Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Tələbələrimin/şagirdlərimin suallarına cavablarım:

VI

- UTANCAQLIQLA bağlı birinci bölmədə diqqətinizi utancaqlığın yol açdığı fiziki, ruhi, zehni, sosial sıxıntılara yönəltdim. İkinci bölmədə oxuduqlarım, öyrəndiklərim, düşündüklərim, təcrübəm əsasında utancaqlığın səbəblərini açıqlamağa çalışacağam. Deyirəm ki, “UTANMAQ” sözünün əsli “UDANMAQ”dır, utanmaq udur: insanın əqli, fiziki, ruhi, sosial gücünü, dəyərini, kimliyini udur, sömürür, bitirir. YUNQ deyir ki, utancaqlıq insanın ruhunu yeyər. Bilməliyik ki, nevrotik utancaqlıq əsarətdir, insanı kölələşdirir, ağlı, qəlbi, iradəni, çalışma və inkişaf gücünü öldürür. Utancaqlıq qədər deyil, öyrənilən, öyrədilən xəstəlikdir, təbii ki, müalicəsi də var.

Utancaqlıq xəstəliyinə tutulan insan: özündən, fiziki özəlliklərindən utanar, məsələn, burnunun böyüklüyünü, gözünün çəpliyini, boyunun qısalığını... fəlakət sayar. Ailəsindən utanar – siz kasıbsınız, arxamca məktəbə gəlməyin, sizi görməsinlər deyər. Keçmişindən utanar, səhvləri olub, bu səhvlər onu əsir alıb. Etdiyindən utanar – yanlış bir işi var, rəzil olduğunu düşünər. Etmədiyindən utanar, gücü çatmayan bir iş oldu, yerinə yetirə bilmədi, az qalır ki, yerə girsin. Gələcəyindən utanar – məndən adam olmaz deyər, yasa batar. Geyimindən utanar – ucuz paltar geyindiyindən insanların arasına çıxmaz. Ərindən, ya da xanımından utanar, özünə yaraşdırmaz – dəvət olunan yerə birlikdə getməzlər. Övladından utanar – övladının bir qüsuru var, o, məni gözdən salar deyə düşünər...

Utancaqlığın səbəblərini dörd yerdə axtara bilərik:

a) ailədə - analar, atalar övladlarına Allahın əmanəti kimi deyil, mülkiyyət kimi baxırlarsa, seçim haqqı vermirlərsə, hər şeyə sərt biçimdə nəzarət edirlərsə, davamlı şikayət, yersiz tənqid varsa, uşaq fiziki, psixoloji şiddət görürsə, ona keyfiyyətli vaxt ayrılmırsa, söz haqqı yoxdursa, güvən, ümid, cəsarət verilmirsə, yetərli sevgi göstərilmirsə, qorxu altında tutulursa, başqaları ilə müqayisə olunursa, uğurları dəyərləndirilmirsə, cəza sistemi hökm sürürsə, valideyn oğlum, qızım kimi gözəl müraciət biçimləri yerinə aaazzz, əəə deyirsə, instituta qəbul olmasan, səni almayacaqlar söyləyirsə... utancaqlıq xəstəliyi ortaya çıxacaq;

b) məktəbdə - müəllim-şagird münasibətləri süni və saxtadırsa, ağa-nökər biçimindədirsə, şagirdə öz fikirlərini sərbəst ifadə imkanı verilmirsə, müəllim ləqəblər taxırsa, döyürsə, bağırırsa, qiymət cəza üsuludursa, fərqli düşüncə, tənqid, təklif fəlakət sayılırsa, biliklə əxlaqın birliyi yoxdursa, şagirdə şəxsiyyət kimi baxılmırsa, şagird başqalarının yanında aşağılanırsa, sual vermək eyib sayılırsa... utancaqlıq xəstəliyinin zəmini formalaşacaq;

c) sosial çevrə - uşağın bağlı olduğu mühit – dostları onu ələ salırlarsa, çalışmağa təşviq etmirlərsə, cəsarətini qırırlarsa, fiziki, psixoloji baxımdan əzirlərsə, aşağılıq duyğusu verirlərsə, təkəbbürlüdürlərsə, sömürürlərsə, kasıblığı eyib sayırlarsa, ailələrin imkanlarını müqayisə edirlərsə, səndən bir şey olmaz, bu iş sənlik deyil, bacarıqsızsan, əfəlsən, sənə gülərlər... deyirlərsə, utancaqlıq xəstəliyi ortaya çıxmaq imkanı qazanır;

d) cəmiyyət – fərqli düşünmək, təkliflər irəli sürmək, haqqını qorumaq, bəyənmədiyini söyləmək, zülmə qarşı çıxmaq, istəmədiyinə yox demək, mən lider olacağam iddiası, səhv etmək, özünü sevmək, özünü tərifləmək, fərqli geyinmək, saç düzümü eyib, təhlükə, biabır olmaq sayılırsa, nə gündəsən, utanmırsan, sənin yerinə xəcalət çəkirəm deyilirsə, utancaqlıq xəstəliyinin səbəbləri hazırdır;

Ardı var...    

Paralel.az

0.017305135726929