Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

 

Tələbələrimin/şagirdlərimin suallarına cavablarım : IX yazı

- Müəllim, anam məni atamla qorxudur, atan gələr, görərsən deyir...
- Bu, Azərbaycan ailələrində kök salmış şərtli münasibətin, şərtli sevginin , şərtli mükafatın əlamətlərindən biridir, ikiüzlülüyə, yalana, saxtakarlığa, süniliyə yol açır, əxlaqı, güvəni, məsuliyyət duyğusunu zəiflədir, valideynlə övlad arasına divar hörür, ümidsizliyə, qorxuya, çarəsizliyə səsəb olur. Uşaq belə inanır ki, mən mənə davranıldığı kimiyəm. Yanlış cümlələr mənfi duyğuları, düşüncələri oyadır, onlar da yanlış davranışlara yönəldir, ailədə formalaşan şərtli münasibət sistemi sonra bütün cəmiyyəti əsir alır, saxtakarlar toplumu formalaşır, xeyirə deyil, mənfəətə əsaslanan cəmiyyət ortaya çıxır...
Azərbaycan ailələrində geniş yayılmış yanlış cümlə örnəkləri verməyə, doğrularını göstərməyə çalışacağam:
- Dərsini oxumasan, anan/atan olmaram demə, bu, psixoloji hədədir, güvəni sarsıdır, anam məni tərk edər qorxusu yaşadır –hərəkətin ananı üzür de, bu, sınırı öyrədir, məsuliyyət yükləyir;
- Yeməyini yeməsən, gəzmək yoxdur demə - yeməkdən sonra gəzməyə gedəcəyik de;
- Oxumasan, televizora/telefona baxmaq yoxdur demə, bu, yasaqlayıcı zehindir, bir işə yaramaz – öncə dərsini oxu, sonra televizora bax, telefondan istifadə et, oyna de, bu, imkandır, seçim haqqıdır, hərəkətə keçirir;
- Atana deyəcəyəm demə, bu, atanı düşmənə çevirir, nifrətə səbəb olur – atan səninlə qürur duyur de, bu, sevdirir, güc, ümid, cəsarət verir;
- Allah gözünü kor edər demə, Allah səni görür, bilir, eşidir, sənə güvənir de;
- Çarə yoxdur demə, bu, qayğını artırır – Allahdan ümid kəsilməz de, bu, çıxış yolu göstərir;
- Oğlan qızdan üstündür demə, bu, bacı ilə qardaş arasında qısqanclığa səbəb olur, ikisi də Allahın nemətidir de;
- Həyat ya ağdır, ya da qaradır demə - rənglər çoxdur de, yolların, çeşidin, seçimin çoxluğu insana hüzur verir;
- Qardaşın/bacın kimi ol demə, bu, müqayisədir, müqayisə bu dünyanın cəhənnəmidir, nifrətə səbəb olur – qardaşın/bacın səni çox sevir, sənən inanır, uğurlarına dəyər verir de;
- Zəifsən demə - güclü ol de;
- Qorxaqsan demə - cəsur ol de;
- Dəlisən demə - ağıllı ol de;
- Tənbəlsən demə - çalış de;
- Həyatda heç vaxt yıxılma demə, bu, imkansızdır – yıxılacaqsan, ancaq qalxmağı da biləcəksən de;
- Səhv etmə demə - səhvlər uğurun əsasıdır de;
- Sən bacarmazsan, qoy mən edim demə - gəl birlikdə edək de;
- Yalançısan demə - doğru danış de;
- Əsla qəzəblənmə demə, bu, mümkün olan iş deyil – səbirli ol de, bu, qəzəbi idarə etməyi öyrədir;
- Səndən adam olmazsan demə, Allah hər varlığı bir imkanla, bir iş üçün yaratmışdır de;
- Bizi biabır etmə demə - biz sənə güvənirik, yanındayıq de;
- Sənə etdiklərim burnundan gəlsin demə - halal xoşun olsun de;
- İmtahandan bal toplamasan, evə gəlmə demə - uğursuzluqdan öyrənməyi öyrət;
- Sənin yerinə daş doğsa idim demə - səni verənə şükür de;
- Döyərəm demə - başını sığalla, əlindən tut, üzündən öp, bağrına bas;
- Tərbiyənin əsasını qorxu, təhdid, zorla qəbul etdirmə üzərində qurma, ümid, inandırmaq, seçim haqqı vermək, örnəklik üzərində qur;
 

Paralel.az

0.086618900299072