28 may - Azərbaycanın milli marşının şərhi - II yazı

28 may - Azərbaycanın milli marşının şərhi - II yazı
 

Siracəddin Hacı yazır…

- Milli marş Azərbaycanın qəhrəman övladın (övladların) ŞANLI VƏTƏNİ olmasının şərtlərini açıqlayır: igid övladlar Vətənənin inşası üçün əmək, zaman, qayanq ayırdılar, can verdilər, qan tökdülər;
- Minlərlə can qurban oldu – möhtərəm şair çoxluq ifadə edən söz seçir, sayı-hesabı yoxdur, adı bilinməyən o qədər igid var ki! Azərbaycanın hər qarışı şəhid qanı ilə yoğrulmuşdur, ey Vətən övladları, onları unutmayın, unutsanız, Azərbaycanın müstəqilliyi əldən gedər;
- “Can” sözü – insanın ən dəyərli varlığını ifadə edir, içində sevgi olan bədən can olur, maddi olan mənəvi olana çevrilir, canı, sözü, fikri, elm, əməyi ilə şəhid olan o qədər igid var ki!;
- Milli marş “öldü”, “həlak oldu” demir, “qurban oldu” ifadəsini seçir, qurban olmaq yaxın olmaqdır, insan Allaha mənəvi yaxınlıq üçün qurban kəsər, o igidlər də Allahın bizə əmanəti olan Azərbaycan üçün qurban oldular ki, ilahi sevgini qazansınlar, əmanət üçün qurban olmayana Vətən verilməz, Allahın rizası qazanılmaz!;
- Sinən hərbə meydan oldu – Əhməd Cavad Azərbaycanın siyasi, coğrafi, strateji kimliyini o qədər dəqiq ifadə edib ki! Azərbaycan o dərəcədə dəyərli bir məkandır ki, hər kəs ona sahib olmaq istədi, istəyir, istəyəcək. Rəsulzadə də bir məqaləsində yazır ki, Azərbaycan əbədi mübarizə meydanıdır. Mesaj var: Azərbaycanı əldə tutmaq üçün güclü ordu, böyük elm, mədəniyyət, sağlam din anlayışı, azadlıq, ədalət, rifaha bağlı milli birlik, etibarlı müttəfiqlər zəruri şərtdir – zəif olmaq Vətənə xəyanətdir;
- Hüququndan keçən əsgər – bir insanın, o sıradan əsgərin təməl haqqı yaşama, həyat haqqıdır, “hüquq” sözü “haqq” sözünün cəmidir, igid əsgər müstəqil, azad, ədalətli Azərbaycanın varlığı üçün bütün haqlarından keçmiş, imtina etmiş, ən dəyərli hüququnu - həyatını qurban vermişdir;
- Hərə - hər biri bir qəhrəman oldu, qəhrəman olmayan əsgər yoxdur, Azərbaycan üçün şəhid olan hər əsgər qəhrəmandır, əzizdir, dəyərlidir. Marşın bu bəndi deyir ki, Azərbaycanın bədəli ağırdır, bədəl ödəyənləri unutma, bədəl ödəməyə hazır ol;
- sonra milli marşın DUA bölməsi gəlir, məqsəd açıqlanır, minlərlə can niyə qurban oldu, sinən hərbə niyə meydan oldu, əsgər niyə hüququndan keçdi, qəhrəman oldu suallarına cavab verilir: SƏN OLASAN GÜLÜSTAN – GÜL BAĞÇASI – müstəqillik, azadlıq, ədalət, rifah varsa, Vətən gülüstandır;
- Sənə hər an can qurban- burada “hər an” ifadəsi çox önəmlidir, Azərbaycan o qədər dəyərli ölkədir ki, hər an sayıq olmalı, çalışmalı, gözümüzü üstündən çəkməməli, qorumalıyıq - Azərbaycan hər an sayıqlıq tələb edən ölkədir, körpüdür, körpüdən dost da keçər, düşmən də, güclü və sayıq olmalıyıq ki, körpü yıxılmasın;
- Sənə min bir – ifadəsi mümkün olmayacaq sayda/dərəcədə məhəbbət sinəmdə -qəlbimdə məkan tutmuş, heç vaxt çıxmayacaq biçimdə yerləşmişdir, Vətən məhəbbətinin qəlbimi tərk etməsi imkansızdır, sənin gülüstan olmağını təmin edəcək, qoruyacaq qədər məhəbbətim var;
- Milli marşın son bölməsi AND - söz verməkdir: Vətənin namusu var deyir, Azərbaycanın namusu insanların haqq və hüquqlarıdır, müstəqillik, azadlıq, ədalət, ərazi bütövlüyü, elm, iqtisadiyyat, siyasət, mədəniyyətdir. Namus qorunmağa – hifz edilməyə möhtacdır. Marş Vətənin bayrağı var deyir, o, kimliyi təmsil edir, yüksəldilməlidir, dalğalanan bayraq azad kimliyin simvoludur;
- Marş “cümlə gəncləri” – bütün gəncləri önə çıxarır, sevgili Əhməd Cavad əsgəri və gəncləri ayrıca vurğulayır, deyir ki, Azərbaycanın namusunu qorumaq, bayrağını ucaltmaq üçün bütün gənclər müştaqdır- aşiqdirlər, aşiqlik fədakarlıqdır, Vətən şüuru olan, iradəli, elmli, çalışqan, əzmli, cəsur gənclər, əsgərlər varsa, Vətən məğlub olmaz;
- Möhtərəm Əhməd Cavad “şanlı Vətən” deyir, bu ifadəni iki dəfə təkrar edir, o Vətənin Azərbaycan olduğunu göstərir, onu ürəyi Vətən sevgisi ilə dolu gənclərə, cəsur əsgərlərə, bütün xalqa əmanət edir, ruhlandırır, cəsarət, ümid verir, böyük milli hədəf göstərir – Allahın əmanəti olan Azərbaycanı qoruyun;  
Azərbaycanın milli marşı bu anlayışlar üzərində qurulmuşdur: AZƏRBAYCAN, VƏTƏN, BAYRAQ, SƏDAQƏT, CƏSARƏT, ŞƏHİDLİK, SEVGİ, FƏDAKARLIQ, DUA, AND, ƏMANƏT;
CÜMHURİYYƏT BAYRAMIMIZ MÜBARƏK OLSUN!
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏSİN!
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏYƏ, ƏHMƏD CAVADA, ÜZEYİR HACIBƏYLİYƏ, BÜTÜN ŞƏHİDLƏRƏ, MÜSTƏQİL, AZAD, ƏDALƏTLİ AZƏRBAYCAN UĞRUNDA MÜBARİZƏ APARAN HƏR KƏSƏ SALAM OLSUN!    

Paralel.az  
 

0.017760992050171