Sivil dünya avtoritarizmə qarşı...
Ukraynada döyüşür
Allahın yaratdığı sadə insanın fani dünyadakı əməllərinə diqqət yetirəndə adam dəhşətə gəlir. Tanrının yaratdığı ağıllı, zəkalı, dərin düşüncəyə malik insanın həyatında dəhşətli məqamlar o qədər çoxdur ki, saymaqla bitmir.
Daha çox barbarlığın, nəfsin və şəhvəti üstün tutan, dünyanın ən ağıllı əşrəfi insanın əməlləri təkçə onun həyatını deyil, həm də dünyanı dəyişmək gücünə malik olduğunu seyr edirik.
Xülasə, gəlin, diqqətimizi dünyada baş verən insan əməlinin hazırkı pis təzahürləri üzərinə yönəldək. İki ildən çoxdur pandemiya dünyanı çökdürüb və milyonlarla insanın həyatına son qoyub. Üç aya yaxındır Rusiya Ukraynaya hərbi təcavüz edir, insanları məhv edir, körpələr, qocalar zülm çəkir, qaçqın düşürlər. Dünya bu təcavüzü pisləyir və Ukraynaya dəstək verir. Rusiyanın Ukraynaya hərbi təcavüzü istər dini, istər elmi, istərsə də insani baxımdan bəşəri cinayətdir.
Təəssüflə qeyd edim ki, Rusiyanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ən ağır cinayət kimi qiymətləndirilsə də, Rusiyada yaşayan 145 milyon insanın əksəriyyəti bu təcavüzə haqq qazandırır. Lakin dünyada mövcud olan dini və elmi qaydalar belə, Rusiyanın Ukraynada hərbi təcavüzünə vəhşilik kimi baxır.
Bir sözlə, hazırda bütün dünya Rusiyanın hegemonluq uğrunda həyasızcasına apardığı qanlı mübarizəyə tamaşa edir. ABŞ və Avropa Rusiya dövlətinin hərbi təcavüzünə qarşı mübarizənin önündə gedirlər. Özünü dünyəvi demokratik dəyərlərin qarantı, müdafiəçisi hesab edən ABŞ və Avropa dünyada avtoritarizmin dayağı olan Rusiya dövlətini zəyiflətməyə və xalqları azad etməyə çalışır.
Dünyanın hazırkı siyasi xəritəsinə diqqət yetirək: dünyada mövcud olan iki yüzdən çox dövlətin hər birində bu və ya digər formada demokratiya ilə avtoritarizm, nəfsinə qul olan hakimiyyət hərisləri ilə kütlə arasında gərgin, qanlı mübarizə gedir.
Tarix boyu ərazilərimizi hissə-hissə işğal edən Rusiya torpağımızda yaratdığı oyuncaq Ermənistan vasitəsilə müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan dövlətimizə qarşı pis niyyətini hələ də davam etdirir. Ölkəmizin torpaq bütünlüyünün taleyi, məhz Rusiya ilə Ukrayna arasında gedən müharibənin nəticəsindən asılıdır. Müharibə nəticəsində Rusiyanın regionda apardığı işğalçılıq siyasətinin sarsılacağı və işğal altında olan Qarabağın rus-erməni işğalından azad olunmasına müsbət təsir edəcəyinə ümidi artırır.
Azərbaycanın xarici və daxili düşmənləri isə, dünyada və regionda yaranmış durumdan istifadə edərək, çirkin məqsədlərini həyata keçirməyə cəhd edirlər. Ermənistan xarici himayədarlarının maddi və mənəvi yardımına arxalanaraq Azərbaycanın sülh sazişi təklifilə razılaşmaq istəmir.
Azərbaycanda Rusiyanın maraqlarına xidmət edən "5-ci kalon"un üzvləri də hazırda həmişəkindən daha çox fəaldırlar. Dövlətin bütün strukturlarına soxulmuş "rusbaşlar" milləti soymaqla, talamaqla dövlətdən narazı salmaqla məşğuldurlar. Onlar guya, Ukraynadan sonra Rusiyanın Azərbaycanı işğal edəcəyinə ümid bəsləyirlər, xalqı təhdid edir, bahalaşma, rüşvət və korrupsiyaya rəvac verməklə ölkədə dözülməz durum yaradırlar.
Ölkə Prezidentinin xalqın durumunu yaxşılaşdırmaq istiqamətində atdığı addımları, verdiyi sərəncamları və göstərişləri pozmaqla məşğul olan rüşvət və korrupsiya düşkünləri, hətta şəhid ailələrinə qarşı normal münasibət göstərmirlər. İnternet media resurslarında və sosial şəbəkələrdə şəhid ailələrinin və əlillərin yayılmış şikayətlərinə baxılmaması barədə xəbərlər əhalidə ruh düşkünlüyü yaratmağa xidmət edir və ordumuzun döyüş ruhunun sınmasına hesablanıb. Bu da düşmənə xidmət etməyin bir nümunəsidir.
Nadanlar unudurlar ki, Azərbaycan dövləti tarixdə çox ağır imtahanlar verib, uzun zaman işğallara məruz qalıb, zalımlar tərəfindən talan edilərək yerlə - yeksan olub, lakin məhv olmayıb. Düşmənlərin dövlətimizə və xalqımıza qəsd etmələrinə baxmayaraq, hazırda xalqımız dövlətini qorumaq üçün hər cür fədakarlığa hazırdır. Bəzi daxili və xarici düşmənlər torpağımızı işğal, xalqımızı istismar etməklə, ölkəni tam sarsıtdıqlarını və bu yolla məkrli planlarını həyata keçirməyə çalışırlar.
Bu xəyanət planlarını asanlıqla həyata keçirəcəklərini düşünməklə, ciddi səhvə yol verir və yanılırlar. Heç düşünmürlər ki, dünyada bütün qaydalar dəyişir və Azərbaycan dövlətinin də dəyişən dünyanın ən güclü dövlətinə çevriləcəyi gün uzaqda deyil..
Hazırda dünya Ukraynada Rusiya avtoritarizmilə, imperiya xəstəliyinə yoluxmuş təhlükəli bir qüvvə ilə qarşı-qarşıyadır. Bu qarşıdurmada Rusiyanın artıq məğlub olduğu hər kəsə bəllidir. Uzun illər Rusiyanın işğalına məruz qalmış xalq olaraq, Azərbaycan xalqı da bu mübarizədə haqqın yanındadır və haqqın yanında dayananlar heç zaman uduzmur...