Şəhid qanı axmayan torpaqdan Vətən olmaz...
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz
Masallının fəxri, iftixarı, qürur yeri olan İkinci Qarabağ müharibəsinin qalib şəhidi Nayib Qasımov yaşasaydı ömrünün 25-ci ilinə qədəm qoyardı.
Qəhrəman Vətən oğlu 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində doğulub. 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib. 2020-ci ilin oktyabr ayının 6-da Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə” və digər medalları ilə təltif olunub. Nayib Vətən torpaqların azadlığı naminə canından keçdiyi üçün o, cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır.
Masallı rayon Mərkəzi Kitabxanasında şəhidin doğum günü münasibətilə “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon Musaküçə kənd tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edirdilər.
Kitabxananın əməkdaşı Ş. Nəsirova şəhidlərin xatirəsinə həsr olunmuş sərgi önündə çıxış edərək 44 günlük Vətən müharibəsi və şəhid Nayib Qasımovun keçdiyi şərəfli döyüş yolu haqqında iştirakçılara geniş məlumat verdi.
Başaq çıxışçılar da Nayibin Vətənə, xalqına olan sevgisindən ürəklə danışdılar, onu həyatda özlərinə örnək saydılar.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü