Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Tələbələrimin/şagirdlərimin suallarına cavablarım : 

VII

Birinci yazımda utancaqlığın ortaya çıxardığı fiziki, ruhi, zehni, sosial sıxıntıları, ikinci yazımda utancaqlığı ortaya çıxaran səbəbləri açıqladım. ÜÇÜNCÜ YAZIMDA isə utancaqlıq xəstəliyinin müalicəsi ilə bağlı təkliflərimi/görüşlərimi sizlərlə paylaşacağam:

- xəstəliyin müalicəsi var, ümidinizi diri tutun;

- xəstəliyini tanı, halını qəbul et, sağalmağın ilk şərti xəstə olduğunu qəbul etməkdir, yoxsa həkimə getməz, çıxış yolu axtarmazsan;

- sonra utandıqlarının siyahısını çıxart, yaz, yazmaq görməyi, tanımağı, qavramağı asanlaşdırır, asan olanından başlayaraq sırala, təhlil et;

- iki sual üzərində düşün: utancaq olmasam, nələri qazanaram, qazanacağam? Utancaq olduğuma görə nələri itirdim, itirirəm, itirəcəyəm;

- bir insan ancaq zəifliklərdən ibarət ola bilməz, mütləq güclü yönlərin var, onları yaz, bu sənə güc, güvən, ümid, çıxış yolu var deyəcək, hərəkətə keçirəcək;

- bir şeyi bilmək önəmlidir, ancaq hər şey deyil, doğru bildiklərini həyata keçirməlisən;

- utancağın ən ciddi sıxıntılarından biri əlaqə qura, sosiallaşa bilməməsidir – öncə tanıdıqlarınla, sonra az tanıdıqlarınla, sonra tanımadıqlarınla əlaqə qur, salam ver, az da olsa, danış, keyfini soruş, məsələn, qəzet satanla, mağaza satıcısı ilə qısaca söhbətləş;

- utancaq hər zaman başqalarının təsdiqinə ehtiyac duyar, bu sualı ağlından çıxartmaz: mənimlə bağlı nə deyirlər, nə düşünürlər? Əmin ol ki, kimsə sənə baxmır, səninlə maraqlanmır, sənə nəzarət etmir;

- səhv etmək uğurun, həyatın, inkişafın əsasıdır – səhv etməyə qorxma, səhvlərindən öyrənməyə çalış;

- bil ki, qüsursuz insan yoxdur – başqalarını gözündə böyütmə;

- öz dəyərini başqalarının rəyinə bağlama, kim nə deyər ölçüsü ilə yaşama, Allah nə deyər ölçüsünü qəbul et;

- sosial əlaqələrini gücləndirəcək tədbirlərdə iştirak et: ad günü, nişan, toy, gəzinti...;

- gözəl sosial qruplarla aidiyyət bağı qur – idman, xeyir, sənət, incəsənət, ədəbiyyat... qurumlarına üzv ol, dərnəklərdə iştirak et;

- xəyallar qur, məsələn, bir məclisdə gözəl danışırsan, hamı səni alqışlayır;

- tədbirlərdə qısa da olsa, çıxış et;

- güzgünün qarşısında məşq et;

- saç düzümünü, geyimini, geyim üslubunu dəyiş, qırmızı, qara rənglərə də yer ver, bunlar uğurun, gücün, güvənin, əsalətin əlamətləridir;

- jest və mimikaların güclü silah olduğunu bil;

- gülümsə - bu, beyinə mesaj göndərir: güclüyəm, rahatam, hər şey qaydasındadır, gülüş əlaqəni asanlaşdırır;

- özünü mükafatlandır, hədiyyələr al – bu sən dəyərlisən mesajı verəcək;

- duruşunu, yerişini dəyiş - əzik durmaq, əllərini stolun altında gizləmək, çiyinlərini qısmaq, davamlı yerə baxmaq psixoloji gərginlik əlamətləridir, dik dur, tez-tez göy üzünə bax, bədənini gərmə, sərbəst tut;

- danışanda göz təması qur – bu özünə güvənin, dürüstlüyün əlamətidir, sözünün təsir gücünü artıracaq;

- özünə qarşı mərhəmətli ol, özünü acımasız tənqid etmə, mükəmməl olmağa çalışma, mən səhvlərimlə gözələm, özümü sevirəm, özümə dəyər verirəm, halımdan razıyam, məni verənə şükür de;

- yox deməyi öyrən, kimsənin səni əzməsinə, əməyini, şəxsiyyətini sömürməsinə izin vermə;

- sosial çevrəni dəyiş, ruhunu öldürən insanlardan uzaqlaş, yeni əlaqələr qur;

- özünü heç kimlə müqayisə etmə;

- oxu, səviyyəni artır, öyrəndikcə, dərinləşdikcə, dəyərini hiss etdikcə utanma duyğusu azalacaq;

- kiçik (günlük, saatlıq) hədəflər qoy, onları mütləq yerinə yetir, uğurunu mükafatlandır;

- özünü sev, dəyişməyən ölçülərin, dəyərlərin olsa, kimsə səni əzə bilməz, özünə güvənsən, utancaqlığın əsarətindən qurtulacaqsan, utancaqlıq duyğusu qaçmağa siçan deşiyi axtaracaq;   
Paralel.az

0.014470100402832