Yaz da gəldi ... «yonca» olmadı

Yaz da gəldi ... «yonca» olmadı
 

Pensiyaçılar vaxta qədər dözəcək?

Millət, mən heç kimi təhqir etmək fikrində deyiləm, ələlxüsus da pensiyaçıları. Çünki artıq illərdir ki, mən həmin statusu çiyinlərimdə daşıyıram. Amma Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi başbilənlərinin Səlim Müslümov dönəmindən qalan pensiya sistemini dəyişə, Azərbaycan hökumətinin öz əməkçi insanlarını layiqli pensiya ilə təmin edə bilməməsi, onu deməyə əsas verir ki, "ölmə eşşəyim, ölmə" məmurlar insafa gələr taladıqlarından sənə bir pay verər gözləntisi elə təsəlli olaraq qaldı.

Burada söhbət təkcə pensiya yaşının azaldılmasından, yaxud artırılmasında yox, həm 40-45-50 il çalışan əməkçi insanın, minimum pensiyadan cəmi 30-40 manat yaxud, ümumiyyətlə pensiya hüququ olmayan sadəcə olaraq yaşa görə müavinat alanlardan 70-80 manat artıq pensiya almalarından gedir. Deyirlər ki, Azərbaycanda insanın pensiya almasını təmin edən cəmi 2 şərt var- 25 il stajı "sığorta stajı". Bunu başa düşdük. İnsanların anlamadıqları odur ki, əgər insan dövlət müəssisəsində 40-45-50 il əmək stajı toplayıbsa 2006- ildən tətbiq olunan ödəmələri edibsə, üçün minimum pensiyadan ən yaxşı halda cəmi 30-40 manat artıq pensiya almalıdır? Əgər "sığorta stajı"hesablanan dövrdə dövlət müəssisəsində çalışan insan tələb olunan məbləği yığa bilməyibsə, bu onun günahıdırmı? Onu cüzi maaşla istismar edən bu dövlətin özü deyilmi ki, indi ondan sığorta kapitalı tələb edir?

Hazırda tələb olunan 25 il stajı 34600 manat sığorta kapitalını toplamaq üçün işləyən insanların minimum əmək haqqı ən azı 1500 manat olmalıdır. Azərbaycanda isə minimum əmək haqqı cəmi 300 manatdır. Bu puldan edilən köçürmələrlə insan nəinki 25 il, heç 50 il işləsə 34 600 manat sığorta kapitalı toplaya bilməz. Bunu bəyəm qanunları hazırlayanlar bilmir? Burada söhbət dövlət müəssisələrində çalışanlardan gedir. Dövlət öz müəssisələrində çalışanlara ayda 400-500 manat əmək haqqı ödəyib , pensiyaya çıxanda onlardan 34600 manat sığorta kapitalı tələb etməsi, hansı məntiqə sığır? Artıq 30 ildir ki, məmləkətimiz müstəqil dövlət olaraq öz mövcudluğunu yaşayır. Demək ki, müstəqilliyin ilk günündən (mən ondan əvvəlki sovet dönəmini nəzərə almıram) işləyənlərin artıq 30 il stajları var. Amma bu müddət ərzində tələb olunan 34 600 manat sığorta kapitalını toplamayıbsa, bu artıq vətəndaşın deyil, dövlətin günahıdır. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başbilənləri isə bu günahı vətəndaşlara zorla həzm etdirmək istəyir. Çünki əməkçi insanı qəpik-quruşa işləməyə vadar edib, sonra da ondan sığorta kapitalı tələb etmək Azərbaycan kimi dövlət üçün üz qaralığından başqa bir şey deyil.

Necə olur ki, dövlət heç bir iqtisadi səmərəsi olmayan inzibati binaların tikintisi kimi layihələrə milyardlarla vəsait xərcləyir (onun böyük hissəsinin korrupsiyaya yem olduğunu bildiyi halda) amma pensiyaçılara normal pensiya, imkansız ailələrə uşaqpulu öldəməyə pul tapmır. Sonra da dövləti talayaraq milyonçu olan məmur oliqarxlar deputatlar çıxıb xalqa bəyan edirlər ki, dövlətimiz sosial yönümlü siyasət həyata keçirir. Cənablar, siz pensiyaçıların bir həftəlik dolanışığına yetməyən pensiya ilə təmin etməyi sosial rifahın yüksəlişimi hesab edirsiniz?

Məmurların, deputatların əmək haqları pensiyaları əməkçi insanların əmək haqqından pensiyasından 10-15 dəfə artıqdırsa, demək onlar belə danışmalıdırlar. Onlara həmin imtiyazları, səlahiyyəti pulu ona görə verirlər ki, hökumətin yarıtmaz fəaliyyətini müdafiə etsinlər.

Adı Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan qurum isə əhalinin sosial müdafiəsi istiqamətində mövcud olan heç bir problemi həll edə bilmir. Belə olduqda insanlar da düşünür ki, bu qurum ya qarşısına qoyulan vəzifələri yerinə yetirə bilmir, yaxud da istəmir.

Əgər istəyi olsaydı, dünyada bizdən çox kasıb olan ölkələr var ki, orada pensiyaçının yaşamı, heç dövlət məmurunun, yaxud parlament üzvünün yaşamından fərqlənmir. Bizdə isə son 30 ildə elə bir təbəqələşmənin şahidi oluruq ki, belə bir tendensiya dünyanın heç bir yerində müşahidə olunmayıb. Özünün yaşlı əhalisini diqqət qayğıdan məhrum edən dövlət rəsmiləri yadlarından çıxarmasınlar ki, bir vaxt onlarda yaşlanacaq bu gün ac qoyduqlarının ahı onları tutacaq.

Bu dövran gec-tez dəyişəcək, tarixi-zaman da öz sözünü deyəcək. Buna görə , bir düşünün ağalar, düşünün ki, kasıbın ahı heç zaman yerdə qalmır.

Allahu-təalə(CC) buyurur ki, "kasıbları, zəifləri incitməyin, onların sizə gücləri çatmaz, məndən kömək istərlər mən onlara kömək edərəm".

Allahın himayəsi üstümüzdən əskik olmasın!

Yusif Seyid

0.020278930664062