Rusiya Paşinyanı niyə sıxışdırır? - IV yazı
Siracəddin Hacı yazır...
Bu suala cavab vermək üçün Paşinyanın Brüsseldən qayıdandan sonra atdığı addımları sıralamağa ehtiyac var:
- Paşinyan parlamentdə tarixi çıxış etdi. Onun çıxışının əsas tezisləri bunlardır:
1) Ermənistan savaşda məğlub oldu, bizim yenidən savaşmaq imkanımız yoxdur;
2) Beynəlxalq təşkilatlar Qarabağ məsələsinə münasibətimizin dəyişməsini istəyir;
3) Qarabağ məsələsi ilə bağlı iddiamızın dərəcəsini aşağı salmalıyıq, yəni Qarabağ müstəqil olmayacaq, Ermənistana birləşdirilməyəcək;
4) Biz Azərbaycanın tərkibində Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin olunmasına – onlara status verilməsinə çalışacağıq;
5) Azərbaycanla sərhədlərin müəyyən edilməsinə, barış sənədinin imzalanmasına, yolların açılmasına hazırıq;
6) Biz – erməni xalqı qoyun deyilik, taleyimizi, yolumuzu öz iradəmizlə seçməliyik;
7) Biz quzu deyilik ki, kimsə (oxu: Rusiya) bizi istədiyi zaman kəssin, istədiyi zaman bağışlasın;
8) Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır;
9) Rusiya ilə strateji müttəfiq olmağımız Avropa ilə inteqrasiyanın önünü kəsməməlidir;
- Paşinyan Azərbaycanın beş şərtini qəbul etdi, ancaq Ermənistanın şərtlərini də Azərbaycana təqdim etdiklərini açıqladı;
- Bir məsələnin altından xətt çəkmək istəyirəm: Ermənistan Azərbaycanla barış sənədi imzalamaqla Qarabağın statusunu bir-birindən ayırır, deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1992-ci ildə tanımışıq. Ermənistan Qarabağ ermənilərinə status verilməsini milli məsələ sayır, Rusiyanın və Avropanın nəzərdə tutduqları statusun təminatçısı olmasını istəyir, bu məqsədin gerçəkləşməsi üçün çoxyönlü siyasi-diplomatik iş görür;
- Ermənistandakı siyasi qüvvələr arasında Qarabağın statusu ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı bu məsələdədir: Paşinyanın başçılıq etdiyi siyasi güc deyir ki, Qarabağa Azərbaycanın tərkibində status verilməlidir, ona müxalif olanlar isə deyirlər ki, Arsax Azərbaycanın tərkibində ola bilməz;
- Təbii ki, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması yönündə addımların atılması Rusiyanı ciddi narahat edir, o, Qarabağ, Güney Qafqaz əldən gedə bilər qorxusu ilə davranır, məsələnin onun nəzarətindən çıxmaması üçün addımlar atır, xarakterinə, ənənəvi siyasətinə uyğun olaraq qorxutma, sıxışdırma, şiddət siyasəti seçir. Atdığı addımlar bunlardır:
Ardı var...