Diaspor Komitəsi çox yarıtmaz işləyir
Fuad Muradov etimadı doğrultmadı
Azərbaycan Diaspor Komitəsində Nazim İbrahimovun Fuad Muradovla əvəzlənməsi komitədə müsbət nəticə vermir. Fuad Muradovun rəhbərliyilə keçən 4 ilin nəticəsi son dərəcə müdhiş və ağırdır. Ona görə də komitənin fəaliyyətilə yaxından tanış olan hər kəs naziri “quru yuyub yaş sərir”. Bunun da kifayət qədər haqlı səbəbləri var.
Diaspor Komitəsi korrupsioner İbrahimov qardaşlarının cəngindən çıxdıqdan sonra gənc deputat, Fuad Muradovun komitəyə sədr təyinatı hər kəsi bu komitənin gələcək fəaliyyəti barədə müsbət düşündürürdü.
Lakin, onun rəhbərliyi altında keçən 4 ildə, çox təəssüf ki, kosmetik dəyişiklərdən başqa Diaspor Komitəsinin fəaliyyətində ciddi irəliləyişlər baş vermədi.
Diaspor Komitəsi xaricdə yaşayan milyonlarla azərbaycanlını əhatə etmək və kəmiyyəti keyfiyyətə, siyasi-ictimai gücə çevirməyi bacarmadı. Fuad Muradovun rəhbərlik etdiyi bu komitə elə Nazim İbrahimovun dövründə olduğu kimi, dar çərçivədə və çevrədə, qapalı şəkildə öz fəaliyyətini davam etdirir.
Hətta, kəskin tənqid etdiyimiz Nazim İbrahimovun dövründə belə, Vahid Ələkbərov, Araz Ağalarov, o cümlədən Lujkov kimi nəhənglər, Rusiyada, Avropada diaspor fəaliyyətlərinə cəlb olunmuş, onların iştirakıyla bir sıra layihələr icra olunmuşdu.
İndi isə, Diaspor Komitəsinin fəaliyyəti, onlayn söz bazarına oxşayır, twitterda, facebookda, zoomda status yazmaqdan o tərəfə getmir.
Hansısa evdə, yaxud dönərçidə yemək yeyib, hesabını Diaspor Komitəsinə yazaraq, adını yeni İl, yaxud Novruz bayramı tədbiri qoymaqla Fuad Muradov kimi aldadır?
Son 4 ildə, Diaspor Komitəsi, Azərbaycanın hansı ölkəylə münasibətlərinin yaxşılaşmasına, inkişafına, stratejik müttəfiqliq səviyyəsinə gəlməsinə öz töfhəsini verib? Bu komitənin yaranma məqsədi və fəaliyyət istiqamətinin necə olması gərəkdiyini doğrudan da bilirlərmi?
Bu gün Avropada, Amerikada, Rusiyada və bir çox dünya ölkəsində əslən azərbaycanlı olan, lakin Azərbaycanda doğulmayan, Azərbaycan dilini kifayət qədər yaxşı bilməyən, əvəzində yaşadığı ölkənin vətəndaşlığını daşıyan, yaşadığı cəmiyyətə uğurla inteqrasiya etmiş yeni nəsil yetişir.
1990-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində, bu və ya digər səbəbdən, Avropaya, Amerikaya üz tutmuş minlərlə azərbaycanlı ailəsində doğulan övladların bu gün artıq 20-25 yaşlı gənclərdir.
Görəsən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu gənclərlə bağlı hansısa fəaliyyət planı varmı?! Şuşa qurultayı da, buna əyani sübutdur! Şuşa qurultayında, iştirakçılar arasında xarici ölkələrdə qısamüddətli təhsil alan tələbələrin olması çaşqınlıq yaratdı. Çünki bu, qurultaya, sadəcə o ölkələrdə daimi olaraq məskunlaşan, öz fəaliyyəti və uğurlarıyla nümunə olan həmvətənlərimizin dəvət olunması daha doğru olardı.
Bu cür dekorativ adamlar, sadəcə dekorasiya rolunu oynayır və kəmiyyət artırırlar. Diaspor Komitəsinin puluyla Azərbaycana gəlir və gəzirlər. Aralarında çox güman ki, elələri də tapılar ki, sadəcə qurultaydan-qurultaya, Diaspor Komitəsi onların yol pulunu ödəyəndə Azərbaycana gəlirlər.
Görəsən, indi, 5-ci qurultay iştirakçıları arasında 6-cı qurultaya qədər Azərbaycana getməyəcək neçə nəfər olacaq?!
Araşdırsanız, görəcəksiniz ki, bu insanların bir qismi, ümumiyyətlə, yaşadıqları ölkədə işsizdirlər, sosial yardımlarla yaşayırlar, yaşadıqları ölkənin dilini belə düz-əməlli bilmirlər, qonşularının belə tanımadığı, əlaqə qurmadığı adamlardır.
Yazının əvvəlində də bildirdiyim kimi, hələ keçən il Şuşada xaricdə müxtəlif dövlət qurumlarında və holdinqlərdə işləyən, yüksək vəzifə tutan, yaxud böyük şirkətlərə rəhbərlik edən gənc azərbaycanlıların və Azərbaycan əsilllilərin (25-45 yaş arası) iştirak edəcəyi forum layihəsi ilə bağlı təklif səsləndirmişdim.
Bu təklifdə, dünyanın bir sıra aparıcı ölkələrində rəhbər vəzifələrdə çalışan, böyük bizneş şəbəkələri və ictimai-siyasi əlaqələri olan azərbaycanlılar və onlarla yanaşı, bu ölkələrin dövlət strukturlarından xarici rəhbər şəxsləri bu foruma dəvət edərək, beynəlmiləl forum havasında, yaxud Beynəlxalq Şuşa Forumu adlandıra biləcəyimiz formatda bir tədbir keçirilməsini nəzərdə tuturdum.
Biz, Fransada bəzən qohumlar, azərbaycanlı dostlar yığışanda, Diaspor Komitəsinin Fransada öz ətrafına mobilizasiya edə biləcəyi kütlədən dəfələrlə çox oluruq.
Bu baxımdan, Diaspor Komitəsinin nə Avropada, nə Amerikada heç bir ağırlığı, dövlət qurumu kimi, azərbaycanlıların nəzərində çəkisi yoxdur.
Mən, Diaspor Komitəsində işləyən, xeyli vətənpərvər insanın olduğunu bilirəm. Azərbaycana səfərimdə həmin insanların bir qismiylə görüşdüm, indi yazdığım iradların bənzərini onlara bildirdim. Ancaq bilirəm ki, fəaliyyət mexanizmini onlar müəyyən etmirlər. Yuxarıda da qeyd etdiyim kimi, inkişaf etmiş qərb ölkələrində formalaşmaqda olan yeni gənc nəsil var. Onlar bu ölkələrə qısammüddətli təhsil almağa gələn tələbələrdən fərqli olaraq, burada doğulmuş, böyümüş və yaşadıqları cəmiyyətin bir parçasına çevrilmiş fərdlərdir.
Bəzən, biz də toplaşanda, bir məqam həmişə diqqətimi çəkir, böyüklərin azərbaycan dilində danışdığı məclislərdə, kiçiklər, yəni övladlarımız öz aralarında fransız dilində danışırlar, əminəm ki, ABŞ-da da, Almaniyada da, Britaniyada da belədir, bunun qarşısını almaq qeyri-mümkündür.
Lakin, biz uşaqlarımıza qürbətdə belə milli vətənpərvərlik, azərbaycançılıq hisslərini aşılamağa davam edirik. Necə ki, bir müsəlman kimi, ərəbin dilini bilməsək də, Məkkə və Kəbə bizim üçün müqəddəsdir, eləcə də, bizim övladlarımız azərbaycan dilində səlis danışa bilməsələr də, Azərbaycan onların Kəbəsi olmalıdır.
İkinci Qarabağ müharibəsi zamanı, mən bu gəncliyin Fransadakı aktivliyinin şahidi oldum, çalışdıqları iş yerlərindən tutmuş, dostları arasında, sosial şəbəkələrin fransız seqmentində apardıqları söz savaşı, yeri gələndə mobilizasiya olaraq göstərdikləri qətiyyət həqiqətən alqışa layiq və dəyərləndirilməli addımlar idi.
Ölkə xaricində, Diaspor Komitəsinə yaxın adamların, təşkilatların müharibə dövründə, erməni diasporunun həyasız təbliğatına qarşı, bizim aqressiv qarşılıq verməyimizi emosional adlandırması, özlərini “ehtiyatlı” aparması və passiv mövqe sərgiləmələri nəzərdən qaçmırdı.
Qarabağ müharibəsi dövründə, erməni diasporunun iftira dolu təbliğatının qarşısına sinəsini verənlərin əksəriyyəti, siyasi mövqeyindən asılı olmayaraq və bir mənalı olaraq bu ölkələrdə yaşayan və böyüyən sıravi insanlar idi.
Hansı ki, siz o insanların böyük əksəriyyətini, Diaspor Komitəsinin yaxud bu komitəyə bağlı təşkilatların keçirdiyi tədbirlərdə görə bilməzsiniz.
Kifayər qədər uğurlu, stratejik vəzifə və qurumlarda işləyən bu gəncləri, ümummilli məsələlərə cəlb etməməkdə Diaspor Komitəsi necə maraqlı ola bilər?
Digər məsələ, yaşadığı ölkənin vətəndaşlığını qəbul edən – ya ikili vətəndaşlıq daşıyan, yaxud ümumiyyətlə yaşadığı ölkənin vətəndaşlığı olan azərbaycanlılarla bağlıdır.
Bu gün, Avropa ölkələrində, ABŞ və Kanadada yaşadığı ölkənin vətəndaşlığını almış və yaşadıqları ölkələrdə səs vermə hüquqları olan çox ciddi sayda azərbaycanlı və Azərbaycan əsilli vətəndaş var. Bu vətəndaşlarımızın bir hərəkət etməsində, yaşadıqları ölkələrdəki siyasi atmosferdə özlərini diaspor gücü kimi formalaşdırmasında ilk növbədə Diaspor Komitəsi maraqlı olmalıdır.
Azərbaycanın bu ölkələrdə və o ölkələrin nüfuz etdiyi yerlərdə milli maraqlarının təmin olunması prosesi də, məhz bu ölkələrin daxili siyasətində Azərbaycan diasporunun güclü ictimai və siyasi rəy formalaşdırmasından asılıdır.
Bütün bu yuxarıda yazdıqlarımdan sonra, müharibədə məğlub olmuş Ermənistanın cəmi 2 yaşlı diaspor komissarlığının fəaliyyəti qarşısında, düşmən qarşısında böyük zəfər çalmış, qalib Azərbaycanın 20 illik tarixi olan Diaspor Komitəsinin fəaliyyətinin necə də çəlimsiz və sönük olmasını görmək, çox üzücüdür. Təəssüf ki, Diaspor Komitəsinin diaspor azərbaycanlıları qarşısında yerinə yetirdiyi heç bir öhdəlik olmamaqla bərabər, heç bir hesabatlılığı da yoxdur.
Diaspor Komitəsinin fəaliyyəti üçün illik təxminən dövlət büdcəsindən 10 milyon manat ayrılmaqdadır. Şuşadakı qurultaya isə, 3 milyon manat büdcə ayrıldığı bildirilir. Ümid edirəm ki, bu qurultayın hesabatını da, şəffaf şəkildə ictimaiyyətə verə biləcəklər.
Fikrimcə, ümumiyyətlə Diaspor Komitəsinə büdcədən pul ayrılmamalıdır, yaxud fəaliyyəti üçün ayrılan büdcə daha simvolik olmalıdır.
Diaspor Komitəsi öz fəaliyyətini və layihələrini daha çox, xaricdəki azərbaycanlılardan yığılan ianələr və üzvlük haqqları hesabına, yaxud azərbaycanlı iş adamlarının maddi dəstəyi ilə həyata keçirilməlidir.
Bu təklif, indiki reallıqda bəlkə də bir qədər utopik səslənsə də, bunun günahkarı elə Diaspor Komitəsinin özüdür. Xaricdə, ətrafına yığdığı 3-5 nəfəri yaxud təşkilatı ələ baxıma öyrəşdirmənin adı diaspor fəaliyyəti deyil! Diaspor fəaliyyətini, diaspor azərbaycanlıları şəkilləndirməli və maliyyələşdirməlidir.
Büdcə ayırdığınız adamların və təşkilatlara, maliyyə yardımını dayandıraraq, həm də o təşkilat və şəxslərin fəaliyyətini və vətənpərvərliyini də test etmiş olarsınız!
10 milyon manat xaricdə yaşayan azərbaycanlılar üçün böyük büdcə deyil, bu prosesə yüzlərlə və hətta minlərlə azərbaycanlını cəlb etmək olar, bir şərtlə ki, şəffaf və kollektiv idarə etmə təmin olunsun və Diaspor Komitəsi, sözün həqiqi mənasında, Azərbaycanda ölkədən kənarda yaşayan azərbaycanlıların səsi olsun!
Elnur Məcidli (Fransa)