Xanım ərinin ayağını niyə yumamalıdır? - I yazı

Xanım ərinin ayağını niyə yumamalıdır? - I yazı
 

Siracəddin Hacı yazır...

Bir yazı paylaşdım, dedim ki, ərinin ayağını yuyan qadın xanım deyil, kölədir, qulluqçudur, iradəsini ərinə təslim etmişdir, əri ona xanım kimi deyil, anası kimi baxar, istismar edər, ondan soyuyar, uzaqlaşar, başqa ünvanlar axtarar... Bu yazını bəyənənlər çox oldu, bəyənməyənlər, söyənlər, təhqir edənlər də tapıldı, hər kəs səviyyəsinə, anlayışına uyğun münasibət bildirdi. Önəmli nəticə bu oldu ki, Azərbaycanda qadına baxışda ciddi sıxıntıların varlığı bir daha üzə çıxdı. Bircə rəsmi faktı deyim ki, bu gün Azərbaycanda evlənən 5 gəncdən biri boşanır, bu, milli faciə deyil, bu məsələdə ciddi sıxıntılardan xəbər vermir?
Məsələ ayaq yumaq məsələsi deyil, qadın şəxsiyyətinə, qadın haqlarına, qadına münasibət məsələsidir. Məsələ ilə bağlı görüşlərimi sizinlə addım-addım bölüşməyə çalışacağam:
- sevgili analar, atalar, müəllimlər, qızlara ərinin ayağını yumağı deyil, yumamağı öyrədin;
- cinsiyyət əsasında hüquq sistemi qurulmaz – səndən üstünəm, haqqım çoxdur, niyə? Mən kişiyəm. Belə hüquq ola bilərmi? Hüququn əsası cinsiyyət deyil, insan olmaqdır;
- fiziki, ya da mənəvi güc əsasında hüquq müəyyən edilməz – hüququm çoxdur, axı mən kişiyəm, güclüyəm. Belə hüquq olarmı?;
- İNSAN İNSANIN MÜLKÜ, SAHİBİ, AĞASI DEYİL – qadın da, kişi də Allahın əmanətidir, ikisinin də toxunulmaz haqları var;
- kişinin haqqı daha çoxdur, belə ki, o, çox çalışır, evin yükü onun üzərindədir sözü bir əfsanədir – bunu iddia edən kişilər 9 ay bətnində körpə daşıdılarmı, acılarla o körpəni dünyaya gətirdilərmi, bəbəyin altını min dəfə təmizlədilərmi, gecələr oyaq qaldılarmı, yemək hazırladılarmı, övladlarını avtobusla məktəbə aparıb gətirdilərmi, heç xanımlarının ayaqlarını yudularmı, ailəsi üçün varlığını fəda etdilərmi, həm işləyib, həm də ailəsinə baxdılarmı, həyəcanlandılar, duyğulandılar, yol gözlədilərmi?;
- biz azərbaycanlılar evdar qadını işsiz qadın sayırıq. Bu ədalətli, insani yanaşma ola bilərmi? Ailənin ağır yükü qadının üzərindədir, o həm də işsizdir, eləmi?;
Ardı var...    

Paralel.az

0.092198133468628