitələr var.

Yəqin, KQMİ gözləyir ki, Asif Ağayev durub özü öz xoşuna desin, “bəli, ayrılan vəsaitlərin yalnız cuzi bir hissəsini təyinatı üzrə xərcləmişəm, yerdə qalan böyük hissəsini isə özümə mal-mülk qurmuşam”.

Müstəntiq bildirir ki, 36 mənzillik bina tikinti şirkəti tərəfindən icra hakimiyyətinə təhvil verilib. Güya şirkət rəhbəri Vüqar Aslanov belə sənəd təqdim edib. Xatırladıram ki, sifarişçi icra hakimiyyəti özüdür. Bina icra hakimiyyətinin balansında olan binadır. Şirkət həmin binanı tam şəkildə başa gətirib qurtarıbsa, onda niyə həmin bina Mənzil İstismar Sahəsinə təhvil – təslim olunmayıb?

Əgər verilibsə, nə vaxt verilib? Söz yox ki, bu işin istintaqı KQMİ-də aparılarkən icra başçısı tələm-tələsik sakinlərin binaya köçürülməsini təmin etdi. Digər tərəfdən, Sizə yazdığım ərizəmdə qeyd etmişdim ki, Beyləqan şəhərinin daxili küçə yollarının təmirinə (asfaltlaşdırılmasına) ayrılan vəsaitlər də təyinatdan kənarlaşdırılaraq mənimsənilib.

Bunu ilk baxışdan tamamlanmış kimi təqdim olunan işlərə yenidən nəzər salmaqla da görmək mümkündür. Bəli, Asif Ağayev bir neçə küçəyə asfalt çəkib. Amma necə? Bildiyimiz kimi, yol təmir olunub asfalt örtük çəkilərkən ilk öncə yol 20-30 santimetr qazılmalı, frezlənmə işləri görülməli, ondan sonra həmin alsfaltın alt qatını bərkitmək üçün həmin qazılmış yerə balıqqulağı, asep, çınqıl tökülərək və s. kipləşdirmə işləri aparılmalı, onun üzərindən də 12-15 sm asfalt örtük qoyulmalıdır.

Məhz elə korrupsiya, mənimsəmə halları da həmin alt qatda baş verir. Gəlin görək, Beyləqanda Asif Ağayev asfalt qoyma prosesini və ya işləmlərini hansı qaydada həyata keçirib və hər kvadrat metrini neçəyə hesablayıb.

Əlbəttə ki, Asif Ağayev küçələri asfaltlaşdırarkən nə onun altını qazdırıb, nə də yuxarıda sadaladığım digər zəruri komponentlərdən istifadə edib. İcra başçısı ən asan və ucuz mexanizmə əl atıb. Yəni, qazanc əldə edə biləcəyi yola. Asif Ağayev təzə asfaltı elə köhnə asfaltın üstündən döşətdirib. Ancaq sənədləşmə işlərini elə aparıb ki, güya yuxarıda qeyd etdiyim kimi asfalt qoyulmamışdan əvvəl qazıntı işlərini və ya başqa vacib işləmləri həyata keçirib.

Hətta asfaltın kv.m-nin xərcini 23 manatdan sənədləşdirib. Hansı ki, asfaltın kvadrat – metri 10-17 manat təşkil edir. Bu korrupsiya deyil, bəs nədir? Bu işlər KQMİ yerində deyil, sənəd üzərində araşdırılıb. Başqa bir tərəfdən, Beyləqanın abadlığına cənab Prezident 2019-cu ildə 1 (bir) milyon manat pul ayırmışdır. Bəs həmin pulun müqabilində hansı işlər görülüb?

Məsələ budur ki, bu işlərlə yerində tanış olmaq və obyektiv araşdırma aparmaq gərəkdir. Yoxsa, sənəd üzərində yox. Güya ki, icra başçısı 2019-cu ildə ayrılan 1 miyon manat vəsaitlə 2 km məsafəyə asfalt çəkməli idi, ancaq çəkmədi. Asif Ağayevin hesabatına görə 2020-ci ildə rayonun daxili küçələrinin asfaltlaşdırılması üçün ayrılmış vəsaitlə həmin 2 km məsafəyə yol çəkmişdir.

Elə isə sual olunur, əgər 2019-cu ildə sən həmin küçəni asfaltlaşdırmışdınsa, bəs onda 4 aydan sonra niyə yenidən küçəyə asfalt qoydururdun? Məndə bütün bunları əks etdirən foto və video materiallar var. Ancaq aparılan araşdırmalar bu sualları icra başçısına ünvanlamır nədənsə.

Cənab Baş Prokuror! Hazırda KQMİ-də bu məsələ ilə bağlı aparılan araşdırmalar heç də dövlətin məqsədinə müvafiq deyil. Təxmin etməyimə əsas tapıram ki, bu gedişlə sonda KQMİ mənə “Sizin ərizənizdə qeyd etdiyiniz faktlar öz təsdiqini tapmadı” cavabı verə bilər. Odur ki, Sizə 21.04.2022-ci il tarixində əlbəəl təqdim etdiyim ərizəmdə qeyd etdiyim bütün faktları mənim iştirakımla yerində araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm.

Sizə dərin hörmətlə,

Ramin Məhəmmədoğlu
“RealMedia.az” xəbər saytının baş redaktoru,

 

0.025835990905762