Rusiya Paşinyanı niyə sıxışdırır? - III yazı
Siracəddin Hacı yazır...
Bu suala cavab vermək üçün Rusiyanın Ukraynanı işğal hərəkatından sonra Qarabağ məsələsi ilə bağlı baş verənləri sıralamağa ehtiyac var:
- Avropa İttifaqı fürsətdən istifadə edərək fəallaşdı, Qarabağ məsələsini Rusiyanın monopoliyasından çıxartmaq imkanının artdığını gördü, güney Qafqaz uğrunda mübarizədə Avropa İttifaqının əlini gücləndirəcək addım atdı, Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin ikinci görüşünü təşkil etdi. Avropa İttifaqı ilk dəfə hədəflərini ümumi biçimdə deyil, bənd-bənd açıqladı: 1) Avropa İttifaqı Güney Qafqazda barış istəyir, Azərbaycanla Ermənistan arasında yeni savaşa qarşıdır – savaş Rusiyanın mövqeyini gücləndirir; 2) Avropa İttifaqı deyir ki, Qarabağın /Arsaxın müstəqilliyi anlayışı qeyri-ciddidir; 3) Qarabağın Ermənistana birləşdirilməsi fikri anlamsızdır – Qarabağın müstəqilliyi, ya da Ermənistana birləşdirilməsi tezisi savaş səbəbidir, bu iki ölçü varsa, müzakirə imkansızdır; 4) Avropa İttifaqı Azərbaycanın Qarabağa status verilməyəcək ölçüsünü də doğru saymır, deyir ki, Qarabağa Azərbaycanın tərkibində status verilməlidir – Azərbaycan və Ermənistan arasındakı ən ciddi fikir ayrılığı statusla bağlıdır; 5) deyir ki, Qarabağ ermənilərinin statusunun təminatçısı Avropa İttifaqı olmalıdır; 6) Azərbaycanla Ermənistan heç bir vasitəçi olmadan – birbaşa görüşməlidir; 7) sərhədlərin hərbsizləşdirilməsi və müəyyən edilməsi üçün birgə komissiya yaradılmalıdır; 8) barış müqaviləsinin mətni hazırlanmalıdır; 9) iki dövlət arasında yollar açılmalıdır; 10) Avropa İttifaqı hərbi gücündən Azərbaycanla Ermənistan sərhədində ayrıcı vasitə kimi – təxribatlara yol verməmək məqsədi ilə istifadə edə bilər; 11) Avropa İttifaqı Azərbaycana və Ermənistana maliyyə yardımı etməyə hazırdır; 12) Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanması işi sürətlənməlidir;
- Türkiyə ilə Ermənistan arasında danışıqlar başladı, ilkin şərt qoyulmadı, təyyarə uçuşları bərpa olundu, Rusiya Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması işini nəzarətdə saxlamaq üçün iki təklif irəli sürdü: a) danışıqlar Rusiyanın vasitəçiliyi ilə gerçəkləşsin; b) görüş yeri hər zaman Moskva olsun; Tərəflər bu təklifləri qəbul etmədilər, bizim vasitəçiyə ehtiyacımız yoxdur dedilər, ilk görüş Moskvada olsa da, sonra Vyana şəhəri seçildi – bir sıra sıxıntılar var, ancaq iki dövlət arasındakı əlaqə davam edir;
Ardı var...
Paralel.az