AzTU-da nə baş verir?
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev barədə mətbuatda narazılıq əks olunub. Paralel.az gundelik-baku-ya istinadla bu barədə xəbər verir.
Məlumata görə, AzTU-ya rektor təyin edilən Vilayət Vəliyev ilk olaraq qohumlarını vəzifələrə doldurmağa başlayıb. Onun qaynının qızı, bakalavr təhsilli Pərvanə Allahverdiyeva üçün AzTU-da hüquq sektorunun yaradıldığı deyilir. Hansı ki, AzTU-nun tarixində hüquq sektoru olmayıb. Pərvanə Allahverdiyeva prorektorlar səviyyəsində ayda 2600 manat maaş alır. Amma neçə ildir AzTU-da çalışanlar 400-450 manat maaş alırlar.
Vilayət Vəliyev rektor olan kimi özünə 4-5 müşavir təyin edib. Hamısı da öz qohum əqrəbası, dost-tanışlar, daha dəqiq desək, özünə yaxın olanlardır. Heç birinin də normal təhsili yoxdur.
Vilayət Vəliyevin rektor olduğu bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə də gündəmə gəlib. Universitet tələbəsi olan hamilə qadın COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan da imtina edib. Görəsən, rektor başa düşmür ki, hamilə qadınlar, süd verən analar peyvənd olunmağa məcbur edilə bilməz?!
Bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib. 5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər də həllini tapmayıb. Rektor köhnə rüşvətxor şəbəkənin əməllərindən yaxşıca faydalanıb. O, sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir.
Vilayət Vəliyev rektor olan kimi AzTU-nun mətbəəsinin axırına çıxıb. AzTU-nun müasir texnologiyalara cavab verən, kompyüterləşdirilmiş mətbəə texnologiyası universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s. eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş.
Rektor istədiyi kafedraları birləşdirir, kafedra müdirlərini azad edir, guya öz aləmində islahat aparır. Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı Aqil Babayevi AzTU-da kafedra müdiri təyin edib.
Rektor qadın müəllimlərə qarşı çox kobud rəftar edir, hətta deyilənə görə onları təhqir də edir. Vilayət Vəliyev savadsızın birini özünə elmi işlər üzrə müşavir təyin edib. Müşavir Fariz Məmmədovun Texniki Universitetdə bu qədər elm sahələri olması barəsində heç məlumatı da yoxdur.
Havar Məmmədovdan sonra rektor Vilayət Vəliyev AzTU-da sanki daşı daş üstə qoymayıb.
Görəsən, Hesablama Palatası və digər qurumlar hara baxır?! Təhsil naziri Emin Əmrullayev rektor Vilayət Vəliyev barəsində nə düşünür?!
Qarşı tərəf də öz mövqeyini söyləyə bilər.
Paralel.az