Lerikin Livədirgəli kənd camaatı öz igid oğlanlarını unutmur.

Lerikin Livədirgəli kənd camaatı öz igid oğlanlarını unutmur.
 

Əbədi ömür sahibləri
Birinci və İkinci Qarabağ müharibələrində Vətənin dadına çatan, torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qoşulub şəhidlik zirvəsinə ucalmış Lerik rayonundakı livədirgəli gənclər də vardır. Kənd camaatı öz igid oğlanlarını bir an belə unutmur.

Buranın ən füsunkar, gözəgəlimlı guşəsində şəhidlərin adlarını əbədi yaşatmaq məqsədilə bulaq kompleksi inşa edilibdir. Onun açılışı respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılmaqla oldu.

Mərasimə qatılan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhid valideynləri tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önünə gül-çiçək dəstələri qoyuldu. Şəhid ailələrini və kənd sakinlərini salamlayan C. Baxşıyev dedi:- Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqları 44 günə azad etdi. Bu möhtəşəm Zəfər şəhidlərin qanı, canı bahasına qazanıldı. İndi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad olunur, qərinələr boyunca da belə olacaq. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət göstəriblər.

Erməni tapdağından qurtaran torpaqlarda cənab Prezidentin nəzarəti ilə aparılan abadlıq-quruculuq işləri hazırda ürək sevindirir.

Bulaq kompleksinin tikintisində zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov isə öz çıxışında bulaq kompleksinin tikintisində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına qazanılan möhtəşəm qələbədən danışdı, hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğulların göstərdiyi misilsiz rəşadətindən qürur duyduğunu dedi və onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladı.
Açılış mərasimində şəhid atası Xeyrulla Şirvanov, şəhid babası Əziz Əkbərov, Vətən müharibəsi iştirakçısı Elmar Alışanov söz alıb şəhid ailələrinə, eləcə müharibə veteranlara ölkədə olan diqqət və qayğıya görə razılığını bildirdilər.


Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

0.022049903869629