Sahibkarların və sakinlərin problemləri dinlənildi 

Sahibkarların və sakinlərin problemləri dinlənildi 
 

 

"Ölkə başçısı, Prezident İlham Əliyevin göstərişinə əsasən hər bir qurum sahibkarlara dəstək olmalı, yerlərdə mövcud problemlərlə yaxından tanış olmalı və bu problemlərin həlli istiqamətində işlər görməlidir".

Paralel.az
xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq mikrofon" aksiyası çərçivəsində Göygöl rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib. Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Hüseyn Şirinov sahibkarlarla sayca 35-ci dəfə təşkil olunan görüşdə onları narahat edən məsələləri rahat şəkildə səsləndirməyə çağırıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Habil Əşrəfov istehlak olunan təbii qaza görə yaranan debitor borcun bir hissəsinin araşdırılmasını, digər məbləği ödəməyə hazır olduğunu, lakin bunun üçün müəyyən müddətdə möhlət verilməsini xahiş edib. Şəhid ailəsi İsmixan Bəxtiyarov ona məxsus obyektin qazlaşdırılması ilə bağlı köməklik edilməsini xahiş edib.

Digər sahibkarlıq subyekti Məmməd Məmmədov asfalt zavodunun yenidən fəaliyyətə başladığı zaman "Azəriqaz" İB-nin üzərinə düşən məsələlərdə lazımi dəstək verildiyinə görə Birlik rəhbərliyinə təşəkkür edib. Bundan əlavə aksiyaya Göygöl rayonunun Qarabulaq, Dozular, Qızılca, Yalqışlaq, Nadil, Sarısu kəndlərindən və Ağdağ qəsəbəsindən üz tutan sakinlər küçə qaz xəttinin çəkilməsi, qapı keçidinin quraşdırılması, fərdi qazlaşma və digər məsələlərlə bağlı müraciət ediblər. Birliyin məsul şəxsləri daxil olan bütün müraciətlərlə bağlı yerindəcə izahat veriblər.
Aksiyada Birliklə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə Göygöl rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.

0.041096925735474