Güney Qafqaz uğrunda mübarizə qızışır - II yazı

Güney Qafqaz uğrunda mübarizə qızışır - II yazı
 

Siracəddin Hacı:

Xronoloji təhlil

- Avropa Birliyi, ABŞ bir az Ermənistanı, daha çox Azərbaycanı sıxışdırır. Ermənistana deyirlər ki, Qarabağın/Arsaxın Azərbaycanın tərkibində status qazanması sizin üçün ən uyğun variantdır, bununla razılaşın, erməni xalqını da bu hədəfə hazırlayın. Azərbaycandan tələb edirlər ki, Qarabağa status ver, xalqı da bu ölçüyə razı sal;
- Azərbaycanla Ermənistanın, Ermənistanla Türkiyənin münasibətlərinin nizamlanmasını, Rusiyanın bölgəyə təsirini, Avropa Birliyinin, ABŞ-ın Güney Qafqazda iştirak payını müəyyən edən açar məsələ Qarabağın status ilə bağlıdır, bu gün gündəliyin əsas tezisi statusdur;
- Paşinyan hökuməti müxalifətin etirazlarını da göstərərək mitinqdən Ermənistanın xeyrinə istifadə edir, deyir ki, Qarabağa status verilməsə, Ermənistan qarışar, heç bir məsələ həll olunmaz. Ermənistanın siyasi, diplomatik, diaspora gücü Qarabağa status qazandırılmağa yönəldilib;
- Azərbaycanın vəziyyəti belədir: status olmayacaq deyir, çox önəmlidir, ancaq bu mövqeyin qorunmasına, qəbul etdirilməsinə ehtiyac var. Azərbaycan status məsələsində Ermənistanla, Rusiya, Avropa Birliyi, ABŞ, İranla (İran bəlli səbəblərlə sussa da, Ermənistandakı səfiri həftə səkkiz, mən doqquz Ermənistan hökumətinin təmsilçiləri ilə görüşür, müzakirə olunan məsələlərin ən önəmlisi də Qarabağdır, İran Qarabağa Azərbaycanı zəiflədəcək vasitə kimi baxır, elə buna görə də Qarabağa status verilməsini – dövlətləşdirilməsini istəyir) üz-üzədir;
- Statusla bağlı Azərbaycanın vəziyyətinin çətinliyini göstərən üç örnək veririəm: 1) Avropa Birliyinin təmsilçisi deyir ki, Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqları qorunmalıdır cümləsi ümumi, diplomatik ifadə biçimidir, zamanı gələndə məsələ daha dəqiq ifadə ediləcək – status olacaq; 2) ABŞ deyir ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqı var; 3) Lavrov Azərbaycanı və Qarabağı iki ayrı ərazi, tərəf kimi tanıdır, işğalçı rus ordusu Qarabağla Azərbaycanı bir-birindən ayırır, Fərrux məsələsinə sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində baxılacaq deyir;
- Azərbaycanın, President İlham Əliyevin dirəniş üçün ciddi müttəfiqlərə ehtiyacı var. Müttəfiqlər də hazırdır: 1) Azərbaycan xalqı, xalqdan böyük müttəfiq, arxa, dayaq yoxdur – Prezident Azərbaycan xalqını müttəfiqinə çevirməlidir, bunun üçün Qarabağla bağlı bütün gerçəkliyi xalqla bölüşməli, ədalət, azadlıq, rifah, mərhəmət dəyərləri ilə xalqa bağlanmalıdır. Bu gün elə bir mərhələdiyik ki, hakimiyyət iç məsələləri doğru biçimdə yoluna qoymasa, Azərbaycanın heç bir sıxıntısı həll olunmaz. Qarabağ məsələsi Azərbaycan xalqını birləşdirən, səfərbər edən dəyərdir, xalqla hakimiyyət bir olsa, kimsə Azərbaycanın iradəsini qıra bilməz; 2) Azərbaycan ordusu – ordunun gücləndirilməsi işi davam etdirilməlidir; 3) Türkiyə - Azərbaycanın strateji müttəfiqidir, türk ordusu Azərbaycana gətirilməlidir; 4) Müttəfiqlərin sayını artırmaq – mənafelər uzlaşdırılsa, Azərbaycanın dostları çoxalacaq;
Ardı var…

Paralel.az

0.017518043518066