İtaliyalı jurnalistlər ermənilərin törətdiklərindən dəhşətə gəliblər

İtaliyalı jurnalistlər ermənilərin törətdiklərindən dəhşətə gəliblər
 

İtaliyalı jurnalistlər Qarabağda olublar

İtaliyanın “Gazetta di Mantova” qəzetində “Ermənistan və Azərbaycan arasında sülh üçün səy” sərlövhəli məqalə dərc olunub.

Məqalənin müəllifi Paolo Berqamaski yazıb ki, bu yaxınlarda müharibədən sonrakı dövrdə Cənubi Qafqazda baş verən hadisələrə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün Bakıya dəvət edilib və xarici ekspertlərlə birlikdə Qarabağ bölgəsinə səfəri zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında gördüklərindən dəhşətə gəlib.

“Düşünürdüm ki, son otuz ildə Balkan müharibələrindən tutmuş post-sovet məkanı, o cümlədən Donbasdakı müharibələrə qədər qədim Avropanı parçalayan münaqişələrin relyefi ilə bağlı kifayət qədər təcrübə qazanmışam. Bununla belə, etiraf edirəm ki, Azərbaycanın nəzarətinə qayıdan vilayətlərdə rastlaşdığım kimi bir şey görməmişəm”, - deyə Paolo Berqamaski təəssüflə vurğulayıb.

Məqalədə erməni silahlı qüvvələrinin Qarabağda 9 şəhər və 900 kəndi tamamilə dağıtdıqlarına diqqət cəlb edilib: “Hətta ağacların da xilası yox idi. Hücum zamanı sakinlərin görünməsini asanlaşdırmaq üçün təxminən 50 000 hektar ərazi tamamilə təmizlənib”.

Azərbaycanın adambaşına düşən qaçqınların sayına görə dünyada birinci olduğu, Qarabağ bölgəsində erməni silahlı qüvvələri tərəfindən kütləvi şəkildə basdırılmış minaların böyük problem yaratdığı, Ermənistanın ölkəmizə qeyri-dəqiq mina xəritələri təqdim etdiyi, dinc azərbaycanlıların mina partlayışlarından həlak olduqları və yaralandıqları, təhlükəsizlik baxımından qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına daha tez şəkildə qayıda bilmədiyi nəzərə çatdırılıb.

Müəllif əlavə edib ki, minaların təmizlənməsi prosesini davam etdirən Azərbaycan hökuməti artıq azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb: “Rəsmi Bakının bəyan etdiyi məqsəd cəhənnəmi cənnətə çevirməkdir”.

Qeyd edək ki, jurnalist, geosiyasi analitik, Avropa Parlamentində Yaşıllar Partiyasının xarici əlaqələr üzrə keçmiş müşaviri Paolo Berqamaski 14 iyun 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrdə iştirak edən xarici ekspertlərdən biri olub.

0.016827821731567